“Azərkəndtikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri, keçmiş millət vəkili, Əməkdar mühəndis, Prezident təqaüdçüsü Litvin Abbasov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə mərhumun ailəsindən məlumat verilib.
Qeyd olunub ki, “Şöhrət” ordenli qocaman mühəndis bu gün dünyasını dəyişib.
Mərhumla vida mərasimi sabah Təzə Pir Məscid kompleksində olacaq.
Allah rəhmət eləsin.
Xatırladaq ki, Litvin İbiş oğlu Abasov 06 aprel 1937-ci ildə Qədim Azərbaycanın İrəvan şəhərində ziyalı ailəsində anadan olub. 1953-cü ildə Bakıya gəlib və Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) qəbul olub.
Azərbaycan Hökumətinin qərarı ilə 1956-cı ildə Litvin Abasovun təhsil aldığı fakültəni Politexnik İnstitutunun inşaat fakültəsinə keçiriblər (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). O, 1959-cu ildə Azərbaycan Politexnik institutunun sənaye-mülki tikinti fakültəsini bitirərək inşaatçı-mühəndis ixtisasına yiyələnib.
Daha sonra o, 1982-ci ildə keçmiş SSRİ Nazirlər Sovetinin “Xalq Təsərrüfatı Akademiyası”nı Xalq Təsərrüfatının İdarəetməsi ixtisası üzrə bitirib.
L.Abasov əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestində fəhləlidən başlayıb. 1959-cu ildə həmin trestin 4 nömrəli Dəmir-Beton Məmulatları zavodunda poliqon rəisi, istehsalat-texniki şöbənin rəisi, Divar Blokları zavodunda baş mühəndis, nəhayət “Dəmir-Beton” trestinin 4 nömrəli “DəmirBeton” zavodlarının baş mühəndisi və direktoru vəzifələrində çalışıb.
L.Abasov 1970–1979-cu illərdə Sənaye Tikinti Nazirliyinin nəzdində 10 müəssisəni özündə birləşdirən “Dəmir-Beton” trestinin müdiri vəfəsində işləyib və bu illərdə ona göstərilən etimadı şərəflə doğruldub, özünü bacarıqlı rəhbər, texniki tərəqqinin tələblərinə cavab verən, istehsalın yenidən qurulmasına səy göstərən səriştəli, peşəkar mühəndis kimi göstərib.