Rusiya, Türkiyə, Suriya və İran yaxın gələcəkdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına həsr olunmuş görüş keçirəcək.
Publika.az RT telekanalına istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN rəhbəri xatırladıb ki, diplomatlar və müdafiə nazirliklərinin rəhbərləri 2023-cü ildə də analoji görüşlər təşkil edə biliblər. Suriya Ərəb Respublikası ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün mümkün şərtlər müzakirə edilib.
“İndi biz növbəti görüşün hazırlanmasının məqsədəuyğunluğundan çıxış edirik. Əminəm ki, bu, yaxın gələcəkdə baş verəcək”, - Rusiya XİN rəhbəri qeyd edib .
Onun sözlərinə görə, Rusiya Dəməşq və Ankaranın konsensusa gəlməsində maraqlıdır. Lavrov qeyd edib ki, Türkiyə və Suriyanın hazırkı liderləri 2010-2011-ci ilə qədər, yəni ərəb baharı başlayana qədər isti şəxsi münasibətlərdə olublar. Rusiyanın baş diplomatı bunun “müsbət rol oynayacağına” ümid etdiyini bildirib.