AZ

Təbii fəlakətlər artdığı halda, aqrar sığortaya maraq NİYƏ AZALIR?

Bu ilin yaz aylarında yağan güclü yağış və bu səbəbdən yaranan sellər kənd təsərrüfatına ciddi ziyan vurub. Fermerlərə dəymiş ziyanın ödənişini isə “Aqrar Sığorta” ASC həyata keçirir. Maraqlıdır ki, bu ilin yanvar-aprel aylarında "Aqrar Sığorta" ASC 8 milyon 381 manat sığorta haqqı toplayıb. 

Bu da 2023-cü ilin  müvafiq dövrü ilə müqayisədə 2 milyon 149 min manat, yaxud da 20,4 % azdır. "Aqrar Sığorta" ASC -nin 2023-cü ilin yanvar-aprel aylarında topladığı sığorta haqqının həcmi 10 milyon 530 min manat təşkil edib. 

Hesabat dövründə “Aqrar Sığorta" ASC -nin sığorta ödənişlərinin həcmi 2 milyon 028 min manat olub ki, bu da 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 102,5 % çox olub.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur. Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.

Bəs aqrar sığortaya marağın azalmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sığorta üzrə ekspert İlkin İbrahimov bildirdi ki, aqrar sığortanın yığımında ötən illə müqayisədə xeyli, təxminən 2 milyon manat azalma var:

“Sığorta yığımındakı bu azalma sığorta mövsümü ilə bağlıdır. Ümumi yığım fərqi isə ilin sonunda bəlli olacaq. Ona görə də hər bir halda qəti fikir bildirmək üçün ilin sonunu gözləməliyik. İndiki vəziyyətdə biz ancaq müəyyən rəqəmləri müzakirə edə bilərik. Amma ümumi və qəti fikri yalnız ilin sonunda demək olar”.

Ekspert onu da qeyd etdi ki, dünyada aqrar sığorta paketləri çox bahadır:

“Təbii ki, bizim ölkəmizdə də bu belədir. Digər sığorta növlərinə baxanda ümumi sığorta haqqı sığorta məbləğinin 1-4 faizi məbləğində olur. Lakin aqrar sığortada bu rəqəm 2 dəfə çoxdur. Məhz bu səbəbdən dövlət “Aqrar Sığorta” ASC-ni yaradıb. Bu şirkətin xərclərinin 50 faizini dövlət ödəyir. Qalan hissə isə ödənilən sığorta haqlarından formalaşır”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
196
50
bizim.media

10Mənbələr