Türkiyədə müxalifətdə olan xanım siyasətçi Meral Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməyəcəyini açıqlayıb.
Yenicag.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Meral Akşener 18 iyul 1956-cı ildə İzmit Kocaelidə anadan olub.
Meral Akşener 1974-cü ildə Bursa Qız Müəllim Liseyini bitirib. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündən məzun olub. Müəllim kimi çalışan Meral Akşener 1982-ci ildə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda doktorantura və magistratura pilləsini bitirib. Kocaeli Universitetində İnqilab tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. 1995-ci ildə Doğru Yol Partiyasının (DYP) Qadın təşkilatının sədri olan Meral Akşener 1995-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində ilk dəfə DYP Kocaeli millət vəkili olaraq parlamentə daxil olub.
O, 1996-cı il iyunun 28-də Necmettin Erbakanın rəhbərlik etdiyi koalisyon hökumətdə daxili işlər naziri vəzifəsinə başlayıb. Türkiyə tarixində ilk qadın daxili işlər naziri olan Meral Akşener 1999-cu ildə Türkiyədə keçirilən ümumi seçkilərdə DYP İstanbul millət vəkili olaraq yenidən parlamentə daxil olub.
2001-ci il iyulun 4-də Doğru Yol Partiyasından istefa verən Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi quruma qoşulan Meral Akşener 2001-ci ildə Milliyyətçi Hərəkat Partiyasına üzv olub. O, 2007-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə MHP İstanbul millət vəkili olaraq parlamentə daxil olub. 2016-cı ilin sentyabrında MHP-dən xaric edilən Meral Akşener 25 oktyabr 2017-ci ildə İYİ Partiyasını qurmuşdu.
24 iyun 2018-ci ildə keçirilən prezident və parlament seçkiləri zamanı o, Türkiyə siyasi tarixində millətin imzası ilə birbaşa prezidentliyə namizəd kimi irəli sürülən ilk və yeganə qadın oldu.
Meral Akşener ailəlidir, 1 övladı var.