Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Publika.az-a ARVK-dən məlumat verilib.
Bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.
Sonra uzun illər səmərəli vəkillik fəaliyyətinə görə və 40 illik yubileyi münasibəti ilə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun müdiri, Vəkillərin İntizam Komissiyasının üzvü, vəkil İsmayıl Kəngərli Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" adı ilə təltif edilib.
Qeyd edilib ki, iclasda “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb, o cümlədən ARVK üzvlüyə qəbulla bağlı elektron sistemin təqdimatı olub. Nəzərə çatdırılıb ki, yaxın günlərdə elan olunacaq sənəd qəbulunda iştirak arzusunda olan, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verən şəxslər test mərhələsində iştirak üçün Kollegiyanın rəsmi veb-saytı (https://barassociation.az/candidate-login) vasitəsi ilə elektron internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.
Bundan başqa, Rəyasət Heyəti tərəfindən peşə hazırlığı və davamlı tədrisin təşkili, o cümlədən bu sahədə digər tədbirlər barədə Fəaliyyət Planının təsdiqi qərara alınıb. Qeyd edilib ki, cari ilin avqust-sentyabr aylarında paytaxt və regionallarda təlimçilər tərəfindən "Elektron vəkil orderi" ilə bağlı hibrid formatında təlimlər keçiriləcək. Eyni zamanda iclasda icbari təlimlərin təşkil edilməsinin önəmli olduğu vurğulanıb.
Həmçinin iclasda Vəkillər Kollegiyası Akademiyasının rəsmi veb-saytının təqdimatı olub. Bildirilib ki, internet saytı fərqli tərtibatda işlənərək hazırlanıb, müasir tələblərə uyğun bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı yaradılıb və burada Akademiyanın fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məlumatlar yer alıb.