İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat kampaniyasında əsas mübarizə islahatçıların nümayəndəsi, Azərbaycan əsilli deputat Məsud Pezeşkian ilə mühafizəkar namizəd, xarici işlər nazirinin keçmiş müavini Səid Cəlili arasında gedir.
Senzor.az haqqin.az-a istinadən bildirir ki, Tehranın keçmiş meri, parlamentin spikeri, İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin favoriti Məhəmməd Bağer Qalibaf seçki kampaniyasının əvvəlində potensial qalib hesab edilsə də, sorğulara görə üçüncü yeri tutur.
Son sorğulara görə, Pezeşkianın reytinqi xeyli artıb və o, Cəlili və Qalibafı geridə qoya bilib. Bir sorğuya görə, seçicilərin 24,4 faizi ona səs verməyə hazırdır.
Onu, bir qədər geridə qalan Səid Cəlili izləyir və respondentlərin 24 faizi onu dəstəkləyir. İlk üçlüyü bağlayan Qalibafın reytinqi 14,7 faizdir.
Pezeşkianın reytinqinin sürətlə artmasından narahat olan mühafizəkar dairələr sosial şəbəkələrdə və mediada ona qarşı aktiv kampaniyaya başlayıblar. Pezeşkian “pantürkist” kimi təqdim edilir və onun köhnə çıxışlarının videoları yayılır.
Lakin Məsud Pezeşkian seçki kampaniyası zamanı Azərbaycan əsilli olması ilə fəxr etdiyini bildirib. O, bir neçə gün əvvəl Tehran vilayətinin Vəramin rayonunda çıxışı zamanı “Yaşasın Azərbaycan!” şüarını səsləndirərək, şair Şəhriyardan sitat gətirib və tərəfdarlarına “Bir-birinizdən ayrılmayın” çağırışı edib.
Parlamentdə 50 deputatla təmsil olunan mühafizəkarlarla əlaqəli Müqavimət Cəbhəsi hərəkatı bu seçkilərdə Səid Cəlilinin namizədliyini dəstəklədiyini bildirib. Bu hərəkat İranda rejimə qarşı etirazların sərt şəkildə yatırılmasını, nüvə proqramı ilə bağlı Qərblə razılaşmaya gedilməsini və hicab geyinmə qaydalarının yumşaldılmasını müdafiə edir.
Sonda Azərbaycan əsilli namizədlə bağlı daha bir neçə məqamı xatırladırıq. M.Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində anadan olub.
O, orta məktəbi doğma şəhərində bitirib, sonra Urmiya Kənd Təsərrüfatı Kollecində qida sənayesi üzrə təhsil alıb.
1973-cü ildə Sistan və Bəlucistan əyalətində hərbi xidmətdə olan azərbaycanlı siyasətçi 1975-ci ildə eksperimental elmlər sahəsində yenidən təhsilə başlayıb. 1976-cı ildə isə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirərək, Tibb Universitetində fiziologiya müəllimi kimi dərs deyib.
1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisasını başa vurub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisas alaraq, Təbrizin Şəhid Mədəni Ürək Xəstəxanasında işə başlayıb, sonra həmin xəstəxananın rəisi olub.
O, Məhəmməd Xatəminin prezidentliyi dövründə səhiyyə nazirinin müavini, səhiyyə naziri vəzifəsində çalışıb.
Məsud Pezeşkian İranın 8, 9, 10, 11 və bu il keçirilən 12-ci dövr parlament seçkilərində qalib gəlib, Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkili olub.
Azərbaycanlı siyasətçi müxtəlif dövrlərdə İran parlamentinin Səhiyyə Komissiyasının üzvü, rəhbəri və parlament sədrinin birinci müavini vəzifələrini yerinə yetirib.
2013 və 2021-ci illərdə prezident seçkilərində qeydiyyatdan keçən Məsud Pezeşkian son anda namizədliyini geri götürüb.
M.Pezeşkian ailəli olub, 4 övladı var, həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, bir daha evlənməyib.
İslahatçı siyasi cərəyana mənsub olan Təbrizin İran parlamentindəki millət vəkili mühafizəkar siyasi cərəyan üzvləri arasında da nüfuza sahibdir. Uzun illər hakimiyyətdə təmsil olunmasına, yüksək vəzifələr tutmasına baxmayaraq, adı repressiya və korrupsiya əməllərində hallanmayıb.
Bu səbəbdən də 14-cü dövr prezident seçkilərində namizədliyini irəli sürən digər 5 namizədlə müqayisədə qalib gəlmə şansı yüksək qiymətləndirilir.
Məsud Pezeşkian İranda yaşayan qeyri-farslar, xüsusən azərbaycanlılar arasında milli hüquq və ana dili sahəsindəki çıxış və tələblərinə görə təqdir olunan azsaylı, bəlkə də yeganə siyasətçidir. Buna görə də, yuxarıda qeyd etdiyimiz kimi, namizədliyini irəli sürdüyü andan başlayaraq radikal fars miliyyətçilərinin hədəfinə çevrilib, separatizm və pantürkizmi dəstəkləməkdə günahlandırılıb.
Azərbaycanlı siyasətçi eyni halda hakimiyyətdə təmsil olunmasına rəğmən hakimiyyəti ən çox tənqid edən şəxs kimi də tanınır. O, hakimiyyətin daxili siyasətlə yanaşı, xarici, beynəlxalq siyasətinin də yanlış olduğunu deyir, qonşularla, xüsusən Azərbaycan Respublikası ilə münasibətlərə yenidən baxılmasını tələb edir.
Qarabağın işğalda olması və İkinci Qarabağ müharibəsi dövründə ədalətli mövqeyinə görə bəzi radikal fars milliyyətçiləri və cərəyanlarının təzyiqləri ilə qarşılaşıb. Hakimiyyətə müxalif cərəyanlar və təşkilatlar Pezeşkianın namizədliyinin təsdiq olunmasını mövcud rejimin azərbaycanlı siyasətçinin nüfuzundan istifadə edərək, vətəndaşları seçkilərə cəlb etmək imkanı ilə əlaqələndirirlər.
Bir çox ekspertlərin fikrincə, son dərəcədə məntiqli və yetkin siyasətçi olan Məsud Pezeşkian hazırkı ağır dönəmdə Tehran rejiminin vəziyyətdən çıxması üçün ən ideal seçimdir.
Senzor.az