Futbolda uğura aparan yolda hər kəsin - Rəhbərlik, məşqçilər korpusu və futbolçu heyətinin yumruğu bir nöqtəyə vurması şərtdir.
Amma bəzən əksi də olur.
Məsələn, "Kəpəz"də olduğu kimi.
Artıq üçüncü mövsümdür burada futbolçular, məşqçilər korpusu gedir, amma rəhbərlik yerində qalır.
Və uğur da var.
Təbii ki, söhbət hansısa böyük hədəflərdən yox, Premyer Liqada yerini qoruya bilməkdən gedir.
Hər halda Gəncə təmsilçisinin kiçik büdcə, böyük problemlərlə yerini yüksək liqada qoruması az iş deyil.
Ən qəribəsi odur ki, İdarə Heyətinin sədri İlqar Nadiri liqada qalmaq vəzifəsinin öhdəsindən qəribə metodla gəlir.
Belə ki, bir məşqçi klubda heyət yığır, digəri isə həmin heyətlə uğur qazanır.
Uzun fasilədən sonra 2022/23 mövsümündə elitaya qayıdan kollektivi Yaşar Vahabzadə yığdı. Tanıdığı, bacarığına bələd olduğu futbolçuları başına yığdı. Amma mövsümə ardıcıl məğlubiyyətlərlə başlayınca onunla yollar ayrıldı. Yerinə təyinat alan Tərlan Əhmədov aşağı-yuxarı eyni heyətlə parlaq futbol oynadı, hətta mövsümün sonuna həftələr qalmış Premyer Liqada qalmaq missiyasını yerinə yetirdi.
Yayda Əhmədovla yollar ayrılınca "Kəpəz" Azər Məmmədova tapşırıldı.
Bu dəfə heyət onun istəklərinə uyğun yığıldı.
Amma Məmmədovla yollar cəmi 12 tur davam etdi. Onu isə Adil Şükürov əvəzlədi.
Əhmədovla başlayan tendensiya Şükürovla davam etdi. Yenə "Kəpəz" sona həftələr qalmış qarşısına qoyduğu vəzifənin öhdəsindən gələ bildi.
Bu mövsüm 5 tur arxada qalıb.
Nadiri 2 mövsüm əvvəl başlatdığı yola davam edir.
2024/25 mövsümünə ardıcıl 5 məğlubiyyətlə başlayan, rəqib qapısından 1 qol belə keçirməyən "Kəpəz" indi də Şükürova qapını göstərdi.
Boş qalan baş məşqçi kürsüsünə Azər Bağırov əyləşdi.
Qısası, oxşar məzmunlu dəyiş-düyüş üçüncü mövsüm də davam etdirildi.
Yekun nəticənin isə bənzər olub-olmayacağını mövsümün sonu görəcəyik.
XANOĞLAN/ SPORTİNFO.AZ