AZ

Gürcüstana qarşı “MEGOBARI aktı”

Yeganə Hacıyeva: Bu sənəd bir ölkənin suveren hüquqlarını qəsb etmək cəhdidir

N.BAYRAMLI

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunması bu ölkənin hökuməti ilə Qərb arasında münasibətlərə mənfi təsir göstərib. Sözügedən qanun Qərb dairələrinin və ölkə müxalifətinin kəskin etirazlarına səbəb olub. Hətta  Prezident Zurabaşvilinin sənədə veto qoyması da hökumətin və parlamentin mövqeyinə əngəl ola bilməyib. 

Belə bir şəraitdə ABŞ və Avropa İttifaqı Gürcüstan hökuməti ilə əməkdaşlığa yenidən baxılacağı və sanksiyaların tətbiqi ilə hədələyib. Artıq Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsi ilə bağlı danışıqları dayandırıb. Eləcə də, Tbilisiyə bəzi maliyyə yardımlarının kəsildiyi də elan edilib.

ABŞ-da da Gürcüstana qarşı “cəza” tədbirlərinə başlanıb. Hələ bir müddət öncə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Birləşmiş Ştatların Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının rəhbər şəxslərinə və onların ailə üzvlərinə, eləcə də bəzi şəxslərə viza sanksiyaları tətbiq etdiyini açıqlamışdı. Bildirilmişdi ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və buraya Gürcüstanın hakim partiyasının üzvləri, deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir: “Biz ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”. 

Bugünlərdə isə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI aktı”nı qəbul edib. Konqresin Xarici əlaqələr komitəsində keçirilən səsvermədə 41 konqresmen sənədi dəstəkləyib, 6-sı isə əleyhinə səs verib. Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, “MEGOBARI aktı”nın təşəbbüskarı ABŞ Qanunvericilik Assambleyasının aşağı palatasının üzvü, respublikaçı konqresmen Co Vilsondur: “İlk öncə onu qeyd edim ki, sənədin adı “MEGOBARI” gürcü dilindən dostluq kimi səslənsə də, “Gürcüstanın Hesabatlılıq, Dayanıqlıq və Müstəqilliyin Yaradılması üçün Seçimlərin   Mobililəşməsi və Artırılması Aktı”dır. ABŞ qanunverici orqanlarında bu akt hesabatlılığı, davamlılığı və müstəqilliyi gücləndirmək üçün Gürcüstanı səfərbər etmək haqqında akt kimi təqdim olunur”.

Politoloqun fikrincə, bu təşəbbüs özlüyündə çox təzadlıdır, çünki bir tərəfdən akta əsasən,  Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu və ya mümkün icrasına cavabdeh olan şəxsləri məsuliyyətə çəkmək nəzərdə tutulur, digər tərəfdən isə  güya demokratik Gürcüstan daha da güclənərsə, ölkəyə daha çox dəstək vəd edir. Burada demokratik Gürcüstanın güclənməsi Qərb kursu əsasında irəliləməsi ilə əlaqələndirilir”.

Y.Hacıyeva qeyd edib ki, Konqresin Nümayəndələr Palatasının bu tipli sənədlər qəbul etmək təcrübəsi var. Qurum müəyyən dövlətlərin Qərb kurusunu dəyişdiyi zaman belə aktlar qəbul edir və onlara təzyiqlər göstərilir. “Sözügedən aktda isə Gürcüstanın suveren hüquqlarını həyata keçirən dövlət məmurlarına sanksiyalar nəzərdə tutulub. Əslində, bu, ABŞ öz daxili qanunverciliyini bütün dünyada qəbul etdirmək cəhdlərindən biridir. Bu da qəbuledilməzdir. Çünki bu akt ABŞ-ın Gürcüstanın konstitusiya şərtlərini həyata keçirən məmurlarına qarşı təzyiq formalaşdırmaq və bir ölkənin suveren hüquqlarını qəsb etməsi deməkdir”,-deyə həmsöhbətimiz vurğulayıb.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
50
yeniazerbaycan.com

10Mənbələr