AZ

Demokratiya bayrağı altında mürtəce siyasət: Azərbaycanla bacarmayan Qərb Gürcüstanı hədəfə alıb - FOTO

2020-ci ildə 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildəki antiterror əməliyyatından sonra ABŞ və Fransa başda olmaqla, Qərb ölkələri tərəfindən Cənubi Qafqaza təsir göstərmək, regionda nüfuz qazanmaq cəhdləri növbəti dəfə uğursuzluqla nəticələnəcək.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Ukrayna müharibəsindən sonra Avropanın enerji bazarında aparıcı yer tutması, bir sıra beynəlxalq tədbirlər, eləcə də COP29-a ev sahibliyi hüququnu əldə etməsi bu ölkəni regionun güclü dövlətinə çevirdi. Cənubi Qafqaz regionunda Türkiyə, Rusiya, İran və Gürcüstanla ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf dinamikası, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın ildən-ilə güclənməsi ölkəmizə nəinki regional, həm də beynəlxalq nüfuz qazandırıb.

Bütün bunlara baxmayaraq, dünyanın istənilən nöqtəsinə siyasi böhran, dövlət çevrilişləri və müharibələr ixrac edən Qərb ölkələri Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığa adekvat davranış nümayiş etdirməkdə çətinlik çəkməyə başladı. Faktiki olaraq Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında elə bir ciddi əngəl qalmadığı bir zamanda Qərbin proseslərə qızışdırıcı mövqedən yanaşması, o cümlədən rəsmi Yerevanın qeyri-sabit və pozucu mövqe sərgiləməsi bu qəbildəndir. Lakin Qərb başa düşdü ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Azərbaycan istəməyəcəyi təqdirdə, bu regionda ayaq aça bilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermədiyindən ABŞ və Fransa başda olmaqla, Qərbin təxribatçı addımlardan da geri çəkildiyi müşahidə olunur.

Hazırkı hədəf isə Gürcüstandır. 2004-cü ildə Saakaşvilini, 2022-ci ildə Zelenskini Rusiya ilə faktiki düşmənə çevirən Qərb yenidən Tbilisiyə "qarmaq atıb". 2008-ci ildəki təxribat nəticəsində ərazi bütövlüyü pozulan Gürcüstana qarşı bu dəfə hansı mənfur planın hazırlandığı məlumdur. Qərb ölkələri qədim Roma atalar misalı - Məqsəd vasitəyə haqq qazandırır - deyimini əsas tutaraq regionda çaxnaşma salmaq istəyir.

Bu təxribat hələ ki “Xarici agentlər” yaxud, “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ehtimalı ətrafında meydana çıxır. Maraqlısı odur ki, 1930-cu illərdə eyni adlı qanunu təsdiqləyən Qərb rəsmi Tbilisini bu sənədin qəbuluna görə tənqid edir. Gürcüstan hökuməti öz mövqeyində haqlıdır. Çünki bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür. Ancaq 2004-cü ildən fərqli olaraq, gürcü xalqı bu dəfə təhlükəni görür və avantüraya getmir. Hazırda gürcü cəmiyyətinin müqaviməti Qərbin regiondan çıxarılması prosesinin təzahürüdür.

Hazırda prezident və baş nazir arasında ziddiyyətlərin mövcud olduğu hakimiyyət bu məsələdə ehtiyatlı olmalı, xalqın səsinə qulaq asmalıdır. Qərbin burada öz maraqları var. Amma maraqlısı isə odur ki, bölgədə Rusiya amili nəzərə alınmalıdır. Rusiya Qərbin Gürcüstanda çevriliş səhnəsini görsə, onu heç kim və heç nə saxlaya bilməz. Gürcüstan hakimiyyəti xalqın taleyini riskə ata bilməz.

Gürcüstanda hələ 2004-cü ildən güclü şəbəkə quran Qərb burada 25 minə yaxın QHT-nin böyük hissəsini maliyyələşdirir və öz iradəsinə uyğun idarə edir. Azərbaycan, Gürcüstan və Ermənistanda öz qrantları ilə 30 ildir ki, iyrənc planlar həyata keçirən, pulla satın aldıqları vətəndaş cəmiyyəti üzvlərini sağa-sola oynadan, ifşa olunduqları təqdirdə isə bunu guya söz azadlığının pozulması kimi qələmə verən Qərb demokratiya bayrağı altında Cənubi Qafqazda mürtəce siyasətini genişləndirə bilməyəcək. Hələ də gec deyil. Həm Ermənistan, həm də Gürcüstan hakimiyyəti anlamalıdır ki, hazırda regionun lider dövləti sayılan Azərbaycanın hərbi uğurlarını və uzaqgörən diplomatiyasını örnək saymaqla, Qərbin istənilən oyununa getməmək mümkündür.

“Report” İnformasiya Agentliyi

Seçilən
374
4
oxu.az

10Mənbələr