AZ

ABŞ-ın sülh tələbi sərtləşir- Vaşinqton İrəvana təzyiqləri artıracaq...

Image

Cənubi Qafqaz məsələsi Dövlət Departamenti, dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı suala cavab verərkən bildirib: 

“Cənubi Qafqazdakı məsələyə dair geniş kontekstdə onu deyə bilərəm ki, bu bizim üçün, dövlət katibi və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritet məsələdir. Şübhəsiz ki, sammit çərçivəsində biz bu istiqamətdə işləməyə davam edəcəyik. Bu, sammit çərçivəsində xüsusi görüşlər və ya hansısa digər təmaslar şəklində ola bilər”. Qeyd edək ki, NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək və sammitdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyi gözlənilir. Bu fonda ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkanın olduğunu bildirib: “Ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişlərinin reallaşdırılması üçün müstəsna imkan və potensial var və hesab edirəm ki, bu, iqtisadi əlaqələr, iqtisadi artım, şərqdə və qərbdə, cənubda və şimalda ölkələri birləşdirmək üçün böyük imkanlar yaradacaq. Azərbaycanın bu işdə həlledici rolu var”. Entoni Blinken bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə buna fəal şəkildə nail olub: “Biz bunu Avropa İttifaqı ilə çox sıx əməkdaşlıqda koordinasiyada etdik və düşünürəm ki, bu, həqiqətən də əlçatandır. Mən bu barədə prezident Əliyevlə danışdım. Hesab edirəm ki, bu, əldə edilə bilər və bu açıq şəkildə həm Azərbaycanın, həm Ermənistanın, həm də daha geniş regionun maraqlarına uyğundur”. ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi də qeyd edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində tarixi fürsət yaranıb. O bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və region üçün sülh, tərəqqi və təhlükəsizliyi təmin edən daha dərin gələcək tərəfdaşlıq arzu edir: “Bu ay azərbaycanlı tərəfdaşlarımız mənə məlumat verdilər ki, bir neçə həftə əvvəl Rusiya qoşunlarının Azərbaycan ərazilərini tərk etməsindən sonra Sovet İttifaqı dağıldıqdan bəri ilk dəfə ölkə ərazisində xarici dövlətlərin qoşunları yoxdur. Eyni zamanda, Azərbaycan və Ermənistan sərhəd demarkasiyasına başlayıb, saxlanılan şəxslərin mübadiləsinə dair danışıqlar aparıb və sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxın olduqlarını açıq şəkildə bildiriblər. Birləşmiş Ştatlar da inanır ki, bu diqqətəlayiq addımlar tarixi fürsət pəncərəsi açıb". Mark Libbinin sözlərinə görə, ABŞ hesab edir ki, Ermənistanla indi imzalanacaq sülh razılaşması misilsiz sabitlik yaradacaq, Azərbaycanın və regionun faydalanacağı ticarət və praktik əməkdaşlığa qapı açacaq. Səfir onu da vurğulayıb ki, Birləşmiş Ştatlar tərəfləri bu imkandan faydalanmaq üçün həvəsləndirməyə davam edəcək və kömək etmək üçün bacardığı hər şeyi edəcək. Erməni politoloq Armen Badalyan qeyd edir ki, sülh haqqında ABŞ-da, Qərbdə son dövrlər intensiv şəkildə açıqlamalrın verilməsi təsaduf deyil: “Azərbaycan çox məntiqli siyasətlə irəliləyir. Bəs kim dedi ki, Azərbaycan hansısa tənzimləmə, iş proseduru ilə bağlı Ermənistan hakimiyyəti ilə razılaşmalıdır? Azərbaycanın bir məqsədi var - hər şeyi əldə edib heç nə verməmək və Bakı bunu həyata keçirir. Qərbə nəyin bahasına olursa olsun, sülh lazımdır. Nəyin bahasına olursa olsun, Ermənistan Azərbaycanla razılaşmalıdır, Rusiyaya göstərmək üçün sülh müqaviləsi imzalanmalıdır ki, Rusiyanın Ermənistanda hərbi bazası olması üçün heç bir əsas olmadığı sübut edilsin. Azərbaycan da bundan istifadə edir”. Rəsmi İrəvan hələlik sülh sazişi, sərhədlərin müəyyənləşməsi istiqamətində addımlar atmaqdan daha çox danışmağa üstünlük verir. Bu fonda Azərbaycan prezidenti İlham Əliyev Kanadanın ölkəmizə yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla sülh məsələsinə də toxunub: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq". Dövlət başçısı sülhlə bağlı sənədin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra biləcəklərini qeyd edib. O, Ermənistanla sülhə dair razılaşmanın başlıca prinsiplərini də diqqətə çatdırıb.

İndi əsas məsələ Ermənistana sülhə vadar etmək üçün onu təzyiq göstərməkdir. ABŞ-ın və Qərbin Cənubi Qafqazda sülhə ehtiyacı ən azından kommunikasiyaların işləkliyi baxımından vacibdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn da qeyd edir ki, sülhə nail olmaq yalnız Azərbaycanın məsələsi deyil. O qeyd edib ki, bu, həm də bütövlükdə region və Mərkəzi Asiya üçün bir məsələdir: “Bütün bu ölkələr dünya bazarına ya Rusiya, ya da Çin vasitəsilə ixrac edirlər. Onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var. Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Bu mənada müharibəyə son qoymaq və 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün bizim Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır”. Ancaq sülh üçün istənilən halda Ağ Ev Azərbaycanın maraqlarını və reallıqları nəzərə almalıdır. Sülhlə bağlı Ermənistana təzyiq göstərilməli, xüsusən sərhədlərin delimitasiya və demarkasiyasına, Zəngəzur dəhlizinin açılmasına müsbət töhfə verilməlidir. Eyni zamanda Ağ Ev anklavlar məsələsinin həllinə töhfə verməyə çalışmalıdır. Bu halda nəticə əldə etmək olar. O da faktdır ki, ABŞ-ın həm də regionla bağlı iqtisadi maraqları var. Həmçinin, Vaşinqton Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarını azaltmaq istəyir. Lakin ABŞ bilməlidir ki, Bakının maraqları nəzərə alınmadan bu məqsədlərə nail olmaq mümkün deyil. O səbəbdən Ermənistana təzyiq artırılmalıdır. 

Nahid SALAYEV





Seçilən
101
46
baki-xeber.com

10Mənbələr