AZ

İngiltərə Baş naziri Starmer ilk günündə dünya liderləri ilə zəngləşdi

İngiltərədə yeni baş nazir Keir Starmer vəzifəsinin ilk günündə dünya liderləri ilə telefon danışıqları aparıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya baş nazirinin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden, Ukrayna prezidenti Vladimir Zelenski, İtaliyanın baş naziri Giorgia Meloni və Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen də daxil olmaqla liderlər Starmerlə görüşüb.

Bayden-Starmer görüşündə ikili ABŞ-Böyük Britaniya münasibətləri, geosiyasi proseslər və Ukraynaya dəstək kimi məsələlər müzakirə edilib.

Hər iki tərəf gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində görüşmək barədə razılığa gəlib.

Ukraynaya dəstək davam edəcək

Zelenski ilə telefon danışığında Starmer Böyük Britaniyada hökumət dəyişikliyinin Ukraynaya dəstəyi zəiflətməyəcəyinə söz verib.

İrlandiyanın baş naziri Saymon Harrislə görüşündə Starmer ölkədəki hökumət dəyişikliyinin Britaniya-İrlandiya münasibətlərində yeni bir dövrə yol açacağına ümid etdiyini bildirib.

İtaliyalı həmkarı Meloni ilə də danışan Starmer İtaliya və İngiltərənin ortaq sahələrdə, xüsusilə nizamsız miqrasiyada əməkdaşlığı davam etdirmək istəyini vurğulayıb.

Starmerin fon der Leyen ilə telefon danışığında Aİ və Böyük Britaniyanın əməkdaşlığı artıra biləcəyi iqlim dəyişikliyi, regional təhlükəsizlik və Ukraynaya dəstək kimi məsələlər müzakirə edilib.

Polşanın Baş naziri Donald Tusk ilə görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub. 

Görüş zamanı Starmer və kanadalı həmkarı Castin Trudeau Vaşinqtonda NATO sammitində görüş məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Böyük Britaniyada 4 iyulda keçirilən ümumi seçkilərdə 650 yerlik İcmalar Palatasına 412 millət vəkili ilə daxil olmağı bacaran İşçi Partiyasının lideri Starmer Kral III Çarlzın verdiyi səlahiyyətlə yeni hökuməti qurub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
86
21
konkret.az

10Mənbələr