AZ

Elm və təhsilAzərbaycanın Tbilisidəki səfiri bilik olimpiadasında yüksək nəticə əldə etmiş soydaşlarla görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev 26-28 may tarixlərində Bakıda keçirilmiş I Türk İnteqrasiya Olimpiadasında yüksək nəticə əldə etmiş Gürcüstan vətəndaşı olan məktəbli soydaşlarla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

“Cari ilin 3 iyun tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev 26-28 may tarixlərində Bakı şəhərində keçirilmiş I Türk İnteqrasiya Olimpiadasında iştirak edərək 2 gümüş və 4 bürünc medal qazanmış Gürcüstan vətəndaşı olan məktəbli soydaşlarımızla görüşmüşdür”, – mətbuat xidməti qeyd edib.

Bildirilib ki, görüş zamanı “məktəbli soydaşlarımızı salamlayan səfir onları əldə etdikləri nailiyyət münasibətilə təbrik etmiş, onlara gələcək təhsil həyatlarında uğurlar arzu etmişdir”:

“Gürcüstandakı soydaşlarımızla bağlı məsələlərin hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətində olduğu vurğulanmış, xüsusilə Gürcüstandakı gənc soydaşlarımızın təhsilinə dair ümummilli lider Heydər Əliyev tərəfindən atılmış əməli addımların bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi olimpiada mükafatçılarının diqqətinə çatdırılmışdır”.

Qeyd olunub ki, “Gürcüstandakı icma təşkilatları nəzdində fəaliyyət göstərən təhsil mərkəzlərinin gənc soydaşlarımızın təhsili ilə bağlı icra etdikləri layihələrin əhəmiyyəti barədə söz açan F.Quliyev bu sahədə görülən işlərin yüksək qiymətləndirildiyini qeyd etmişdir”:

“Soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə hər zaman dəstək verməyə hazır olduğunu bildirən diplomat, bu istiqamətdə icra olunmuş və icrası davam edən layihələr barədə məktəbli soydaşlarımıza məlumat vermişdir”.

Səfirin çıxışından sonra “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova sözügedən bilik yarışmasının “önəmini qeyd edərək şagirdlərin orada qazanmış olduqları dostluq münasibətləri və təcrübədən” danışıb.

“Olimpiadada gümüş medal qazanmış Simar Bayramov və Şarabanu Nənəcənova, həmçinin olimpiadanın bürünc medal mükafatçıları Nəzrin Qəmbərli, Zəhra Əliyeva, Mürsəl Xıdırov və Zenfira Mamedova bilik yarışı barədə təəssüratları ilə bölüşmüş və gələcək təhsil planları barədə bəhs etmişlər”, – mətbuat xidməti bildirib.

Səfirlik vurğulayıb ki, ümumilikdə 8 ölkədən olan 78 şagirdin qatıldığı olimpiadanın final turunda 56 iştirakçı müxtəlif medal və diplomlarla təltif edilib: “Gürcüstanın Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Rustavi rayonlarından və Tbilisi şəhərindən olan ümumilikdə altı məktəbli soydaşımız Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, eləcə də “Soydaş” İctimai Birliyinin dəstəyi və “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü ilə sözügedən olimpiadaya qatılıblar”.

Seçilən
163
4
far.az

10Mənbələr