Belarus Ukrayna ilə sərhəddə aviasiya və hava hücumundan müdafiə qoşunlarını yerləşdirib. Ukraynanın Kurska girməsindən sonra bu addımın atılması Belarusun Ukrayna ilə açıq savaşa girəcəyi ilə bağlı şübhələr yaradıb.
Maraqlıdır, Rusiyanın ən yaxın müttəfiqi Belarus Ukrayna ilə açıq savaşa girəcək?
Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev indiki vəziyyətdə Belarusun müharibəyə qoşulmaq niyyətinin olmadığını düşünür:
“Belarusun qoşunları sərhədə yığması yaranmış mövcud vəziyyətlə bağlıdır. Ukrayna öz ərazilərini qorumaq hüququna malikdir. Amma müharibənin Rusiya ərazisinə sıçradığı kimi, Belarus ərazisinə də sıçramasının qarşısını almaq Belarusun suveren hüququdur. Belarusun Ukrayna ərazilərinə girmək planlarının olduğunu düşünmürəm. Amma, təbii ki, müdaxilə olarsa, Belarus da əks addımlar atmaq məcburiyyətində qalacaq. Hələlik iki qardaş ölkənin bir-birilə müharibə etməsinin ciddi əlamərlərini görmürük. Bu qoşun yığmalar Rusiya-Ukrayna müharibəsində baş verən proseslərlə bağlıdır”.
Politoloq Elxan Şahinoğlu da vurğulayıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko özü Ukraynaya qarşı müharibəyə başlamayacaq:
“Çünki bu, Belarusun özü üçün fəlakətə səbəb ola bilər. Düzdür, Ukrayna iki cəbhədə savaşmalı olar və ağır vəziyyətə düşər. Amma Belarus da itki verəcək. Belarus xalqına və ordusuna isə bu lazım deyil. Belarus generalları da Ukrayna ilə savaşmaq istəmir. Amma Rusiyanın Belarus üzrəindən Ukraynaya hücumunun baş tutması mümkündür. Bu da Aleksandr Lukaşenkonu çətin vəziyyətə sala bilər. Belə olan halda, Ukrayna Belarus üzərinə hücum etmək məcburiyyətində qalacaq. Bu da Lukaşenkonun ölkə daxilində mövqelərini zəiflədə bilər. Lukaşenko mümkün olduğu qədər müharibədən özünü kənar saxlamağa çalışacaq. Belarus sərhədə ona görə qoşun birlikləri göndərib ki, Ukrayna da sərhəddə qoşun saxlasın və o, qoşunları Rusiyada savaşa yollamasın. Lukaşenkonun müharibəyə qoşulacağını proqnozlaşdırmıram”.