EN

Bu qidalar stresi azaldır -Mütəxəssis tövsiyəsi

Yaşadığımız dövrə görə istər şəxsi, istərsə də peşəkar həyatımızın hər sahəsində streslə qarşılaşırıq. Stress təşviqi olaraq bədənin həm daxili, həm də xarici müxtəlif stimullara reaksiyası deməkdir. Bu təriflə əslində zehni və emosional təzyiqin öhdəsindən gələ bilməmək hissi olaraq ifadə edilə bilər.
Narahatlıq və həyəcanın öhdəsindən gəlmək üçün dərhal dərman almağa ehtiyac yoxdur, rasionunuzu tənzimləməyə başlaya bilərsiniz.
Bu barədə rusiyalı psixoterapevt, tibb elmləri namizədi, Federal Qidalanma və Biotexnologiya Araşdırma Mərkəzinin klinik qidalanma klinikasının diaqnostika şöbəsinin həkimi Oleq Qladışev qidaların insanları sakitləşdirməyə və stresi aradan qaldırmağa kömək etdiyi barədə danışıb.
Bildiyiniz kimi, stress keçirənlər çox vaxt şokolad və xəmir yeməkləri kimi zərərli qəlyanaltılara meyilli olurlar. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, stresi aradan qaldırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?

Məsələ ilə bağlı təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a açıqlamasında söyləyib ki, Stress   və narahatlığın idarə olunması üçün qidalanmanın rolu ilə bağlı müzakirələr son illərdə daha da aktuallaşıb :                  
                                                          
''Hansı qidaların insanın psixoloji vəziyyətinə müsbət təsir göstərə biləcəyi barədə elmi tədqiqatlar mövcuddur. Lakin bu təsirlərin hər kəs üçün eyni olmadığını da qeyd etmək vacibdir. Rusiyalı psixoterapevt Oleq Qladışevin qeyd etdiyi kimi, bəzi qidalar, xüsusən də şokolad kimi sürətli karbohidratlar, qısa müddətli rahatlama hissi yarada bilir. Şokoladın tərkibində serotonin səviyyəsini artıran maddələr mövcuddur ki, bu da beyində xoşbəxtlik hissi yaradır. Lakin bu təsir müvəqqətidir və uzun müddətli stresslə mübarizədə az təsirlidir. Karbohidratlar qan şəkərinin səviyyəsini yüksəldir. Daha sonra yenidən aşağı düşməsinə səbəb olur ki, bu da enerji səviyyəsində dəyişmələrə, nəticədə isə əlavə narahatlıq hissinə səbəiyyət verir. Stressin idarə olunması üçün daha faydalı olan qidalar isə kompleks karbohidratlar, antioksidantlar, vitamin və minerallarla zəngin qidalardır. Yaşıl yarpaqlı tərəvəzlərdə (ispanaq, kələm)maqnezium var, bu da stressin idarə olunmasına kömək edə bilir. Yağlı balıqlarda (somon, skumbriya) omeqa-3 yağturşuları ilə zəngindir. Bu balıqlar beyindəki serotonin səviyyəsini artıraraq stresin azalmasına kömək edir. Qoz-fındıq və toxumların (qoz, badam, çiatoxumu) tərkibindəki maqnezium və sink sinir sisteminin işini yaxşılaşdırır, stresslə mübarizəyə kömək edir. Yulaf,düyü kimi kompleks karbohidratlar qan şəkərinin səviyyəsini stabilləşdirir və serotonin istehsalını artırır. Çay, xüsusilə yaşıl çay, tərkibində olan L-teanin sayəsində sakitləşdirici təsir göstərir. Ümumilikdə, stresin uzun müddətli idarə olunması üçün sağlam və balanslı qidalanma vacibdir. Mütəmadi olaraq düzgün qidalanmaq, kifayət qədər su içmək və fiziki aktivliyi artırmaq stressin idarə olunmasında daha effektiv bir yanaşmadır. Bu qidalanma vərdişləri ilə yanaşı, psixoloji dəstək və digər stress idarəetmə metodları da əhəmiyyətlidir''.
Chosen
100
3
sherg.az

4Sources