Rusiya Müdafiə Nazirliyi Donbassdakı cəbhə xəttindən Ukrayna Silahlı Qüvvələrinin hücumunun üçüncü həftədir davam etdiyi Kursk bölgəsinə qoşun yeritməmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Bloomberg agentliyi yaxın mənbəyə istinadən yayıb.
DW yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daha dərindən irəliləyişini dayandırmaq üçün uğursuz cəhdlərə baxmayaraq, Rusiya ordusu Donetsk vilayətində hücumunu zəiflətmir. Ötən həftə Rusiya Silahlı Qüvvələri Donbassda Ukrayna Silahlı Qüvvələrinin mühüm logistika mərkəzi olan Pokrovsk şəhəri ərazisində irəliləyib.
Bununla belə, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, bir sıra rus qoşunları hələ də Ukraynanın cənub və şərqindən Kursk bölgəsinə köçürülsə də, onların bölmələri cəbhə xəttinə yerləşdirilməyib.
Hərbi analitik Yan Matveyev hesab edir ki, Kursk vilayətində Ukrayna qüvvələrinin nəzarətində olan yaşayış məntəqələrini qaytarmaq üçün 40 mindən 50 minə qədər rus əsgərinə ehtiyac olacaq.
Bloomberg mənbəsinin məlumatına görə, Kreml bu əməliyyatda çağırışçı əsgərlərdən istifadə etmək niyyətindədir.
İlkanə Şəvəqqət,
KONKRET.az