Vəkillər Kollegiyasının (VK) Aparatında yeni təyinat olub.BUTA.TV xəbər verir ki, bu barədə qərar VK Rəyasət Heyətinin keçirilən iclasında elan olunub. Qərara əsasən, Orxan Babayev VK Aparatının rəhbəri – Baş katib vəzifəsinə təyin edilib. Qeyd edək ki, 2019-cu ildən VK-nın üzvü olan Orxan Babayev bu təyinatadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 1989-cu ildə Ordubad şəhərində anadan olub, 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 2012-ci ilin noyabr ayında şirkətlərin birində hüquqşünas kimi başlayıb. 2013-2018-ci illər aralığında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi ilə müxtəlif inzibati vəzifələrdə çalışıb. O, 2018-ci ildən VK-nın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçisi, şöbə müdiri vəzifələrini icra edib. İngilis, rus və türk dillərini bilir. Ailəlidir, bir övladı var.