Mayın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin rəhbərlik etdiyi nümayəndə heyətini ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə qardaş Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, münasibətlərin əsasında xalqları birləşdirən ortaq dil, tarix, din və milli-mənəvi dəyərlərin dayandığı vurğulanıb. Gələcək əməkdaşlıqlara və həmrəyliyə təkan verən, Şuşa Bəyannaməsi ilə taclandırılan və xalqlarımızı birləşdirən strateji münasibətlərin Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafın təmin edilməsində əsas amil olduğu, Azərbaycan və Türkiyə əməkdaşlığı nəticəsində regional və qlobal ölçülü layihələrin həyata keçirildiyi qeyd edilib.
Naziri müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. O, Azərbaycan Türkiyə əməkdaşlığının dünyada bənzəri olmayan münasibətlər olduğunu, hər iki ölkə rəhbərinin siyasi iradəsi nəticəsində hazırda bu əlaqələrin ən yüksək tarixi zirvəyə çatdığını vurğulayıb. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu, bütün sahələrdə qarşılıqlı dəstək göstərildiyi qeyd edilərək, Azərbaycanın şanlı Qələbəsinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Ceyhun Bayramov, həmçinin təhsil sahəsində iki ölkə arasında mövcud əməkdaşlığın Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə daha da gücləndiriləcəyinə əmin olduğunu qeyd edib.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.