İlkin olaraq ticarət dövriyyəsi 1 milyard dollara yüksələcək
Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin son illər qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə yeni bir dinamizm gətirib. Dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafını sürətləndirib, qəbul edilən qərarlar əmtəə dövriyyəsinin artmasına, nəqliyyat və energetika sektorlarında əməkdaşlığın möhkəmlənməsinə geniş imkanlar yaradıb.
Keçən il Azərbaycan və Özbəkistan arasında 500 milyon dollarlıq investisiya fondunun yaradılmasına dair ikitərəfli saziş imzalanıb. Prezident Ş.Mirziyoyevin Bakıya sonuncu səfəri zamanı isə tərəflər arasında fondun kapitalının artırılması ilə bağlı razılıq əldə edilib. Bundan əlavə, bu il iki ölkənin birgə onlayn ticarət platformasının yaradılması nəzərdə tutulub. Bu platforma Azərbaycan və Özbəkistanın bizneslərinə asanlıqla qarşılıqlı əlaqə qurmağa, ticarət əməliyyatlarını asanlaşdırmağa və birgə investisiya layihələri gerçəkləşdirməyə imkan verəcək. Bu onlayn platformanı işə salmaqla hər iki ölkənin özəl bölməsi uyğun tərəfdaşlar tapacaq və ticarət-iqtisadi əməkdaşlıq üçün yeni imkanlar əldə edəcək. Cari ilin iyul ayında isə Azərbaycan–Özbəkistan Hökumətlərarası Komissiyasının 13-cü iclası zamanı iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə dair yekun protokol imzalanıb.
Bütün bunlar ölkələrimiz arasında ticarət dövriyyəsinə müsbət təsir göstərib. Belə ki, 2023-cü ildə ticarət dövriyyəsi 26,5 faiz artaraq 231,6 milyon dollar təşkil edib. Cari ilin yanvar–iyul aylarında isə Azərbaycan ilə Özbəkistan arasında bu göstərici 118,2 milyon dolları ötüb. Hazırda ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Onu da qeyd edək ki, Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cümlədən 62 müştərək müəssisə, respublikamızda isə 70 Özbəkistan şirkəti fəaliyyət göstərir. Özbəkistan–Azərbaycan birgə investisiya fondu bu artımın stimullaşdırılmasında mühüm rol oynayır. Əməkdaşlıq üçün perspektivli sahələr ipək istehsalı, toxuculuq klasterinin yaradılması, beynəlxalq məktəbin tikintisi və qida istehsalı layihələridir.
Bir sözlə, münasibətlər demək olar ki, həyatın bütün sahələrində özünü qabarıq büruzə verir. Məsələn, dövlətimizin başçısının çıxışlarının birində vurğulandığı kimi, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanan “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” “yaşıl” enerji sahəsində əməkdaşlıqda ilk addımdır.
Bundan başqa, qarşılıqlı fəaliyyət nəqliyyat-tranzit sahəsində də diqqət çəkir. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində reallaşdırılan genişmiqyaslı layihələr, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəminin daha da artırılması bunun bariz ifadəsidir.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və Özbəkistan məişət texnikasının birgə istehsalı sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Birgə istehsal baxımından digər əməkdaşlıq sahəsi Ələt Azad İqtisadi Zonasıdır. Bu, yeni sənaye sahələri yaratmaqda maraqlı olan özbəkistanlı sahibkarlar üçün əlverişli məkandır. Artıq Ələt Azad İqtisadi Zonası ərazisində məişət texnikası və alüminium radiatorların istehsalı üzrə layihələrin hazırlanması və həyata keçirilməsinin fəal mərhələsinə keçilib.
Hər iki ölkənin aparıcı enerji korporasiyaları olan SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında da yüksək səviyyədə əməkdaşlıq münasibətləri mövcuddur. 2023-cü ildə bu qurumlar tərəfindən qaz ticarəti üzrə ixtisaslaşan birgə müəssisə yaradılıb. Bununla bərabər, “Özbəkneftqaz”ın respublikamızda qaz hasilatı layihələrində iştirakı ilə bağlı danışıqlar artıq yekun mərhələdədir.
Azərbaycan ilə Özbəkistan arasında “yaşıl” enerji əməkdaşlığının inkişafı da diqqətdə saxlanılır, hər iki ölkənin “yaşıl” texnologiyalarının öz enerji sistemlərinə inteqrasiyasına mühüm önəm verilir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında “yaşıl” enerjinin ötürülməsinə dair üçtərəfli sazişin imzalanması da buradan irəli gəlir.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında saziş Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Qazaxıstanda keçirilən ilk görüşündə əldə olunub. Sazişin imzalanması Mərkəzi Asiyadan Avropaya təmiz enerji ixracı üçün baş ofisi Bakıda yerləşən birgə müəssisə yaratmaq məqsədi daşıyır. Bu, 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqazdan Avropaya enerji dəhlizinin yaradılmasına dair imzalanan sazişə əsaslanır. Bu təşəbbüs çərçivəsində Azərbaycandan təmiz elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, oradan isə Macarıstana və digər Avropa ölkələrinə ötürmək üçün 1195 kilometr uzunluğunda sualtı kabel çəkiləcək. Layihənin məqsədi 4 QVt-a qədər təmiz enerji istehsal etməkdir.
Bundan əlavə, əsas nəqliyyat marşrutları üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan mühüm nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirib və hazırda beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bu, Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan Azərbaycan vasitəsilə yük axınını xeyli artıracaq.
Sonda belə nəticəyə gəlmək olar ki, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. İki dövlət arasındakı qarşılıqlı etimada söykənən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.