"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.Onunla müsahibəni təqdim edirik:- Ötən ilin sentyabrındakı antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri və təşkilatları davamlı olaraq Ermənistanı açıq şəkildə silahlandırmağa başlayıb. Artıq həmin silahların bəlli bir qismi İrəvanın ixtiyarına verilib. Bu halda həmin silahların kimə qarşı tətbiq ediləcəyi məsələsi gündəmə gəlir. Bölgədə yeni müharibə riskindən danışılmağa başlanılıb...- Ermənistanın silahlanması heç kəsə sirr deyil. Bununla bağlı Azərbaycan mediası da kifayət qədər təkzibolunmaz faktlarla çıxış edib. Eyni zamanda Ermənistan dövlət rəsmiləri də bunu gizlətmir. Söhbət Ermənistana verilən Qərb silahlarından gedir. Qərb dronları, hücum xarakterli raketlərin, silahların Ermənistan ordusuna verilməsi və bunun Qərbi Zəngəzur ərazisində yerləşdirilməsi faktları mövcuddur. Artıq Kəlbəcər istiqamətində erməni tərəfindən bu silahların bir hissəsi sınaqdan keçirilib. Hər atəşkəs rejimi pozulduqda da erməni tərəfi bu silahları sınaqdan keçirməyə çalışır. Eyni zamanda bəzi Qərb mütəxəssislərinin də hazırda Ermənistan ordusuna təlimlər keçməsi də diqqətdən yayınmayıb. Bu isə vəziyyəti daha da gərginləşdirir və yeni müharibə riskini artırır.- Ermənistanın silahlandırılmasını Avropa Birliyi, ABŞ və digər ölkələr hansı arqumentlərlə əsaslandırır?- Hər dəfə Qərbdəki bəzi ölkələr bunun Azərbaycana qarşı olmadığını iddia edir. Vurğulayırlar ki, bu, Ermənistanın təhlükəsizliyi üçündür. Amma başa düşmək lazımdır ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olan ölkədir. Ermənistanın təhlükəsizliyi adı altında onun silahlı qüvvələrinin möhkəmləndirilməsi, onlara hücum xarakterli silahların verilməsi gələcəkdə Azərbaycana qarşı hücumun olması ilə nəticələnə bilər. Belə olan təqdirdə Azərbaycan özünü indidən sığortalamaq üçün addımlar atmalıdır.- Əgər bəlli ölkələr Ermənistana bu cür silahlar verirsə, buna reaksiya necə olmalıdır?- Görünən odur ki, 2025-ci il Azərbaycanla Ermənistan arasında heç də asan il olmayacaq. Bunu indidən proqnozlaşdırmaq olar. ABŞ-dakı prezident seçkilərindən sonra bu istiqamətdə olan məsələlər daha da aydınlaşacaq.- İrəvan indiki halda Bakının ona qarşı təzyiqlərini önə çəkir. Bunu kommunikasiya xəttlərinin açılması və digər amillərlə izah etməyə çalışır. Azərbaycanın bu müstəvidə mövqeyi necədir?- Kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın Ermənistana heç bir təzyiqi yoxdur. Ermənistan kommunikasiya xətlərini açsa da, açmasa da Zəngəzur dəhlizi perspektiv bir layihədir. Bu, Ermənistanın özünün də leyhinədir. Kommunikasiyaların, sərhədlərin açılması ilə bölgədə yeni bir mühit yarana bilər.- Burada əsas problem nədən ibarətdir?- Bu məsələlərin məğzini ərazi bütövlüyü və ölkələrin bir-birinə qarşı ərazi iddiasının olmaması təşkil edir. Hələ də bir ölkənin digərinə qarşı ərazi iddiası varsa, Zəngəzur dəhlizi, delimitasiya və demarkasiya məsələsinin də gələcəyi sual altına düşür.- Zəngəzur dəhlizinin Kalininqrad variantına əsasən açılması nə dərəcədə məntiqli görünür?- Dəhlizin açılması ilə bağlı Kalininqrad və digər versiyalar üzərində işin aparılması məsələləri uzun müddətdir ki, gündəmə gətirilir. Bu məsələlər müzakirə edilən və həllini tapan mövzulardır. Problem heç də bu məsələlər ətrafında deyil. Azərbaycan isə Ermənistanla Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmır.- Bölgəyə üçüncü qüvvələrin yerləşməsi və maraq toqquşması müşahidə edilir. Zəngəzurda üçüncü tərəflər nəyin axtarışındadır?- Hazırda Zəngəzur ətrafında Rusiya, ABŞ və İran arasında fikirlər üst-üstə düşmür. Hələlik tərəflər bu məsələdə konkret mövqeyə gələ bilmir. Əsas fikir odur ki, bu, üçtərəfli bəyanat, yəni 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış razılaşma ilə həll olunmalıdır. Moskva məhz bu mövqeyi önə çəkir. İran isə ümumiyyətlə Zəngəzur dəhlizinin açılmasını istəmir. ABŞ Zəngəzur dəhlizinin beynəlxalq korporasiyanın idarəçiliyinə verilməsi iddiasında çıxış edir.