EN

Bütövləşmiş Azərbaycanın seçimi

Xalq–dövlət birliyinin növbəti nümayişi

“Laçında səsvermə başlayıb”, “Şuşada səsverməyə start verildi”, “Xankəndidə seçimlər başladı”. Dünən səhəri bu xəbər sərlövhələri ilə açmaq qədər gözəl duyğu ola bil­məzdi. Bəli, Milli Məclisə növbədənkənar seçkilər böyük uğurla reallaşdı.

Xalqımız öz yüksək iradəsini növbəti dəfə ortaya qoydu. Müasir müstəqillik il­lərində ilk dəfə olaraq bütöv Azərbaycan­da, dövlət suverenliyini tam bərpa etmiş Vətəndə keçirilmiş ali qanunverici orqana seçkilər layiqli şəkildə başa çatdı.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçi­rildi. Həmin məntəqələrdən 54-ü işğaldan azad olunmuş ərazilərdə yerləşirdi ki, bu, səsvermə hüququna malik 42 mindən ar­tıq seçicini əhatə edirdi. Bununla yanaşı, bildirək ki, seçkilərdə 990 deputatlığa na­mizəd mübarizə apardı ki, onlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərə­findən, 684 nəfərin namizədliyi öz təşəb­büsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. Seç­kilərlə əlaqədar 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi. Onlar 51 bey­nəlxalq qurumu və 69 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfər idi.

Milli Məclisə növbədənkənar seçkilər­lə bağlı statistikanın bütün məqamlarını diqqətə çatdırmaq niyyətindən uzağıq. He­sab edirik ki, ölkədəki yüksək seçki ab-ha­vasının özü hər şeyi deyir. Qısa bir müddət­də bu ab-havanın yaranması onu deməyə əsas verir ki, xalqımız taleyüklü məsələlərə münasibətdə həmrəylik immunitetini qoru­yub saxlayır. 1 sentyabr seçkiləri bu həm­rəyliyin təntənəsi kimi yadda qaldı. 

Azərbaycanda xalq-dövlət həmrəyliyi təmin edilib. Dövlətimizin iradəsinin nəti­cəsi olan bütün tədbirlər insanlarımız tərə­findən yüksək qiymətləndirilir. Xalqımız Milli Məclisin qanunyaratma və qanun­vericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyə­sində qurulması yolundakı missiyasını da yüksək qiymətləndirir və hesab edir ki, bu missiyanın tam və qüsursuz reallaşması va­cibdir. Məsələyə mövcud prizmadan yana­şaraq, 2024-cü ilin noyabrında keçirilməli olan parlament seçkilərinin vaxtının əvvələ çəkilməsində böyük məntiq var. 

Məlum olduğu kimi, noyabrda ölkə­miz dünya miqyaslı tədbirlərin keçirildiyi məkana çevriləcək. Nüfuzlu beynəlxalq təşkilatların toplantılarına və digər tədbir­lərə uğurla evsahibliyi edən paytaxtımızda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 təşkil olunacaq. Bundan başqa, noyabrda ölkəmizdə Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Gö­rüşünün 6-cı sessiyası da keçiriləcək. Bu tədbirlər dünyanın diqqətini Bakıya yönəl­dəcək. Paytaxtımız on minlərlə xarici qo­nağı qəbul edəcək. Qlobal əhəmiyyətli bu toplantıların təşkili Vətənimizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb ola­caq. Üstəlik, COP29 sessiyası çərçivəsində Parlament Konfransının təşkili də nəzərdə tutulur. Bu barədə Milli Məclislə Parla­mentlərarası İttifaq arasında Anlaşma Me­morandumu imzalanıb. Parlament iclası COP29-un ən mühüm tədbirlərindən biridir və bu iclasa hazırlıq üçün Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradıl­malıdır. Bundan başqa, Parlament Konfran­sının yekun sənədinin hazırlanması da uzun və çətin prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mü­hüm əhəmiyyət kəsb edirdi.

Parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkili, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbir­lərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindəndir. Buna görə də Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbay­can Partiyasının üzvlərinin növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azər­baycan Respublikasının Prezidentinə mü­raciəti, bütövlükdə, xalqın maraq və məna­felərindən irəli gəlirdi. 

Qətiyyətlə demək mümkündür ki, YAP-ı təmsil edən deputatların növbə­dənkənar seçkilərin təyin edilməsi barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaş­manın ifadəsinə çevrildi. Nəzərə alaq ki, yuxarıda sadaladığımız tədbirlərin yüksək şəkildə təşkili zərurəti seçkilərin keçiril­məsi ilə bağlı sadaladığımız standartların gözlənilməsində müəyyən maneələr yara­da bilərdi. İkinci bir tərəfdən, 2024-cü ilin noyabrında keçirilməli olan parlament seç­kiləri ilə bağlı daha bir həssas məqam var. 

Əvvəldə də qeyd etdik ki, 1 sentyabr seçkiləri Azərbaycanın dövlət suverenli­yini və ərazi bütövlüyünü təmin etdikdən sonra reallaşan ilk parlament seçkisidir. Bu “ilk”in ən yüksək səviyyədə olması zərurəti xalqımız, cəmiyyətimiz və dövlətimiz qar­şısında dayanan mühüm vəzifə idi. Yəni, ərazi bütövlüyümüzün və suverenliyimi­zin tam bərpasından sonra ilk dəfə olaraq 7 fevral 2024-cü ildə keçirilmiş Prezident seçkiləri hansı yüksək ab-havada olmuşdu­sa, parlament seçkilərinin də eyni qaydada olmasına ehtiyac duyulurdu. Hesab edirik ki, bu ehtiyacın ödənilməsi nöqteyi-nəzə­rindən də seçkilərin vaxtının əvvələ keçi­rilməsi məntiqi sayılmalıdır və yanaşma özünü doğrultdu. 

Dünən Milli Məclisə keçirilmiş növ­bədənkənar seçkiləri zəruri edən daha bir məqama diqqət yetirək. Məlumdur ki, bey­nəlxalq aləmdə mürəkkəb proseslər gedir. Dünyanın müxtəlif ölkələrində əsl xaos yaşanır. Bəzi dövlətlər bu xaos və anarxiya mənzərəsini aradan qaldırmaqda acizdirlər. Üstəlik, belə xoşagəlməzliklərin ayrı-ayrı yerlərə sıçrama təmayülü də var. Belə bir durumda milli cəmiyyətlərin monolit struk­turunun qorunub saxlanması, onların siyasi kataklizmlərə qarşı özünüqoruma instink­tinin diri qalması şərtdir. Hesab edirik ki, bu baxımdan da erkən seçkiyə ehtiyac var idi. Ona da əminik ki, seçkinin nəticələri haqqında söz açdığımız instinkti möhkəm­ləndirdi. 

Qeyd edək ki, Milli Məclisin bundan əvvəlki tərkibi pandemiyaya qarşı müba­rizə ilində formalaşdı. Yuxarıda haqqında söz açdığımız mənfi təmayüllər xüsusunda, belə demək mümkünsə, dünyanın başına almış siyasi pandemiyaya qarşı mübarizə ruhunun ortaya qoyulması vacibdir. Nəzərə alaq ki, Azərbaycan 2020-ci ilin müqəddəs Zəfərindən sonra tamamilə yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin bir cəhəti geosiyasi amillərin regionumuza təsiri ilə bağlıdırsa, digər məqam ölkəmizin öz tor­paqlarına sahiblənmə əzmini real tədbirlər­lə ortaya qoymasıdır. 

Hazırda dövlətimiz tərəfindən “Böyük qayıdış” planı icra olunmaqdadır. Bu plan özündə işğaldan azad edilmiş torpaqları­mızda misilsiz bərpa və quruculuq, yeni­dənqurma işlərini ehtiva edir. Qarşımızda belə məsuliyyətli dönəmin açıldığı bir vaxt­da ölkəmiz heç bir halda kənar qüvvələrin mənfi təsirlərinə uğramamalı, tutduğu yol­da sabit addımlamaqdan geri qalmamalıdır. Ən əsası isə prosesin hüquqi tərəfi önəmli­dir. Deməli, yeni tərkibli Milli Məclis həm də dövlətimizin siyasi uğurlarının layiqli təmsilçilik plasdarmına çevrilməlidir. Heç şübhəsiz, dünənki seçki mütəşəkkilliyi xalqımızın bu missiyaya növbəti dəstəyinin nümunəsi, eyni zamanda, xalq-dövlət birli­yinin nümayişi oldu. 

XQ-nin analitik qrupu

Chosen
46
xalqqazeti.az

1Sources