EN

Yuxuları yozan mütəxəssis nələr danışdı: “Bir yuxunu iki dəfə görürsünüzsə...” - MÜSAHİBƏ

Yuxular din, mədəniyyət və tarix baxımından qədim Misirdən tutmuş Cənubi Asiyaya qədər saysız-hesabsız rəvayətlərə mövzu olub.

Mütəxəssislər qeyd edirlər ki, yuxular bütün dövrlərdə "ilahi mesaj" kimi qiymətləndirilib.

"Cebheinfo.az" yuxu aləmi haqqında ölkədə ilk oneyromant  (insanların yuxularını psixoloji cəhətdən analiz edən insan-red.) Günay Bayramova ilə müsahibəni təqdim edir:

– Günay xanım, yuxu nədir? İnsan niyə yuxu görür?

– Yuxu insanın dincəlməsi üçün nəzərdə tutulan və 24 saatdan bir təkrarlanan bir tsikldır. Yuxunu komadan və özündəngetmə hallarından fərqləndirən onun təkrarlanmasıdır. Digər tərəfdən, yuxu bizim paralel həyatımızdır. Real həyatımızda hiss edib, amma fərqinə varmadığımız hər şey yuxu aləmində gerçəkləşir, özünü göstərir. Bəlli bir şəkildə yuxuda da bir həyat var. Yuxu Allahın insana bir lütfüdür. Biz insanıq, həyatımızda yolunda getməyən nələrsə olur. Amma bütün bu problemlərin səbəbinin, eyni zamanda həllinin göstərilməsi yuxularda mövcuddur. 

Əfsuslar olsun ki, çox az sayda insan yuxularla problemlərin öhdəsindən gəlməyin mümkünlüyünün fərqində olur. Yaşanılan hər hansı bir situasiyanın necə həll olunacağına dair dəfələrlə işlənmiş bir mexanizm var. Məsələn, biz hər hansı bir məsələnin necə həll olunacağını bilirik, amma görməzdən gəlirik. Bu zaman yuxu bizə həll yolunu göstərir. 

Yuxuların da fərqində olmadıqda problemin həllini də tapa bilmirik. 

– Neçə ildi bu işlə məşğulsunuz? Çox sayda insanın yuxusunu yozmusunuz.

Bu illər ərzində qarşılaşdığınız çox qəribə yuxu nə olub?

– 2018-ci ildən yuxuların analizi ilə bağlı səhifəyə rəhbərlik edirəm. 

Bu illər ərzində yuxu analizi mövzusunu onlayn olaraq daha geniş kütləyə çatdırmağa çalışıram. Hər ay təqribən yüzlərlə insanla işləyirəm. 

Müraciət edənlər arasında çox qəribə yuxu görənlər olur. Yuxular arasında insanların iç dünyasını ortaya çıxaran emosional, spiritual detalları olan ekzotik yuxular olur. Yuxularla bağlı informasiyaya çox açıq olduğum üçün insanlar nəyisə səsləndirməsələr belə, o informasiya artıq məndə yaranmış olur. 

Bu illər ərzində ən qəribə situasiyalardan  biri iki xanımın eyni anda müraciət etməsi və eyni yuxunu görmələri olub. Belə ki, ana və qızı eyni yuxunu görmüşdülər. Hər ikisi də spiritual bir şeylər etməyə həvəskar tipajlar olub. Bunu da xoş olmayan məqamlar üçün istifadə ediblər. Yuxu üçün müraicətetmə formaları onların məsum olduqlarını ortaya qoymağımı istəmələri idi. 

Onlar gördükləri yuxunu analiz edib, nəticədə onlara günahsız, haqlı olduqlarını deməyimi istəyirdilər. İlk dəfə idi ki, belə halla qarşılaşdırdım. Çox düşündükdən sonra məcburi halda həqiqət nə idisə, onu səsləndirdim. Demək olar ki, birinci səsləndirməmdən sonar həqiqəti dediyim üçün sosial şəbəkə hesabımı əngəllədilər.

– Bəzən olur ki, bir yuxunu müəyyən aralıqla yenidən görürük. 

Təkrarlanan yuxular mesaj xarakterli olur?

– Təkrarlanan yuxular varsa, deməli, yuxu görən şəxsə çatması lazım olan bir informasiya var. Əfsuslar olsun ki, insanlar yuxuya çox dəyər vermirlər. Biz Allahdan nəsə istəyirik, dua edirik, bir işarə gözləyirik. Lakin insanlara görə möcüzə hər hansı bir şəxsin suyun üzərində gəzməsidir. 

Halbuki bir problem üzərində gün ərzində düşünəndə yuxumuzda bizə bu haqda nəsə göstərilir. Problemin səbəbi, həlli, həll olduqdan sonra nə yaşanacağı haqda bütün detallar yuxuda öz əksini tapır. Sadəcə, yuxu insanla simvolik dillə danışır. Bir az araşdırdıqdan sonra yuxunun bizə nə demək istədiyini öyrənə bilərik. Hesab edin ki, başqa dildə danışan mehriban qonşunuz var. Bir müddət sonra münasibəti qorumaq üçün qonşunun dilində bir neçə söz öyrənirik. Lakin insanlar özləri ilə münasibət qurmağa o qədər də həvəskar deyillər. 

– Gördüyümüz hər yuxunu niyə xatırlamırıq? 

– Gördüyümüz hər yuxunu xatırlamamaq da Allahın bizə bir lütfüdür. Çünki gördüyümüz hər yuxunu xatırlasaq, beynimiz informasiyalarla dolacaq. 

Yuxularda hər zaman lazımlı informasiyalar olmur. Yeni informasiyalara yer olsun deyə nəyisə unutmalıyıq. Yuxular da bunların içində gedir. 

Lakin insan bir dəfə yuxuya əhəmiyyət verib, onu analiz etsə, əksər yuxularını unutmaz. 

– Adətən deyirlər ki, gecənin yuxusunu səhərə danışmaq lazımdır. Bu haqda nə deyə bilərsiniz? 

– Əksinə, yuxunu unutmamaq üçün onu məhz gecə danışmaq lazımdır. Çünki yuxudan oyandıqdan 5 dəqiqə sonra yuxunun 80%-i unudulur. Yuxuları unutmamaq üçün qeyd etmək önəmlidir, bunun yaddaşa da müsbət təsiri var. 

– Gündəlik həyatımızda baş verənlər gördüyümüz yuxulara təsir edir?

– Gün ərzində yaşadıqlarımız gördüyümüz yuxulara təsir edir. Lakin bu, hər zaman olmur. Gün ərzində izlədiyimiz televiziya kanalları, telefonda izlədiyimiz məlumatlarla bağlı yuxuda nəsə görürüksə, bu da bir ismarıcdır. Sırf həmin hadisə ilə bağlı şüuraltı insana nəyisə göstərməyə çalışır. Şüuraltımız izlədiyimiz məlumatlarla paralel məlumat verir ki, situasiyanı daha rahat qəbul edək. Məsələn, tez-tez məktəblə, təhsillə bağlı yuxular görən insanlar var. Halbuki onlar məktəbi çoxdan başa vurublar. Bu, təhsil göstəricisi deyil. Bu tip yuxuları görən insanlara yuxuda aşa bilmədikləri bir baryerin olduğu göstərilir. Heç bir şəkildə gerçək həyatınızda mövcud olmayan detallar sizə informasiya ötürə bilər. Ümumi olaraq, yuxu aləmində eşitdiyiniz hər detalın bir mənası var. 

– Buradan oxuculara nə demək istəyərsiniz?

– Demək istəyirəm ki, hər yuxu özəldir, gözəldir və informativdir. Kabus görsəniz belə, bu da bir informasiya xarakteri daşıyır. Kabusu belə dəqiq analiz etdikdə, onun yalnız qorxu mənası daşımadığını görə bilərsiniz. Son olaraq, yuxularınıza və özünüzə hər zaman inanın!

Chosen
87
7
cebheinfo.az

10Sources