“DSK-nın qərarından 3 gün keçəndən sonra bizə müraciət edilə bilər”.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 3 gün keçərsə, müraciətə baxa bilməzlər: “Görürük kənarda gedib deyirlər nə olsun 3 gün keçib, baxardılar. Amma belə deyil. Seçkidə biz bilsək ki, haradasa pozuntu var, onu dərhal müzakirə edirik. Amma kimlərsə dalaşıbsa və şikayət yoxdursa, biz buna baxa bilmərik. Bizim çəkinəcəyimiz heç bir məsələ yoxdur. Seçki günü 6478 məntəqədə seçki keçirilib. Bütün müşahidəçilər seçkini izləyib. Onların qarşısını heç kim ala bilməz. Barmaq sayı ilə sayıla biləcək məntəqədə xoşagəlməz hallarla bağlı sosial şəbəkədə yayılmışdı. Pozuntu olan şeyə biz pozuntu deyəcəyik. Amma kimlərinsə hay-küyünə görə ümumi seçkilərə kölgə salmaq olmaz. Pozuntudan pozuntuya çox fərq var. Elə pozuntu var nəticələrə təsir etmir. Amma yenə də bu pozuntu da cəzalandırılmalıdır. Amma bu hallara görə bizim çəkdiyimiz əziyyətə kölgə salmaq olmaz. Biz əziyyət çəkmişik. Seçkilər çox yüksək səviyyədə keçib”.