EN

Zəngəzurda toqquşan MARAQLAR – Rusiya və İran arasında anlaşmazlığın PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, Moskvanın bu yaxınlarda Ermənistan vasitəsilə Bakı ilə Naxçıvanı birləşdirən dəhlizin açılmasına dəstəyini bildirməsindən sonra İran Xarici İşlər Nazirliyi Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovu görüşə çağırıb. İran XİN-in Avrasiya bürosunun baş direktoru rusiyalı səfirlə görüşündə Tehranın dəhlizlə bağlı mövqeyi diqqətə çatdırılıb və bildirilib ki, İran tanınmış beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasi dəyişikliklərə qarşıdır.

Bu açıqlamadan göründüyü kimi Moskva ilə Tehran arasında Zəngəzur dəhlizi məsələsində fikir ayrılıqları mövcuddur. Moskva onun istifadəyə verilməsində maraqlı olduğu halda, Tehran məsələyə özünün “qırmızı xətt”i kimi yanaşır.

Görəsən, Rusiya ilə İran arasında Zəngəzur anlaşmazlığı nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan, Çin, Türkiyə və Rusiyanın dəhliz məsələsində maraqlarının üst-üstə düşməsi Tehranı geri addım atmağa vadar edəcək:

“Zəngəzur dəhlizinin açılmasının reallaşması ilə bağlı artıq ortada konkret, əməli işlər var. Ancaq digər tərəfdən Ermənistan təəssüf ki, 10 noyabr bəyanatını yerinə yetirmir və Zəngəzur dəhlizi ilə bağlı məsələni bloklamağa davam edir. Ermənistanın özəlliklə qərbdəki havadarlarının təxribatları vasitəsilə Zəngəzur dəhlizinə əngəl törətməyi bu lahiyənin İrəvan tərəfindən ciddi şəkildə sabotaj edilməsinə hesablanmış addımdır.

Zəngəzur dəhlizi Ermənistanın bir dövlət olaraq 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikdir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı məsələ əvvəl-axır Azərbaycanın tələblərinə uyğun yerinə yetirilməlidir”.

Ekspertin fikrincə, İran Rusiya faktoruna görə bu dəfə məsələyə loyal yanaşa bilər:

“İran bu məsələyə əngəl olmaq üçün əlindəki bütün vasitələr və qüvvələrdən istifadə edir. Hətta bəzən daha irəli gedərək hədələrə baş vurur. Rəsmi Tehran bu istiqamətdə həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə çalışır.

Cənub qonşumuz dəhlizin açılması fonunda türk dünyası arasında quru bağlantısının yaranacağını, növbəti mərhələdə isə Güney Azərbaycanda müstəqillik istəklərinin artacağını düşünür.

Kreml və Tehran başqa sahələrdə əməkdaşlıq etsə də, Zəngəzur dəhlizi ilə bağlı fikirləri bir qədər fərqlidir. Amma Azərbaycanın, Çinin, Türkiyənin, Rusiyanın bu məsələdə maraqlarının üst-üstə düşməsi Tehranı geri addım atmağa vadar edə bilər”.

Chosen
126
50
turkustan.az

10Sources