EN

BMU-İNHA İDP tələbələri üçün Koreyada təşkil olunan “Yay məktəbi” başa çatıb - FOTOLAR

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində Koreya (Cənubi) Respublikasının İnçon şəhərində təşkil edilən “Yay məktəbi” başa çatıb.

"Unikal" xəbər verir ki, “Yay məktəbi”ndə proqram üzrə təhsil alan 122 nəfər I kurs tələbəsi iştirak edib. 3 həftəlik müddətdə tələbələrə müxtəlif fənlər, eyni zamanda Koreya dili tədris olunub. Bununla yanaşı, İNHA Universitetinin elektrik mühəndisliyi, elektronika mühəndisliyi, informasiya texnologiyaları və inşaat mühəndisliyi kafedralarında professorlarla görüşlər keçirilib. Tələbələr Koreyanın tarixi yerləri, muzeyləri ilə də yaxından tanış olublar.  

29 iyul-16 avqust 2024-cü il tarixlərini əhatə edən “Yay məktəbi”nin sonunda tələbələrə sertifikatlar təqdim olunub. Bağlanış mərasimində  Almaniya, Polşa, Özbəkistan, Çin, Rusiya, Macarıstandan olan tələbələrlə yanaşı, BMU-İNHA İDP tələbələri də Koreyanın milli geyimində rəqs nümayiş etdiriblər.

“Yay məktəbi”nin təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əsas istiqamətlərindən biridir və burada iştirak xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.

İctimaiyyətlə əlaqələr şöbəsi 

Chosen
160
50
unikal.az

10Sources