Bakıda avtobus zolaqlarının sayı artsa da, bəzi kəsişmələrdə buna görə təhlükəli vəziyyət yaranır.
Xezerxeber.az-ın məlumatına görə, şəhər yollarında əksər yerelərdə kəsişmələrə çatmamış digər nəqliyyat vasitələrinə sağa və ya sola dönmək üçün zolaqlara giriş icazəsi verilir. Ancaq Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində sürücülərə hansısa səbəbdən belə bir icazə verilmir. Yəni bu hissədə nəqliyyat vasitələrinin düzünə və sağa dönməyə icazə verən yol nişanı olsa da, kəsişməyə çatmamış zolağa giriş icazələri yoxdur.
Yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyir ki, həmin hissədə düzəlişə ehtiyac var. Əks halda, qəza riski qalmaqda davam edəcək.
Ekspertin sözlərinə görə, əgər qırıq-qırıq xətt yoxdursa, burada həmin zolağa girənlər cərimələnə bilər. Bütün hallarda bu məsələnin həlli söz-söhbətlərə son qoya bilər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən əraziyə qurumun əməkdaşları tərəfindən yerində baxış keçiriləcək və müvafiq tənzimləmələr aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.