AZ

Vətən müharibəsi iştirakçıları Türkiyədə siyasi partiya rəsmiləri ilə görüşüblər

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı hakim Ədalət və İnkişaf Partiyasında (AK Parti) və Milliyyətçi Hərəkat Partiyasında (MHP) olub.

Herbiand.az xəbər verir ki, azərbaycanlı qazilər əvvəlcə AK Partiya sədrinin müavini Belgin Uyğur ilə görüşüblər.

Qonaqları AK Partiyada görməkdən məmnun olduğunu ifadə edən Belgin Uyğur Vətən müharibəsində olduğu kimi, bundan sonra da Türkiyənin hər zaman Azərbaycan dövlətinin yanında olacağını bildirib. Dünyada Azərbaycan və Türkiyə kimi bir-birinin yanında yer alan, müttəfiqlik nümayiş etdirən ölkələrin nadir olduğunu vurğulayıb. O, Azərbaycanın və Türkiyənin "Bir millət, iki dövlət" anlayışına sadiqlik nümayiş etdirdiyini vurğulayıb, bu cür görüşlərin dövlətlər arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətinə toxunub.

Türkiyənin Azərbaycanla qardaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan AK Partiya sədrinin müavini əlavə edib: “Bu coğrafiyada güclü Azərbaycan və Türkiyə, onların birliyi, bərabərliyi, bir-birinə olan dəstəyi çox önəmlidir”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: “İstər 44 günlük Vətən müharibəsində, istərsə də ondan sonra keçirilən əməliyyatlarda Türkiyə Azərbaycanın haqlı mövqeyini ən yüksək səviyyədə dəstəkləyib. Türkiyə Afrikada, Yaxın Şərqdə apardığı əməliyyatlarla, Azərbaycan da Ermənistanı 44 gündə məğlub etməsi ilə sübut etdi ki, dünyada hərb sənətini ən yaxşı türklər bacarır".

Vətən müharibəsi iştirakçıları sonra Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini Kamil Aydın ilə görüşüblər. Kamil Aydın Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin onları sevindiryini bildirib. O, qardaşlıq bağlarının möhkəmləndirilməsi üçün bu cür qarşılıqlı səfərlərin vacibliyinə diqqət çəkib, MHP-nin qardaş dövlətin yanında olduğunu bildirib.

Partiya sədrinin müavini Azərbaycanın Qarabağdakı şanlı Zəfərinin Türk dövlətlərinin münasibətlərini daha da inkişaf etdirdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması, Turan birliyinin qurulması Qarabağda qazanılan Qələbədən sonra birmənalı olaraq gündəmə gəlib. O əlavə edib ki, türkəsilli dövlətlər bir qurumda - Türk Dövlətləri Təşkilatında birləşiblər və hər keçən il bu əlaqələr daha da inkişaf edir.

MHP-yə Vətən müharibəsində və sonrakı proseslərdə Azərbaycanın yanında olduğu üçün minnətdarlığını bildirən Emin Həsənli onların dəstəyinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
18
herbiand.az

10Mənbələr