AZ

Ermənistanın ABŞ ilə Strateji Dialoqu: güclərin yeni qarşıdurma mənbəyi - ŞƏRH

Tarix xarici müdaxilənin Cənubi Qafqaza həmişə fəlakət gətirdiyini xatırladır.

Çar Rusiyası, keçmiş SSRİ-nin törətdiyi cinayətlərin izləri hələ də silinməyib. XX əsrin əvvəlində Böyük Britaniya, Fransa və başqalarının regiondakı tərəfli, qərəzli əməlləri də tarixdə qalır.

Müttəfiq respublikalar sovetlər dağıldıqdan sonra müstəqilliklərini bərpa etdilər. Ardınca da Cənubi Qafqazda güclərin marağı artdı. Ancaq burada onlar ənənəvi güc, Rusiyanın müqaviməti ilə üzləşdilər. Həmin maraqların toqquşması səbəbindən Azərbaycan torpaqları işğal olundu və 30 ilə yaxın bu vəziyyət saxlanıldı. Gürcüstanın ərazi bütövlüyü pozuldu - Abxaziya və Cənubi Osetiya Moskvanın himayədarlığı ilə “müstəqilliklərini” “elan etdilər”.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə güclərin regiona yanaşmasında yenidən aktivlik müşahidə olunur.

Bu dəfə regionda nüfuz dairəsi uğrunda mübarizə əsasən, Böyük Britaniya, ABŞ, Avropa İttifaqı, Rusiya arasında davam edir. Prosesə zəif də olsa İran, Çin və Hindistan da qatılır.

Azərbaycan, Gürcüstan və Ermənistana güclərin toqquşan maraqlarından ziyan dəyir. Ona görə də bir çox hallarda onlarla müxtəlif sahələrdə əməkdaşlıq etməyə çalışır. Məsələn, Avropa İttifaqının “Şərq tərəfdaşlığ”ı proqramında, NATO-nun sülhməramlı layihələrində iştirak edirlər.
40f0643f-88c9-3176-b293-3fd864ed.jpg

Bundan başqa 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-də müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanıb.

Hər iki sənəddə regionun təhlükəsizliyi və ərazi bütövlüyü, suverenliklərin qorunması, terrora və başqa transmilli cinayətlərə qarşı mübarizə, bir-birinin daxili işlərinə müdaxilə etməməyə dair maddələr var. Odur ki, Azərbaycanın imzaladığı hər iki sənəd əvvəlki müdaxilə dövrlərində baş verən hadisələrdən fərqli bir yanaşmaya xidmət edir. Onda güclərin əsas, hədəfi işğal müstəmləkə ərazilərinin genişləndirmək, habelə Bakı neftinə nəzarəti ələ keçirmək olub. İndi isə bərabərhüquqlu əməkdaşlığa dair müqavilələr imzalanır.

Ermənistan da müxtəlif beynəlxalq birliklərin üzvüdür. Bu istiqamətdə müqavilələr də imzalayıb. Ancaq iyunun 11-də İrəvanda ABŞ-Ermənistan Strateji Dialoquna dari yekun iclasın keçirilməsi “bunun regiona nə faydası” sualının yaranmasına səbəb olub.

Çünki Ermənistan bölgədə ənənəvi olaraq xidmətçi olub və bu fəaliyyətindən də bölgə əhalisi çox ziyan görüb. Ermənilərin xidməti nəticəsində qaçqınlıq, soyqırımı, yurd-yuvaların dağılması, saxtakarlıq və s. hadisələr baş verib.
77ad7346-b799-380b-ac77-820311f5.jpg

Məlumata görə, ABŞ və Ermənistan ikitərəfli dialoqun statusunu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu barədə iki ölkə arasında iyunun 11-də İrəvanda keçirilən Strateji Dialoq görüşünün yekunları üzrə dərc olunmuş birgə bəyanatda qeyd olunub. Sənədə əsasən, İrəvan və Vaşinqton görüş zamanı gələn il əlaqələri dərinləşdirmək, ikitərəfli dialoqun statusunun Strateji Tərəfdaşlıq Komissiyası səviyyəsinə yüksəldilməsi, anlaşma memorandumu formasında formalaşdırılacaq baxışı müəyyən ediblər.

Bundan başqa tərəflər Ermənistanın Avroatlantika institutları və Qərblə daha sıx əməkdaşlıq etmək istəyini qeyd ediblər. Ştatlar həmçinin 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Ermənistanın suverenliyi, müstəqilliyi, demokratiyası və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.

Bəyanatda vurğulanıb: ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) ədalətli və davamlı sülh yolu ilə regional ticarəti, əlaqəni təşviq etmək və gücləndirməklə Ermənistanın “Sülh kəsişməsi” baxışını, nəqliyyat strategiyasının hazırlanmasında onu dəstəkləməyə sadiqdir. Bu sülh bütün regionun potensialını açacaq və regiondakı bütün insanlara əhəmiyyətli faydalar gətirəcək”.

Bu sənəddə daha çox ABŞ-nin Ermənistana himayədarlığı nəzərdə tutulub. Rəsmi İrəvanın bu istiqamətdə fəaliyyəti ilə ilk baxışda ölkəsinin inkişafı, daha güclü arxa, dayaq əldə etməyə cəhd göstərir.

Ancaq əsas suallardan biri budur ki, Rusiya bu əməkdaşlığa necə baxacaq? Çünki 1997-ci il avqustun 29-da Rusiya ilə Ermənistan arasında “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi”, 2000-ci il oktyabrın 5-də isə iki ölkə arasında 21-ci əsrdə müttəfiqlik qarşılığı haqqında bəyannamə də imzalanıb.

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryanın 2000-ci il sentyabrın 26-da Moskvada imzaladığı bu sənədin sonuncu, 15-ci maddəsində vurğulanıb ki, XXI əsr hər iki ölkənin xalqları üçün müttəfiqlik əlaqələrinin geniş perspektivi, bütün sahələrdə əlaqələrin hərtərəfli inkişafı maraqlarına uyğun olaraq intensiv şəkildə dərinləşdirilməsi, milli iqtisadiyyat və mədəniyyətin inkişafı, Qafqaz regionunda və bütün dünyada davamlı sülhün, sabitliyin, təminatlı təhlükəsizliyin təmin edilməsi imkanları açır.
81210487-873b-30be-838e-fe65390d.jpg

Bu baxımdan ABŞ və Rusiyanın Ermənistan üçün strateji müttəfiqliyinin bir yerdə mövcudluğu mümkünsüzdür. Çünki Moskva və Vaşinqtonun regional marağı toqquşur. Bu isə onların həm də Ermənistanı özününkü olaraq görməsi, öz nüfuz dairəsində saxladığı deməkdir. Rusiyanın Ermənistanda hərbi bazaları var.

Belə bir şəraitdə ABŞ ilə Ermənistan hərbçiləri arasında təmaslar, Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) proqramı vasitəsilə peşəkar hərbi təhsil imkanları, eləcə də Ermənistan ordusu arasında tərəfdaşlıqlar vasitəsilə bu təşəbbüsləri dəstəkləməkdə davam etdirəcəkləri təzadlıdır.

Aprelin 4-dən Ermənistanda keşiş Baqrat Qalstanyanın liderliyi, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın “boz kardinallığı” ilə “Tavuş uğrunda Vətən” hərəkat yürüş və mitinqlər keçirir. Bu qüvvələrin Rusiyayönümlü olduğu da gizli, məxfi hal deyil. İyunun 12-də isə baş nazir Nikol Paşinyanın istefasını tələb edən bu hərəkatın üzvlərinə Ermənistan Milli Təhlükəsizlik Xidməti anti-konstitusiya əməlləri zərərsizləşdirəcəkləri barədə xəbərdarlıq edib. ABŞ-a doğru bəhs etdiyimiz məsələlər istiqamətində addım atan rəsmi İrəvan bununla həm də Rusiyanın perspektivdə atacağı addıma verəcəyi cavabı nümayiş etdirir.

Beləliklə, Ermənistanın Fransa, Rusiya ilə əməkdaşlığı kimi ABŞ ilə də dialoqu Cənubi Qafqaza yeni problemlər yarada bilər.

Sədrəddin İsmayılov,
Report

Seçilən
132
50
musavat.com

10Mənbələr