EN

Məzahir Pənahov bir neçə ölkənin MSK üzvləri ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Latviya, Qırğızıstan, Türkmənistan, Rusiya, Tacikistan, Qazaxıstan, Moldova, Serbiya, Filippin və Gürcüstanın Mərkəzi Seçki Komissiyalarının üzvləri ilə görüşüb.

Hafta.az xəbər verir ki, seçki prosesi barədə qonaqları məlumatlandıran MSK sədri M.Pənahov deyib: “Seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb”.

MSK sədri deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu diqqətə çatdırıb.

Ölkədə medianın azad şəkildə fəaliyyət göstərdiyini və sərbəst şəkildə seçki prosesini izlədiyini qeyd edən Məzahir Pənahov seçkilərlə əlaqədar "exit -poll" keçirmək üçün üç təşkilatın MSK-ya müraciət etdiyini vurğulayıb.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib. O, Milli Məclisə növbədənkənar seçkilərin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirildiyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırıb.

MSK-dakı səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnunluqlarını ifadə edərək prosesləri fəal şəkildə izlədiklərini vurğulayıblar. Onlar seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf şəkildə keçirildiyini qeyd edərək məntəqələrdə yüksək seçici fəallığını müşahidə etdiklərini deyiblər.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Chosen
77
49
hafta.az

10Sources