AZ

İran tərəfindən İsrailə birbaşa zərbə əmri: Müharibə ola bilərmi?

“İranla İsrail arasında açıq şəkildə sərhəd müharibəsi getmir. Çünki bu ölkələrin sərhədi yoxdur. Əgər İran və İsrail arasında müharibə olacaqsa bu, raket və dronlar vasitəsilə olacaq.  Ancaq hazırki hadisələri nəzərdə keçirtsək görərik ki, İran Suriya, Livan və Fələstin, Yəməndə İsrailə qarşı müharibə aparır. Bu isə o deməkdir ki, İran İsraillə bilavasitə yolla münaqişəyə girir”.

Bu fikirləri Editor.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İranın ali dini lideri Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri ilə bağlı şərhində deyib.

Onun sözlərinə görə,  İranın ali dini rəhbəri Əli Xameneinin İsrailə zərbə endirməklə bağlı əmri xəbərinə İran rəsmi saytlarında rast gəlinməyib:

“Ancaq İran İnqilab Keşişçiləri Qvardiyasının bu istiqamətdə hazırlıq gördüyünə dair məlumatlar var.  İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri dünən verdiyi açıqlamada bildirib ki, İsmayıl Haniyənin qanı yerdə qalmayacaq. Bu onu göstərir ki, Tehran hakimiyyəti Livan, Yəmən, Suriyadakı qüvvələri vasitəsilə İsrailə zərbələr endirə bilər. Ancaq bu, onların birbaşa İsraillə müharibə aparacağı anlamına gəlmir. Birbaşa İran qüvvələrin iştirakı ilə İsrailə müharibə indiki şəraitdə baş tuta bilməz. Çünki İran İsraillə birbaşa müharibəyə girişərsə, bu, mövcud İran hakimiyyətinin sonu ola bilər”.

Politoloq Tofiq Sadıxov isə açıqlamasında bildirib ki, İran lideri tərəfindən belə əmrin verilməsi ilə vəziyyət daha da gərginləşir. İran ilk növbədə Yaxın Şərqdə, Suriya, İraq, Livandakı qüvvələrinin əli ilə İsrailə bilavasitə hücum planlayır:

“Bu da təhlükə yaradacaq yeni məqamlardır. Hesab etmirəm ki, bundan sonra İranla İsrail arasında ciddi münaqişə, müharibə fazasına keçən uzunmüddətli toqquşma ola bilər. Bir neçə dəfə İran raketləri İsrail ərazisinə endirilə bilər. İsrailin bu formada özünü müdafiə edəcək kifayət qədər müasir silahları da var. Ancaq görünən odur ki,  bu da özü- özlüyündə İranın proksi qüvvələrini daha açıq şəkildə və kəskin formada İsrailə qarşı mübarizəyə qaldıracaq”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
editor.az

10Mənbələr