AZ

Makron siyasətdən silinir- 7 iyulda ikinci zərbəni alacaq, 2027-də isə...

Image

Turab Rzayev: “Makron üçüncü dəfə seçilmək istəyini ortaya qoyur”

Fransa prezidenti Emmanuel Makron ölkəsində keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçıların böyük fərqlə birinci olmasından sonra parlamenti buraxdığını və növbədənkənar seçkilər keçiriləcəyini açıqlayıb.

Makron bu qərarını dünən axşam sosial mediada yayımlanan beş dəqiqəlik video çıxışı ilə bəyan edib.

O, video-müraciətində bunları deyib:

"Konstitusiyamızın 12-ci maddəsində nəzərdə tutulmuş məsləhətləşmələrdən sonra mən seçkilər keçirməklə gələcək parlamenti müəyyənləşdirmək hüququnu sizə qaytarmaq qərarına gəldim. Ona görə də bu gün axşam saatlarından etibarən parlamenti buraxıram".

Bəyanat onun partiyasının Avropa seçkilərində ağır məğlubiyyətə uğramasından təxminən bir saat sonra verilib. Qeyd edək ki, Fransada keçirilən Avropa Parlamentinə seçkilərdə müxalifətdə olan Milli Birlik Partiyası 31.5%, iqtidar partiyası isə 15,2% səs alıb. Parisdə toplaşan tərəfdarları qarşısında qələbə nitqində Milli Birlik Partiyasının sədri Jordan Bardella Makronu parlamenti buraxmağa və erkən seçkilərə çağırmağa çağırıb:

"Prezident fransız xalqının bu axşam göndərdiyi mesaja qulaq asmaya bilməz. İlk növbədə həyata keçirdiyi siyasətlərdən əl çəkməlidir: xüsusilə də pensiyaların artan inflyasiya səviyyəsinə indeksləşdirilməməsi, 2009-cu ildən başlayaraq artan enerji qiymətləri siyasətindən”. 

Bardella tərəfdarları qarşısında çıxışında daha sonra  bildirib: “Biz ondan ciddi şəkildə xahiş edirik ki, bu yeni siyasi vəziyyəti nəzərə alsın, Fransa xalqının yanında olsun və yeni parlament seçkiləri keçirsin. Mövcud hökumətin bu misli görünməmiş məğlubiyyəti bir dövrün sonunu və qurulması bizim əlimizdə olan post-Makron dövrünün ilk gününü göstərir”.

Makron isə ona cavabında bildirib ki, millətçilərin və demaqoqların yüksəlişi təkcə Fransa xalqı üçün deyil, həm də bu ölkənin Avropa və dünyadakı yeri üçün təhlükə yaradır:

"Ultra sağçı qüvvələrin hakimiyyətə gəlməsi həm fransız xalqının yoxsullaşması, həm də ölkəmizin dağılması deməkdir. Buna görə də günün sonunda heç nə olmamış kimi davrana bilmərəm".

Makronun bu qərarından sonra Fransada növbədənkənar seçkilərin ilk turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək. Fransa prezidenti bu seçkilərin xalqın qurulacaq yeni hökumət barədə "ciddi və sanballı qərarı" və "etimad aktı" olacağını bildirib.

Fransada növbəti parlament seçkiləri əslində 2027-ci ilin ortalarında keçirilməli idi. Makronun növbədənkənar seçkilərə getmək məcburiyyətində qalması Avropada yeni dönəmin başlaması deməkdir.

İndiki qüvvələr nisbəti şəraitində Makronu 30 iyun və 7 iyul seçkilərində nələr gözləyir? Ümumən Makron Parlamenti itirə bilərmi və itirsə 2027- ci ilin prezident seçkiləri nə ilə nəticələnə bilər?

Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Makron Fransa siyasətində kifayət qədər ambisiyalı prezident kimi yadda qaldı: “O, guya Fransa üçün yeni bir hədəf müəyyən edib və bu hədəfə doğru irəliləməkdədir. Ona görə də, prezidentlik müddətinin uzadılmasını tələb edir. Bunu daha əvvəllər də gündəmə gətirmişdilər. Hətta bir dəfə gündəmə gətirdilər ki, Makron üçün limit olmasın. Makron üçüncü dəfə seçilsin. Bu da Fransa konistitusiyasına ziddir. Ona görə də, fərqli üsullarla, fərqli siyasi gedişlərlə çalışırlar ki, Makronun siyasi fəaliyyətini uzatsınlar. Dəfələrlə Makrona yaxın olan siyasi partiya rəhbərləri açıq şəkildə bildiriblər ki, Fransa  vətəndaşı istəyərsə, hər hansı şəxsi üçüncü dəfə seçə bilər.  Makrona yaxın digər siyasi partiya rəhbərləri, siyasi liderlər bildirdilər ki, Makron indi siyasətdən getsə belə, tamamilə getməyəcək. Üçüncü dəfə yenə gələcək. Ən azından, ortada bir seçki buraxıb yenidən qayıda bilər. Belə iddialar da var. Ona görə də, Makron bundan əvvəl də öz siyasi partiyasında dəyişiklik etdi. Baş nazir və parlamentdə partiya seçimində də dəyişikliklər oldu. Onun məqsədi də özünə daha loyal kadrlar seçmək idi. İndi böyük ehtimal, parlament seçkilərinin arxasında duran səbəb də öz siyasi gücünü daha da artırmaq və siyasi mövqeyini gücləndirməkdən ibarətdir. Daha sonra istədiyi dəyişiklikləri edəcək. O, partiyada özünə yaxın şəxsləri yenə vəzifəyə çəkərək, öz siyasi fəaliyyət planını uzatmağa çalışır. Əslində Makronu faktiki olaraq daha əvvəllər də digər avtoritar ölkələr demokratik olmamaqda, diktatorluğa meyl etməkdə ittiham edirdilər. Bu addımı atmaqla qaydaları pozmuş və ittihamaları haqlı çıxarmış olur. Eyni zamanda üçüncü dəfə seçilmək istəyini ortaya qoyur”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
50
baki-xeber.com

10Mənbələr