AZ

Gərginlik artır: İrəvan-Moskva arasında çatlar dərinləşir 

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Paşinyanın bu fikrinə cavab olaraq qeyd edib ki, Kreml Ermənistanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq. 

Bundan başqa, baş nazir Nikol Paşinyanın bəyanatları ilə əlaqədar olaraq təşkilat açıqlamasında "Ermənistanın KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, ölkə təşkilatın tamhüquqlu üzvü olaraq qalır", deyə vurğulayıb.

Maraqlıdır ki, Ermənistanın KTMT-dən çıxması Rusiya ilə münasibətlərinə necə təsir edə bilər?

Tural İsmayılov: Rusiya-Ermənistan arasında iqtisadi təlatümlər yaşana bilər

Politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, rəsmi İrəvanın KTMT-ni tərk etməsi xüsusilə Ermənistan və Rusiya arasındakı çatları daha da dərinləşdirəcək. Nəticədə iki ölkə arasındakı siyasi gərginliyin daha da artması gözləniləndir. 

Onun sözlərinə görə, bütün hallarda Paşinyan hakimiyyəti iqtisadi baxımdan Rusiyadan tamamilə qopmasının mümkün olmadığını anlayır. Bir tərəfdən Avropa İttifaqının Ermənistana müəyyən mövzularda dəstək vədləri var, digər tərəfdən isə ABŞ Ermənistanla gömrüyün sadələşdirilməsi ilə bağlı müqavilə imzalayaraq gələcək iqtisadi əməkdaşlığın anonsunu verib:

"Ermənistanın KTMT ilə bağlı nifrət mövqeyi var. Paşinyan hələ hakimiyyətə gəlmədən öncə, müxalifətdə olduğu dövrdə də Ermənistanla KTMT arasında münasibətlərin gərginləşəcəyinin anonsunu verirdi. Çünki Paşinyan və komandası sorosçular, Qərb mərkəzli siyasətçilərdir və onlar Rusiyanın patronajlığı altında hansısa hərbi birləşmənin Ermənistanın suverenliyi üçün təhlükə olduğunu dərk edirlər. Ermənistanın ərazisindəki hərbi bazanı ölkədən çıxartmaq mümkün olmasa da, ən azından KTMT ilə körpüləri tamamilə yandırmağa imkan var. Ümumilikdə Rusiya-Ermənistan münasibətlərinin gələcəyində hansısa hərbi-siyasi qarşıdurmadan daha çox, iqtisadi təlatümlərin yaşanması gözlənilir".

İlyas Hüseynov: Qərbin Ermənistana silah verəcəyi real görünmür

Siyasi şərhçi İlyas Hüseynovun Bakıvaxtı.az-a açıqlamasına görə, Ermənistanın arxasında duran havadarlar Paşinyan və onun komandasından rəsmi İrəvanın KTMT-dən çıxmasını tələb edirlər. Ona görə də Ermənistan Rusiyanın hərbi-siyasi inteqrasiya platformasını tərk edir.

Siyasi şərhçi hesab edir ki, Ermənistan bu addımla təhlükəsizlik zəmanətləri qazanır və Qərb silahlarına əlçatanlığı təmin edir. Lakin Qərbin Ermənistana silah verəcəyi real görünmür:

"Paşinyan yeni reallıqlar fonunda KTMT ilə münasibətləri dondurmaq niyyətində olsa da, KTMT-nin Nizamnaməsində fəaliyyətin dondurulmasına dair heç bir fikir yoxdur. Ermənistan hesab edir ki, KTMT-nin bütün iclaslarına qatılmamaq, təlim və seminarlarda iştirak etməmək münasibətləri dondurmaq anlamını verir. Hətta Ermənistan KTMT-də iştirak üçün nəzərdə tutulan rüsumu ödəməyəcəyini açıqlayıb. Bu isə avtomatik olaraq, KTMT büdcəsinə bir zərbə vurmaqdır. Ermənistanın bu açıqlamasında siyasi məzmun da öz əksini tapır. Ermənistan KTMT rəhbərliyinin, xüsusən də Rusiyanın münasibətləri sonlandırmasına can atır". 

Qeyd edək ki, KTMT hökumətlərarası hərbi ittifaqdır. Ermənistan təşkilatın yarandığı 1992-ci ildən KTMT-nin üzvüdür.

Gülşən Şərif

Seçilən
238
50
bakivaxti.az

10Mənbələr