AZ

Kar, kor, lüt və çılpağın əhvalatı

Britaniyada baş nazir Rişi müəllim efirə çıxacaqmış, lakin ondan qabaq yarıçılpaq, bütün bədəni döymə (tatu) ilə dolu pornoaktrisanı çəkiblər. Nəticədə məzəli vəziyyət yaranıb, baş nazir divanda əyləşib çılpaq arvadın çıxışının bitməsini gözləmişdir.

Ax, vax... İndi bəzi üçüncü dünya ölkələri bu əhvalatdan belə nəticə çıxarırlar ki, Britaniya “dağılır”.

Doğrudan da, o necə baş nazirdir efir növbəsi gözləyir? Üstəlik, tərbiyəsiz, pozğun bir övrət xeylağından sonra. Dəhşətdir. Mən bu kimi xəbərləri dəstəkləyirəm. Ən yaxşısı olar ki, bir ölkənin baş naziri çılpaq zənənlərlə yox, qəstumlu politoloqlarla efirə çıxsın.

İkincisi, döyməli qadınları gözləməsin, qadınları basıb döysün.

Üçüncüsü, 5-6 arvad alsın.

Dördüncüsü, xalqı ac və lüt-üryan qoysun, lakin həmin üryan xalqı efirdə göstərmək qadağan edilsin.

(Beşincisi də var idi, lakin arada Britaniyanın dağılmasını internetdən canlı izləməyə getdim, yadımdan çıxdı).

Ümumiyyətlə, millətlərin əxlaqı haçan pozulur? Əlbəttə, çılpaq zənən görəndə. Harada zənənlər bürünürsə, orada əxlaq göyün kəlləçarxına qalxmışdır. Misal üçün, İranda yağış yerinə əxlaq yağır. Əfqanıstanda Taliban hökumət başına keçəndən bəri əxlaq əlindən küçədə yerimək olmur, hara getsən əxlaqa dəyirsən. Hələ Səudiyyəni heç demirsən! Ora əxlaqın, mənəviyyatın mərkəzidir. Bütün kainat üzrə. Təzəlikcə bir qahım Həcc ziyarətindən qayıtmışdı. Deyir kondisionerin altında azca zökəm olmuşdum, girdim aptekə, bizdə 1 manata satılan toz dərmandan istədim, satıcı ədədini 200 dollara “oxudu”. Həciliyə namizədimizin gözü kəlləsinə çıxıb, bu zaman satıcı qiyməti dərhal 150 dollara salıb, sonra 100 deyib, ancaq xəstəmiz artıq şok-terapiya nəticəsində sağaldığı üçün obyekti tərk edibdir. Deyir oradan birbaşa şeytana daş atmağa getdim, son anda aptekçinin dalımca qaçıb “50 dollar” söylədiyini eşitdim.

Əsl əxlaq, zira bu deyildirmi?! 200 dollarlıq dərmanı müsəlman qərdeşin üçün rezki salırsan 50 dollara... Vallahi, mən bunu eşidəndən bəri ağlayıram. Heç İranda müsibətin ildönümü vaxtı ağlayanlar mənim qədər ağlaya bilməz. Göz yaşlarımın hər giləsi qarpız boydadır.

İndi sən, tutalım, var get Vatikana, Londona, nə bilim, hansısa başqa kafər ziyarətgahlarına. Gör Stounhec (bunun tərcüməsi “Həci daşı” deməkdir) ətrafında 1 funtluq asqıraq dərmanını sənə 200 funta satarlarmı? Vatikanda papanın əlindən öpməyin bileti Allah bilir neçəyədir.

Ona görə də Vatikanda xəstələr sağalmır. Ona görə İrandan bizə eyzən kefi qaldıran materiallar gəlir. Dəniz, dağ, meşə, çay demirlər, hər yerdən daşıyırlar. Yaman əziyyət çəkirlər, inşallah, qurban olduğum İran müsəlmanlarının bizim üçün çəkdiyi bu əziyyəti o biri dünyada yüksək qiymətləndirsin. İlahi, amin, duanı elədi Zamin.
Sevindirici haldır ki, ölkəmizdə də əxlaqın inkişafı ciddi diqqət mərkəzindədir. Hamı geyim-keciminə fikir verir (əslində bizim fikir verdiyimiz - baş işlətdiyimiz yeganə sahə elə başqasının geyimidir, bir növ bizi “geyim filosofları” adlandırmaq olar). İsveç alimlərinin araşdırmasına görə, dünyada abırlı geyinmə reytinqində biz üçüncü yerdəyik. Birinci yerdə ərəblər imiş, ikinci yerdə iranlılar. Şəxsən mən bu vəziyyətin yaranmasına görə əlaqədar orqanlara dərindən minnətdarlığımı bildirirəm.

Sonda bir pritça. İçində filoloji-siyasi baxımdan yanlış ifadələr var, ancaq əskidən qalmadır, neyləyək?

Bir gün kar, kor, lüt və çolaq dörd yoldaş harasa gedirmiş. Qəfildən kar deyir: “Səs eşidirəm”. Kor deyir: “Ay aman, gördüm, quldurlardır!” Lüt deyir: “Vaxsey, indi bizi soyacaqlar!” Çolaq deyir: “Yoldaşlar, təklif edirəm qaçaq!”

Seçilən
184
50
musavat.com

10Mənbələr