AZ

Şuşadakı Zirvə görüşü Qərbin planlarını POZDU - Gözlər daha Avropaya DİKİLMİR

İyulun 6-da Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü hələ də dünya gündəmindən düşmür. Bəzi dövlətlər və təşkilatlarsa Zirvə görüşündən ciddi şəkildə narahatlıq keçirir. Türk liderlərin bir araya gəlməsi və burada aparılan vacib məsləhətləşmə, xüsusən də Qərbi ciddi narahat edib. 

Xəbər verdiyimiz kimi Zirvə görüşünə Macarıstanın baş naziri Viktor Orban da qatılıb. Nəzərə alaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək Aİ Şurasına sədrlik edir. Bununla paralel Macarıstan 2014-cü ilin iyulundan TDT-də müşahidəçi statusunda iştirak edir. Bu iki faktoru bir araya sığışdıra bilməyən avropalı siyasətçilər təkcə narahat olmayıblar, həm də təşvişə düşüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı rəhbərliyi Orbanın Şuşa səfərindən niyə narahat olub? – PƏRDƏARXASI MƏQAMLAR 


Orbanın qətiyyəti Qərbin yuxusunu qaçırıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Şimali Kipr Türk Cümhuriyyətinin Şuşa Zirvə görüşündə iştirakından bərk narahat olub. TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərinə etiraz edib.

Borreli ən çox narahat edən bir də o olub ki, ŞKTC lideri Aİ Şurasına sədrlik edən bir ölkənin lideri ilə eyni masaya əyləşib. Buna görə o Macarıstanın baş nazirini qınayıb da. 

Amma qarşı tərəfin cavabı çox gecikməyib. Macarıstanın Baş naziri Viktor Orbanın ofisinin siyasi direktoru Balaj Orban Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrellin açıqlamasına münasibət bildirərkən deyib ki, Brüssel tərəfindən bu cür inkarın məntiqi tam aydın deyil, çünki TDT təşkilatının özü heç vaxt Avropa İttifaqını özünün “türk” tərəfdaşı hesab etməyib ki, onun üzvləri və hətta müşahidəçi dövlətlər arasında bütün Avropa İttifaqından bir nümayəndə olsun:

"Harada nahar edəcəyimizə və ya kiminlə görüşəcəyimizə qərar vermək üçün sizdən icazə istəmirik. Türk Dövlətləri Təşkilatında görüşmək Macarıstanın strateji maraqlarına uyğundur".

Ermənipərəst deputat da susa bilmədi…

Orbanın Zirvə görüşünə qatılmasına etiraz edənlərdən biri də Avropa Parlamentinin deputatı Natali Luazo olub. O bildirib ki, Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakı Aİ üçün qalmaqaldır:

“Viktor Orbanın Türk Dövlətlərinin Zirvə görüşündə Şimali Kipr təmsilçisi ilə Qarabağda iştirakı Macarıstan üçün biabırçılıqdır. Belə çıxır ki, Macarıstanın baş naziri Orban Kipr problemini şübhə altına alır”.

Qərb nədən narahatdır?

Göründüyü kimi, Qərbin bəzi siyasi dairələri Şuşa görüşündən bərk təşvişə düşüb. Bu narahatlığınsa bir sıra səbəbləri var.

Əvvəla Qərb postsovet ölkələrini Aİ üzvülüyünə şirnikləndirərək onlardan öz məqsədləri üçün alət kimi istifadə edir. Belə bir zamanda Aİ Şurasının sədri olan bir ölkənin TDT-yə açıq şəkildə maraq və dəstək göstərməsi Qərbi bərk əsəbiləşdirib. Bu fakt Qərbin potsovet ölkələrə qarşı təsir imkanlarını xeyli zəiflədir. Bununla belə Qərb geri çəkilmək istəmir və Aİ-nin ən ali qurum olduğunu irəli sürür. Lakin real hadisələr göstərir ki, bir çox ölkələr üçün Aİ o qədər də maraqlı deyil. Aİ-yə can atmayan ölkələr sırasında Azərbaycan, Qazaxıstan və digər ölkələr var.  

İkinci səbəbsə odur ki, Aİ yeni dünya düzənində onların iştirakı olmadan hansısa güc mərkəzinin yaranmasını istəmir. Ona görə də Orbanın Azərbaycana gəlişi Aİ-ni rəncidə edib.

Çünki, Macarıstan TDT ilə əməkdaşlığa xüsusi önəm verir. Hətta Zirvə görüşündə çıxışı zamanı Orban təklif etdi ki, TDT ölkələrinin birgə  İnvestisiya fondu yaradılsın. Belə bir qurum gələcəkdə Beynəlxalq Valyuta Fonduna və yaxud Avropa Yenidənqurma və İnkişaf Bankına ən yaxşı alternativ ola bilər. Ona görə də Qərb təşviş içindədir. Bu təşvişi boğmaq üçünsə hələlik Macarıstanın üzərinə gedilir. 

Macarıstanın geri durmaq kimi bir istəyi yoxdur

Macarıstanın baş naziri Viktor Orban Moskvadan Bakıya uçan təyyarədə İsveçrənin “Die Weltwoche” qəzetinin müxbirinə müsahibəsində deyib ki, Avropa bürokratları heç vaxt dünyaya sülh gətirməyəcək:

“Bunun üçün məmurun yox, dövlət xadiminin-siyasətçinin siyasi iradəsi lazımdır”.

Macar diplomat həmçinin bazar ertəsi edəcəkləri səfərlə sülh istiqamətində yeni addımların atılacağının da anonsunu verib. Lakin Orban səfərin məkanını açıqlamayıb.

Bu günsə məlum olub ki, Macarıstanın Baş naziri Viktor Orban Pekində Çinin dövlət başçısı Si Cinpinlə görüşüb.

Bu da onu göstərir ki, Aİ getdikcə öz aktuallığını itirir. Və Avrasiyada yeni güc mərkəzləri yaranır.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
123
29
bizim.media

10Mənbələr