EN

Klublarımızın pul qazanmaq perspektivləri

Müasir dövrdə futbol ayrıca bir sənaye sahəsidir. Artıq burada 10 milyonluq müqavilələr adiləşib, bəzi yarışların təkcə yayım hüququndan milyardlar əldə edilir. Xüsusilə, Qərbi Avropa futbolu bu baxımdan fərqli səviyyə müəyyənləşdirib. “Köhnə qitə”nin böyük klublarına dünyanın dörd bir yanından investorlar sərmayə yatırırlar. Çünki Avropada futbol çox gəlirli biznes sahəsidir, yatırılan pullar tez bir zamanda artıqlaması ilə geri qayıdır.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Azərbaycanda vəziyyət necədir?
Heç kimə sirr deyil ki, ölkəmizdə futbol klublarının əksəriyyətinin varlığı birbaşa dövlət tərəfindən bu sahəyə ayrılan maliyyə yardımları ilə mümkündür. Hazırda Premyer Liqa klublarına illik üç milyon manat, I Liqa klublarına 300 min manat, II Liqa klublarına isə 50 min manat dotasiya ayrılır. Əlbəttə, dövlətin futbol klublarına dəstək göstərməsi bu sahənin dirçəlməsi üçün böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, klublarımızın əksəriyyəti təkcə həmin maliyyə yardımı ilə kifayətlənirlər. Bu isə yalnız cari mövsümü birtəhər başa vurmağa kifayət edir, uzunmüddətli fəaliyyət üçün bəs deyil. Yekunda dayanıqlı klub modeli formalaşmır və dövlətdən gələn maliyyə dayandırılacağı halda futbol klublarımızdan bir çoxu sadəcə yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qalacaqlar.
Dünya futbolunda klubların əsas gəlir mənbələrindən biri transfer əməliyyatlarıdır. Azərbaycanda az hallarda klublar oyunçu satışından pul qazana bilirlər. Əslində, potensiala yatırım edilsə, bu, tezliklə effektini verəcək. Ortayaşlı və ya yaşlı legionerlərdənsə, klublarımız çox aşağı məbləğlər qarşılığında potensiallı gəncləri cəlb edə və bir neçə ilə onların satışından müəyyən məbləğ qazana bilərlər. Təəssüf ki, skaut sisteminin zəif olması buna mane olur.
Yox dərəcəsində olan marketinq fəaliyyəti
Problem ondadır ki, Azərbaycan klublarının bir çoxu marketinq istiqamətinin vacibliyini dərk etmirlər və bununla bağlı xüsusi departamentləri yoxdur. Klublarımız bir qayda olaraq oyunlara azarkeşlərin gəlmədiyindən gileylənir, lakin eyni zamanda vəziyyəti dəyişmək üçün addım atmırlar. Azarkeş stadiona təkcə yaxşı futbola və ya nəticəyə görə gəlmir. Klublar onlarla emosional bağ yaratmağı bacarmırlar. Avrokubok oyunlarında əksər hallarda tam dolan stadionlar yerli çempionat matçlarında boş görünürlər. Məsələ ondadır ki, insanlar beynəlxalq matçlara daha çox Azərbaycan adına görə gedirlər. Klublar brend olmadığı üçün ölkədaxili yarışlarda eyni tendensiya müşahidə olunmur. Eyni zamanda, daxili liqaların marka dəyəri çox aşağıdır. Azərbaycan Premyer Liqasında turun mərkəzi oyunu anlayışı Türkiyənin böyük klublarından hansısa birinin adi Super Liqa matçına uduzur.
Klublar brendləşməlidirlər
Deməli, liqaların marka dəyəri artırılmalı, rəqabət artmalı, klublar brendləşməli, birbaşa insanların hisslərinə toxunan addımlar atılmalıdır ki, onlar stadionlara cəlb olunsunlar. İnsafən, bəzi klublar bu baxımdan müəyyən addımlar atırlar. Məsələn, “Sabah”ın, “Neftçi”nin marketinq fəaliyyətləri diqqət çəkir. Bu klublarla yanaşı, “Qarabağ”ın da fan-şopu fəaliyyət göstərir. “Turan Tovuz” son zamanlar azarkeşlərin stadiona cəlbi üçün bəzi addımlar atır. Bu ildən II Liqada çıxış edəcək “Hypers” klubu bölgənin potensialını dəyərləndirmək məqsədilə Qubaya köçüb və orada müəyyən addımlar atmağa başlayıb. Lakin bunlar çox kiçik nümunələrdir və qalaq-qalaq problemlərin fonunda cüzi görünürlər. Hələ də əksər klublarımız heç ev oyunlarına bilet satışı belə təşkil etmirlər. Halbuki dünya futbolunda ən gəlirli sahələrdən biri də budur.
Çıxış yolları nələrdir?
Azərbaycan futbolunda ən böyük problemlərdən biri bu sahəyə sponsor cəlb olunmasıdır. Bir neçə il əvvəl AFFA Futbolun İnkişafı Fondunu (FİF) yaratdı və bu fondun vasitəçiliyi ilə bir sıra klublar irili-xırdalı şirkətlərlə anlaşma əldə etdilər. Klublar investorların bu sahəyə maraq göstərmədiyindən gileylənirlər, lakin FİF-in vasitəçilik etdiyi bəzi anlaşmalar bunun mif olduğunu göstərir. Sadəcə, investorları futbolun gəlirli sahə ola biləcəyinə inandırmaq lazımdır.
Azarkeşlər tribunalara qaytarılmalıdır
Ən vacib məsələ azarkeşlərin tribunalara qaytarılmasıdır. Ona görə qaytarılması yazırıq ki, təxminən 15 il əvvəl ölkə çempionatı matçlarının bir çoxunda böyük izləyici kütləsi olurdu. Sonradan rəqabətin aşağı düşməsi, bəzi bölgələrin futbolsuz qalması fanatların da yoxa çıxmasına səbəb oldu. Azarkeşlərin stadionlara qaytarılması üçün klub onlarla arada xüsusi dəyərlər yaratmalıdır.
Azarkeş probleminin həll edilməsi ilə bilet satışından, stadionda ketrinq xidmətindən büdcəyə müəyyən daxilolmalar olacaq. İnsanların stadionlara axışması potensial investorların da diqqətini cəlb edəcək. Heç kim boş tribunalar qarşısında oynayan kluba pul ayırmağa isti yanaşmır. Əslində doğru, planlı və ardıcıl addımlar atılmaqla ölkə futbolunda müəyyən qədər biznes mühitinin formalaşdırılması elə də çətin görünmür. Ancaq ilk növbədə bu prosesə start vermək lazımdır. Biz hələ başlanğıc mərhələsinə çatmamışıq.
Chosen
175
2
tribunainfo.az

10Sources