EN

“Formula 1” Azərbaycan Qran Prisi – Bir idman yarışından daha artığı

Çox böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarını dünyanın bütün qitələrində təxminən 500 milyon tamaşaçı izləyir. Dünyaca məşhur avtomobil yarışlarının Bakı Şəhər Halqası ilk dəfə 2017-ci ildə keçirilib. Təqvimə əsasən, paytaxtımız növbəti Azərbaycan Qran Prisinə 2024-cü ilin 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək.

Sayca səkkizinci dəfə təşkil ediləcək Bakı yarışı təqvimdə yer alan 24 yarışdan biridir. Sözügedən idman yarışının Bakıda keçirilməsindən sonra tədbirə maraq ölkəmizdə də yetərincə artıb. Yarışı izləmək üçün hər il 10 minlərlə “Formula 1” azarkeşi paytaxt Bakıya üz tutur. Ümumən bu tədbirə sadəcə bir idman yarışı aspektindən baxmaq düzgün olmaz. “Formula 1”Azərbaycanın istər idman, istər sosial, istərsə də siyasi nüfuzuna, beynəlxalq aləmdəki prestijinə müsbət töhfələr verməkdədir. Yarışı izləmək üçün Bakıya üz tutan xarici vətəndaşlar paytaxtın müxtəlif tarixi, əyləncəli və maraqlı məkanlarını gəzmək fürsətini də əldə edirlər. Bu isə özlüyündə yarışın keçirilməsinin həm də turistik baxımdan əhəmiyyətini ehtiva edir.

Mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, “Formula 1” yarışlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə tanıdılması üçün mühüm vasitədir: vakansiya

“Azərbaycan idman ölkəsidir və idmanın bütün növləri ölkəmizdə inkişaf etməkdədir. Elə son Paris Olimpiyadasında medallarımızın sayını bir qədər də artırmağımız bunun əyani sübutudur. Amma heç şübhəsiz ki, idman növləri içərisində ən çox diqqət çəkən və ən böyük miqyaslı idman yarışlarından biri “Formula 1” yarışlarıdır. Bu artıq təkcə idman hadisəsi deyil, həm də ölkəmizin, şəhərimizin tanıdılması, paytaxtımıza çoxlu qonaqların gəlməsi, mədəniyyətimizin, mətbəximizin tanınması hadisəsidir. Ona görə də, belə bir yarışın paytaxtımızda keçirilməsi Bakının şöhrətini bir qədər də artırır. Şübhəsiz ki, “Formula 1” yarışlarında Bakı Dairəvi Halqası ən cazibədar və pilotlar üçün ən maraqlı marşurtlardan biri hesab olunur. Bu da özlüyündə ölkəmizə “Formula 1” yarışlarını izləməyə gələn idmansevərlər üçün ayrıca cazibə yaradır. Bu baxımdan düşünürəm ki, bu yarışların ölkəmizdə təşkili Azərbaycanın dünyada tanıdılması üçün əlavə bir vasitədir. Xüsusən, idman ölkəsi kimi tanınması üçün “Formula 1” yarışları ekstra töhfə verir. Yəni ənənəvi vasitələrdən fərqli olaraq, idman kontekstində Azərbaycanın, Bakı şəhərinin dünyada məşhurlaşması heç şübhəsiz ki, ölkəmizin bir növ turistlərə, xarici qonaqlara tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Bütövlükdə isə, bu bir idman və dostluq hadisədir. Biz sevinirik ki, paytaxtımız belə böyük miqyaslı idman yarışına ev sahibliyi edir”.

Millət vəkili Elman Nəsirov “Formula 1”in Bakıda keçirilməsinin Azərbaycanın siyasi, mədəni və sosial prestijinin daha da artırılması üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb:

“Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri sayca 8-ci dəfə çox mühüm bir tədbirə - “Formula 1” yarışlarına ev sahibliyi edəcək. Bundan əvvəl 7 dəfə bu tədbir Azərbaycan paytaxında keçirilib. Bu tədbirin mahiyyətinə, onun Azərbaycan üçün əhəmiyyətinə, faydalılıq əmsalına qiymət versək, bir neçə variantı qeyd edə bilərik. Birincisi, “Formula 1” yarışları bütün dünyaya göstərir ki, Azərbaycan bu gün mühüm idman ölkəsidir. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və həm də ictimai bir sifarişdir. Ölkəmizin beynəlxalq idman yarışlarında qazandığı qələbələr, nəticələr bu dediyimizi təsdiqləyir. Eyni zamanda “Formula 1” yarışları Azərbaycanın beynəlxalq aləmdə təqdimatı baxımdan çox mühüm hadisədir. Nəzərə alsaq ki, bu oyunlara çox böyük diqqət var və milyonlarla insan bu yarışların izləyicisidir, bu 10 minlərlə insanın Azərbaycana gəlib yerindəcə bu oyunları izləməsi deməkdir. Bu isə nəticə etibarı ilə ölkəmizin beynəlxalq aləmdə təqdimatı, ölkəmizdə ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin hökm sürdüyünü, Azərbaycanın stabil inkişafını göstərmək baxımından çox əhəmiyyətlidir. Eyni zamanda bu idman yarışı ölkəmizdə turizmin inkişafı üçün yeni imkanlar pəncərəsi açır. Siyasi çəkisi isə xüsusilə böyükdür və bütün dünya Azərbaycanın dinamik inkişafına şahidlik edir. Bütövlükdə Azərbaycanın bu cür nəhəng idman yarışına ev sahibliyi etməsi və onun 8-ci dəfə ölkəmizdə keçirilməsinə nail olması həm də yüksək inkişafın ifadəsidir”.

Tanınmış idman şərhçisi, jurnalist Ramiz Mirzəzadə “Formula 1” yarışlarının təşkilinin Azərbaycan üçün dünya miqyaslı idman tədbirlərinin keçirilməsi təcrübəsini formalaşdırdığını diqqətə çatdırıb:

“Fikrimcə, “Formula 1” yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizin böyük yarışları keçirmək, belə tədbirlərə ev sahibiliyi etmək bacarığını göstərmək üçün olduqca yaxşı vasitədir.  Çünki “Formula 1” yarışları dünyanın ən çox izlənən və ən elitar idman yarışlarından biridir. Dünya idmansevərlərini bir araya yığmağı bacaran və kifayət qədər brend olan yarışdır. Amma bu yarış növünün Azərbaycanda keçirilməsi sırf idman sahəsinə deyil, eyni zamanda yarış təşkilatçılığı baxımından da çox əhəmiyyətlidir. Bu bir daha bütün dünyaya sübut edir ki, Azərbaycan istənilən beynəlxalq yarışı keçirmək əzmindədir. “Formula 1” özündə ciddi məsuliyyət tələb edən və təhlükəsizlik tədbirlərinin yerinə yetirə bilən ölkə, şəhər imicini formalaşdırmaq üçün də yaxşı bir variantdır. Əgər bu yarış zamanla ənənəyə çevrilsə, ölkəmizdə “Formula 1” pilotlarının yetişməsi bu idman növünə praktiki marağın artması üçün də əhəmiyyətli rol oynaya bilər. Bu həm də onu göstərir ki, Azərbaycan “Formula 1” yarışlarından əlavə bir çox beynəlxalq nüfuzlu idman turnirlərinə, tədbirlərinə də layiqincə və tam peşəkar şəkildə ev sahibliyi etmək əzmindədir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır. 

 


Telegram kanalımız
Chosen
174
50
yenisabah.az

10Sources