2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı üzrə məşqlər keçirilib.
Herbiand.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizdə səfərdə olan Gürcüstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti döyüş hazırlığı məşqlərini izləyib.
Əvvəlcə hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tədris dövrü ərzində, xüsusilə azad edilmiş ərazilərdə, hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkilinə dair tələb və göstərişləri çatdırılıb.
Döyüş hazırlığı məşqlərinə cəlb edilən hərbi polis bölmələri nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, hərbi obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi barədə təlimatlandırılıb. Sonra həyəcan siqnalı ilə qaldırılan şəxsi heyət kolonla təyin edilmiş məntəqələrə doğru hərəkət edib.
Təlimin planına əsasən, terrorçuların zərərsizləşdirilməsi və əsir götürülmüş mülki vətəndaşların azad edilməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
Təlim zamanı əsas diqqət döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, əsir və girovların azad edilməsi, həmçinin hərbi əsirlərlə davranış zamanı fəaliyyətlərin Cenevrə Konvensiyalarının tələblərinə uyğun təkmilləşdirilməsinə yönəldilib. Sonda döyüş hazırlığı məşqlərində fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.