Stokholm, 22 avqust, Nərgiz Cəfərli, AZƏRTAC
Kopenhagendə Danimarkanın ədliyyə naziri Peter Hummelqaard və İsveçin ədliyyə naziri Qunnar Strömmerin iştirak etdiyi yüksək səviyyədə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, gündəlikdə Danimarkada narkotik partiyasına görə bandit qruplaşmaları arasında başlayan zorakılıq dalğasının dayandırılması məsələsi dayanıb.
Görüşdə İsveç milli polisin rəhbəri Petra Lund və danimarkalı həmkarı Torkild Foqde tərəfindən işlənib hazırlanmış birgə fəaliyyət planı təqdim edilib.
Cinayətkarların “məşğulluq agentlikləri” kimi fəaliyyət göstərən rəqəmsal platformalarına xüsusi diqqət yetirilib. Platformalarından bu məqsədlər üçün istifadə edilən şirkətlər yaxın zamanda görüşə çağırılacaq.
Petra Lundun sözlərinə görə, bu müharibədə quldur dəstələrinin liderləri 15 yaşına qədər olan İsveç yeniyetmələrini “əsgər” qismində istifadə edirlər. Həmin dəstələr Danimarka və İsveçdən kənarda açıq şəkildə internetdə qətllər və partlayışları sifariş edirlər.
Gələn həftə Lund şimal ölkələri arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etmək üçün bu ölkələrin milli polis rəhbərləri ilə görüşəcək.
Qunnar Strömmer vurğulayıb ki, İsveçdə cəzalar sərtləşəcək.
“Biz Danimarkadan yeniyetmələrə tətbiq edilən cəza tədbirlərini mənimsəməyi və gənclər üçün həbsxanalar yaratmağı planlaşdırırıq ki, hətta 18 yaşına çatmayanlar da həbs cəzasına məhkum edilə bilsin. Çünki sosial xidmətlər hazırda üzləşdiyimiz reallığa qarşılıq verə bilmir”, - deyə nazir bildirib.
Qeyd edək ki, cinayətkar qruplaşmalar arasında münaqişə nəticəsində ağır cinayətlərdə şübhəli bilinən 15 isveçli yeniyetmə Danimarkada həbsdədir.