X hissə Əvvəlini burdan oxuya bilərsiniz Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Bu, Azərbaycanın 33 illik müstəqillik dövründə VII parlament seçkiləri idi. Onlardan yalnız ikisi – 2020 və 2024-cü il seçkiləri növbədənkənar təyin olunub. Həmçinin 1995 və 2000-ci il seçkiləri qarışıq sistemdə, proporsional və majoritar qaydalarda baş tutub. Meydan TV tarixi proseslərə ekskurs edərək müxtəlif dövrlərdə keçirilmiş parlament seçkiləri ərəfəsində yaşananları bir daha xatırlatmaq qərarına gəlib. Bir neçə hissədən ibarət məqalə həmin dövrlərdə nəşr olunan mətbu orqanlarda yazılanlar əsasında hazırlanıb. Müşahidə Missiyasının Aralıq hesabatı: Seçki kampaniyası “solğun keçir” Yanvarın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı Aralıq Hesabatını yaydı. 7-24 yanvar dövründəki seçki prosesini əhatə edən sənəddə bildirilirdi ki, seçki dairələrinin yarısından çoxunda qeydə alınmış seçicilərin sayı orta hesabla qanunun icazə verdiyi həddən çoxdur: “Təxminən 5,2 milyon qeydiyyatdan keçmiş seçici var, onlardan da 340,689 nəfəri məcburi köçkündür. Seçici siyahıları 5-15 yanvar tarixləri arasında ictimaiyyət üçün açıq idi ki, seçicilər öz məlumatlarını onlayn yoxlaya və düzəliş tələb edə bilsinlər. Seçki günü qeydiyyat, yaşayış yerini təsdiq edən sənədlə mümkündür. MSK bazasında qeydə alınmış seçicilərin sayı ilə Dövlət Statistika Komitəsinin məlumatlarında səsvermə yaşı olan vətəndaşların sayı arasında təxminən 2 milyon nəfərə qədər fərq var”. Hesabatda DTİHB və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən sərbəst toplaşma və ifadə azadlığı, media mühiti və namizədlərin qeydiyyatı ilə bağlı çoxsaylı tövsiyələrin hələ də nəzərə alınmadığı vurğulanır: Seçki kampaniyası. Foto: Meydan TV “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, üzərilərində olan məhkumluğun götürülməməsi və cinayət qeydlərinin aradan qaldırılması səbəbindən dörd şəxsin namizəd kimi qeydiyyatına imtina edilib. Qeydə alınan 1637 namizədin 83 faizi özü tərəfindən namizədliyi irəli sürülüb. 19 siyasi partiya toplam 272 namizəd irəli sürüb. Son parlamentin cəmi 80 üzvü (64 faiz) yenidən seçilmək istəyir. Qeydiyyata alınmış namizədlərin 21 faizini qadınlar təşkil edir. 24 yanvar tarixinə qeydə alınmış namizədlərdən 239 nəfəri seçki yarışından imtina edib”. Hesabatda yanvarın 17-də başlanan seçki kampaniyasının “solğun keçdiyi” bildirilib. Partiyaların ianə fondu, ən çox YAP üçün yığılıb Fevralın 4-də hakim Yeni Azərbaycan Partiyası seçki fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb. Bildirilib ki, xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib. Bu barədə partiya MSK-ya göndərdiyi məlumatda qeyd edib. Meydan TV-nin seçkiyə qatılan partiyalara sorğusuna Müsavat Partiyasının başqanı Arif Hacılı hər bir namizədin ayrıca ianə fondu yaratdığını və hesab açdığını qeyd edib: “Çünki 60 dairədən çox namizədi qeydə alınmayan partiyanın namizədlərinin hər biri özünə hesab açmalıdır. Mən öz hesabım barədə məlumat verə bilərəm, 700 manat vəsait daxil olub, onun da 648 manatı xərclənib. Mən DSK-ya iki dəfə hesabat vermişəm, seçki bitəndə bir hesabat da təqdim edəcəm”. Manat. Foto: Cahid Ahmed/shutterstock O, müsavatçı namizədlərin Beynəlxalq Bankda hesab açdığını söyləyərək, onlar barədə bilgili olmadığını bildirib: “Bu hesablar leqaldır və onların hər biri DSK-ya vaxtaşırı məlumat verir. Bütövlükdə müsavatçı namizədlərin olduğu dairələrdə seçki xərcləri min manatı aşmır. Ancaq seçki kampaniyasına maliyyə vəsaiti nə qədər çox olsa, daha yaxşıdır. İndiki şəraitdə normal seçki kampaniyası təşkil etmək üçün heç olmasa 10 min manat lazımdır”. “Cümhuriyyətçilər İttifaqı” qeydə alınmadığından ümumi seçki hesablarının olmadığını qeyd edən iqtisadçı Natiq Cəfərli fərdi qaydada 31 namizədin bank hesabı açdığını əlavə edib: “Bununla bağlı ianə vermək istəyən vətəndaşlara müxtəlif vasitələrlə məlumatlar da paylanılıb. Təşviqat yekunlaşandan sonra hər bir namizədlə bağlı məlumatları yayacağıq”. Natiq Cəfərli özünün seçki hesabına 806 manat ianə verildiyini və bu vəsaitin hamısının da təbliğat materiallarına xərcləndiyini bildirib: “Amma fevralın 3-də və 4-də 400 manata yaxın ianələr verilib və son təşviqat günündə rəqəmi paylaşacam. İanə verənlərdən cəmi 2 nəfəri tanıyıram, qalanlarını tanımıram”. Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, “Milliön” şirkəti ilə müqavilə bağlamaq proseduru uzun vaxt apardığından seçki fondu təsis etməyiblər: “Kampaniyaya az vaxt qaldığından belə bir fond təsis edilmədi”. “Hərəkət” Seçki Blokunun təmsilçilərindən Ruslan İzzətli hesab edirdi ki, hakim partiyaya ianə köçürülməsi inzibati yollarla gerçəkləşdirilir: “Ümumiyyətlə, YAP-da üzvlük pulu necə məcburidirsə, seçki fondu da məcburi şəkildə ianə toplayır. Hakim partiyanın namizədlərinə regionlarda münasibət mənzərəni ortaya qoyur”. R.İzzətli bildirib ki, “Hərəkət” Seçki Blokunun üzvləri birbaşa ianə toplaya bilmirlər, çünki seçkidən sonra təzyiqlərə məruz qalacaqlarını düşünürlər: “Seçki qərargahında hazırda 20 nəfər gənc könüllü işləyir, 10 nəfər ofisdə olur, qalanları ərazidə iş aparır. Xaricdə olan azərbaycanlılar var ki, hesabımıza pul köçürürlər. Əlbəttə, 100-200 min civarında dəstək yoxdur, indiyə qədər min manata yaxın yardım olub. Amma onlar blokun üzvü deyillər. Yaxud bir xanım şirniyyat hazırlayıb gətirmişdi, o da elə dəstək verib. Başqa biri gəlib könüllü çalışmaq istədiyini deyib”. Seçkiyə 5 gün qalmış… Seçkiyə 5 gün qalmış namizədlərin sayı ilə bağlı mənzərə bu şəkildə idi: Yeni Azərbaycan Partiyası: 123 nəfər. Müsavat Partiyası üzvləri 60 dairədən 64 namizəd, onlardan 28 nəfər partiya xətti ilə, digərləri isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. “ReAL Cümhuriyyətçilər İttifaqı”: 31 namizəd. Partiyanın sədri İlqar Məmmədov və üzvləri Rəsul Cəfərov, Zaur Qurbanlı seçkilərə buraxılmadı. “Hərəkət Seçki Bloku” 18 nəfərlə seçkilərə qatılsa da, 16 nəfərin namizədliyi qeydə alındı. Demokrat Partiyası 30 nəfər namizədliyini irəli sürsə də, 10 nəfəri qeydə alınıb. Azərbaycanda seçkilər, Foto: By AlexLMX/Shutterstock Ana Vətən Partiyasından 62 nəfər namizəd olmaq üçün sənədlərini DSK-lara təqdim etmişdi, amma 14 nəfərin namizədliyi qeydə alındı. Ümid Partiyasından 80-dən çox şəxs namizədliyini irəli sürsə də, 21-i nəfəri qeydə alındı. Vətəndaş Həmrəyliyi: 15 namizəd. Müasir Müsavat Partiyasının 8 nəfər üzvündən 5-i qeydə alınıb. Azərbaycan Milli İstiqlal Partiyasının irəli sürdüyü 16 nəfərdən 9 nəfər qeydiyyata alınıb. Milli Dirçəliş Hərəkatı Partiyası 33, İslahatlar Naminə Açıq Media Bloku (İNAM) 21, Ağ Partiya 20, Ana Vətən Partiyası 14. Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Təkamül, Sosial Rifah, Vəhdət, Demokratik İslahatlar, Liberal Demokrat, Demokratik Maarifçilik partiyaları az sayda namizədlər seçkilərə qatıldılar. Yalnız hakim Yeni Azərbaycan Partiyasının 64-dən çox namizədi qeydə alındığından İctimai Televiziyada pulsuz efir vaxtı qazandı. Ancaq YAP bundan imtina etdi. MSK: Seçici fəallığı 46.84 faiz olub Mərkəzi Seçki Komissiyası (MSK) seçki gününün sonunda seçici fəallığının 46.84 faiz olduğunu açıqladı: “5,3 milyon seçicidən 2,5 milyona yaxın seçici seçkilərdə səs verib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib. Hakim Yeni Azərbaycan Partiyasının namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində liderlik edir”. Seçkilər. Foto: Reuters MSK seçkilərin 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə etdiyini qeyd edib. Komissiya Yeni Azərbaycan Partiyasından 70, bitərəf adı ilə 41, Vətəndaş Həmrəyliyi Partiyasından 3 (Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Rəfael Hüseynov), Ana Vətən (Fəzail İbrahimli), Demokratik İslahatlar (Asim Mollazadə), Demokratik Maarifçilik (Elşən Musayev), Bütöv Xalq Cəbhəsi (Qüdrət Həsənquliyev), Böyük Quruluş (Fazil Mustafa), Vətəndaş Birliyi (Sabir Hacıyev) və Vəhdət (Tahir Kərimli) partiyalarının hər birindən ayrılıqda bir nəfərin mandat aldığını elan etdi. SMDT: Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçkilər ərəfəsində siyasi azadlıqlar, xüsusilə sərbəst toplaşmaq, birləşmək və ifadə azadlıqlarından istifadə üçün məhdudiyyətlərin aradan qalxmadığını bildirib. Bu barədə fevralın 10-da mərkəzin yaydığı hesabatda qeyd olunurdu ki, 2003-cü ildən etibarən Seçki Məcəlləsinin təkmilləşməsi, xüsusən də seçki komissiyalarının ölkədəki nüfuzlu siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında formalaşması barədə yerli ictimai-siyasi institutların, habelə Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi və Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb. Source: Foto: Meydan TV SMDT 9 fevral 2020-ci il parlament seçkilərinin ilkin mərhələsi – namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində kütləvi pozuntular qeydə almasa da, bu prosesə yerli icra hakimiyyəti təmsilçilərinin müdaxilə hallarını, bəzi hallarda namizəd olmaq istəyən şəxslərə siyasi təzyiqlər olduğunu vurğulayıb: “Növbədənkənar parlament seçkiləri üzrə seçkiqabağı təşviqat dövründə siyasi muzakirələr və seçkilərə ictimai maraq əvvəlki parlament seçkiləri ilə müqayisədə xeyli aşağı olub. Təşviqat dövründə dövlət televiziyalarında müxalif siyasi baxışlı şəxslərin iştirakı ilə hər hansı ictimai müzakirə və ya seçkinin gedişilə bağlı siyasi debatlar yayımlanmayıb, namizədlər arasında yerli və milli səviyyəli problemlərin müzakirəsi baş verməyib. Seçki günü namizədləri təmsil edən şəxslərlə yanaşı müşahidəçilərə qarşı fiziki zorakılıq və siyasi təzyiqlər qeydə alınıb. Bu cür hallar seçki komissiyası üzvləri, yerli icra strukturları təmsilçiləri və polisin iştirakı ilə qanun pozuntularına irad bildirən müşahidəçilərə qarşı baş verib”. IDI: Siyasi rəqiblərə qarşı təqib və təzyiqlər azalmayıb Demokratik Təşəbbüslər İnstitutu (IDI) seçkidən bir gün sonra yaydığı rəyində növbədənkənar parlament seçkilərinin hakim partiyanın inzibati resursları mütləq istifadə etdiyi, real siyasi qüvvələr arasında siyasi dialoqun yoxluğunun diktə etdiyi, əlverişsiz siyasi mühitdә keçirildiyini qeyd edirdi. IDI bildirirdi ki, seçkilər dövründə siyasi hüquqlar və fəaliyyət azadlıqlarına ciddi məhdudlaşdırmalar, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər azalmayıb: “2013-cü ildən etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif təşkilatlar təzyiq siyasətinin hədəfinə çevrilib. Həmçinin proses 100-dən çox siyasi məhbusun hələ də həbsdə saxlandığı mühit altında aparılıb”. Foto: Demokratik Təşəbbüslər İnstitutu Həmçinin, rəydə ölkə miqyasında sərbəst toplaşmaq azadlığının tam şəkildə məhdudlaşdırıldığı vurğulanırdı: “MSK seçkiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 272 yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində 2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılıb. Beləliklə, 2010-cu ildəki vəziyyətlə müqayisədə təxminən 18 dəfə imkanlar məhdudlaşdırılıb”. IDI bildirib ki, parlament seçkiləri dövründə namizədlərin irəli sürülməsi və qeydiyyatı dövrü qanun pozuntuları ilə müşayiət olunub: “78 seçki dairəsi üzrə seçki komissiyalarının fəaliyyətində aşkarlıq və namizədlərə münasibətdə bərabərlik prinsiplərinin pozulması, kütləvi formada namizədlikdən imtina ərizəsi yazdırılması, seçki iştirakçılarına təzyiqlər, inzibati resursların sui-istifadəsi, habelə kənar mudaxilələr baş verib. Belə vəziyyət 40 seçki dairəsində alternativsizlik mühitinin yaradılması ilə nəticələnib”. ATƏT/DTİHB: Rəqabət mühiti olmayıb, sərbəst toplaşma və birləşmə azadlığı təmin edilməyib Fevralın 10-da “Holiday INN” hotelində ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirdilər. Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib. ATƏT DTİHB-nin Müşahidə Missiyasının koordinatoru Andrey Qerasimov bildirib ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit növbədənkənar parlament seçkilərində əsl rəqabətə maneçilik törədib. Onun fikrincə, real siyasi müzakirələrin olmaması səbəbindən seçicilərə düşünülmüş seçim verilməyib: “Bir çox namizəd seçicilərlə əlaqə yaratmaq üçün sosial şəbəkələrdən istifadə edib, lakin bu, kampaniyanın ənənəvi KİV-də yayımlanmasını kompensasiya etməyib”. “DTİHB və Venesiya Komissiyasının əsas KİV azadlıqları və namizədlərin qeydiyyatı ilə bağlı çoxdankı tövsiyələri yerinə yetirilməyib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azad seçki hüququnun pozulmasına dair 23 iş üzrə qərar qəbul edib, lakin İlqar Məmmədovun işi də daxil olmaqla, heç bir qərar icra olunmayıb, bu səbəbdən o, namizədliyini irəli sürə bilməyib”,-deyə Qerasimov fikrini tamamlayıb. A.Qerasimov seçki günü müşahidəçiləri onlara prosedurların çox ciddi pozuntuların baş verdiyini çatdırıdığını deyib. “Məsələn, protokolların verilməməsi, istifadə olunmayan bülletenlər düzgün istifadə edilməyib, başqa otaqlara aparılması qeydə alınması müşahidə edilib. Həmin otaqlarda nələr olmasını heç kim bilmir. Bir yox, iki yox, üç yox, böyük sayda belə hallar olub”. Müşahidə Missiyası. Foto: Meydan TV AŞPA missiyasının koordinatoru Frank Şvabe müşahidəçilərin çoxsaylı pozuntular qeydə aldıqlarını açıqlayıb və “bu, ən çox səslərin hesablanması zamanı baş verib”,-deyə əlavə edib. Frank Şvabe qeyd edib ki, o, səslərin hesablanmasında ciddi pozuntuları müşahidə edib, protokollar verilmirdi, proses özü şəffaf deyildi, konkret olaraq, 30 DSK-nin 10-cu məntəqəsində belə hallar olub: “Namizədlərə iştirak etmək imkanı verilsə də, qalib gəlmək imkanı verilmədi. 5 il həbsdə olan İlqar Məmmədov barədə Avropa Məhkəməsi onun məhkumluğunun aradan qaldırılması qərarını versə də, onu seçkiyə buraxmadılar. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandakı seçkilərlər bağlı 23 qərar qəbul edib, ancaq buna baxmayaq, İlqar Məmmədov və digərlərinin namizəd olmasının qarşısı alındı. Biz Azərbaycanı məhkəmənin qərarlarını icra etməyə çağırırıq, eyni zamanda, Venessiya Komissiyasının tövsiyələrini icra etməyə dəvət edirik”. ATƏT PA-nin Albaniyadan olan koordinatoru Yelena Hoca Cebrea seçkilərdə qadınların az iştirakından və namizədlərin 21 faizinin qadın olmasından təəssüflənib: “Azərbaycanda qeydiyyatdan keçən 55 partiyanın heç bir rəhbəri qadın deyil. Azərbaycanda qadınların namizədliklərinin irəli sürülməsi baxımından heç bir hüquqi tələblər yoxdur. Buraxılmış parlamentdə 20 yer, dövlət komitələrinin birində də qadın rəhbər yoxdur, yalnız 15-nin rəhbərliyində qadın var. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldılması üçün BMT-nin Konvensiyasından irəli gələrək Azarbaycanı bu sahədə fəal olmağa dəvət edirik. İkinci, gənclərin bu seçkilərdə fəallığının artırılması əsas müzakirə mövzularından idi. ATƏT bununla bağlı hökumətə dəstək olmağa hazırdır”. Tədbirdə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Müşahidə Missiyasının jurnalistlərə təqdim olunan hesabatında bildirilib ki, Azərbaycanda fundamental hüquq və azadlıqların təmin olunması ciddi narahatlıq doğurur. Hökuməti tənqid edənlərə qarşı sistematik təqiblər barədə xəbərlər ciddi narahatlığa səbəb olur. Seçkilərdə rəqabət mühiti olmayıb, sərbəst toplaşma və birləşmə azadlığı təmin edilməyib. Sənəddə seçki günündə səsvermə mənfi qiymətləndirilib, xüsuslə müşahidə olunan məntəqələrin 7 faizində. Bu isə böyük rəqəm olduğundan ciddi prosedurların çaışmazlığına işarə edir: “Çox böyük təəssüflə qeyd edək ki, yaxşılaşmalar və təkmilləşmələr rəqabətli mühitə gətirə bilərdi. Ancaq səsvermə günü səslərin hesablanması məyusedici idi. Bülletenlərin sayılmaması (35 hal), seçki qutularının seriya nömrələrinin qeyd edilməsi (37 hal). Seçicilərin barmaqlarında mürəkkəb izləri yoxlanılmayıb (13%). Seçki qutularına topa bülleten atılması məntəqələrin 16 faizində qeydə alınıb. “Karusel”lər 5 faiz məntəqədə, məxfiliyin pozulması 4 faiz məntəqədə qeydə alınıb. 39 halda komissiya üzvləri müşahidəçilərlə əməkdaşlıq etməyiblər, 6 halda partiyaların nümayəndələri və ya namizədlər qovulub. 44 seçki məntəqəsində kənar şəxslər, o cümlədən polis və təhlükəsizlik xidməti əməkdaşları, hərbi qulluqçular, habelə dövlət məmurları görünüb. Əhəmiyyətli prosedurlara məhəl qoyulmadığına görə 113 haldan 66-da səslərin sayılması mənfi qiymətləndirilib. Seçki qutuları açıldıqdan sonra müşahidəçilər topa ilə bülleten atıldığını görüblər. 7 halda seçki bülletenlərinin sayı seçicilərin sayından çox olub. 15 halda müşahidəçilər protokolların qəsdən saxtalaşdırıldığını görüblər. 22 halda komissiya sədrləri protokolları imzalamayıblar. 17 məntəqədə protokolların nömrələri ya dəyişdirilib, ya da qanun pozuntusu ilə doldurulub”. ABŞ səfirliyi: “Məyus olduq” ABŞ-nin Azərbaycandakı səfirliyi ATƏT DTİHB-nin monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşdüyünü açıqladı. Səfirliyin seçki günün səhərisi yaydığı bəyanatda belə deyilirdi. Diplomatik korpus həmçinin 9 fevral seçkilərinin mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar olduğunu qeyd edirdi: Foto: ABŞ səfirliyi “Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən səs qutularının toplu bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi. Azərbaycan seçki prosesindəki pozuntuları tez bir zamanda araşdıracağına söz verib. DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib. Bunları araşdırmaq və ATƏT DTİHB-nin keçmiş və gələcək tövsiyələrini həyata keçirmək Azərbaycan üçün ATƏT-in üzv olkəsi kimi olaraq öz üzərinə götürdüyü, daha da vacibi isə, Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məqsədilə vacib olacaqdır”. İlham Əliyevdən iki fərqli mövqe Azərbaycanın Prezidenti İlham Əliyev fevralın 9-da keçirilən erkən parlament seçkiləri ilə bağlı iki dəfə fərqli mövqe sərgilədi. Fevralın 10-da İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşdə müşahidə missiyası barədə tamamilə fərqli və ittihamedici fikirlər səsləndirmişdi. Seçkilərinin nəticələrini “Azərbaycan xalqının iradəsi” kimi təqdim edən İlham Əliyev demişdi ki, beynəlxalq müşahidə missiyalarının mənfi rəyinə çoxdan öyrəşiblər: 9 fevral seçkiləri, İlham Əliyev. Foto: Azərtac “Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır. Özü də onlar tərəfindən yox, başqa yerlərdə yazılıb, onlara ötürülür. Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, – bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar”. İ.Əliyev beynəlxalq müşahidə missiyalarının rəyinə də münasibətini ifadə edib: “Biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Bəzi hallarda onların rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür”. “Növbədənkənar parlament seçkiləri Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi,-deyə Əliyev əlavə etmişdi. Lakin fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edən İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar Bürosunun hesabatını tarazlı hesab edirdi. İlham Əliyev bildirirdi ki, heç bir ölkədə tam kamil seçkilər keçirilmir: “Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alsın”. İ.Əliyev seçkilərdəki pozuntuları prosedur xarakterli adlandırıb: “Yəni, bu, hər bir ölkədə var”. Dövlət başçısı bildirib ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirib. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər: “ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik. Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət qabiliyyətli keçib. Rəqabət onda nədir? Bir dairədən əgər orta hesabla 10 nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdi. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs onda açıq rəqabət nədir?”. Amma prezident beynəlxalq təşkilatların Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmaması barədə söylədiklərini qəbul etmir: “Həmişə bizə qarşı deyirlər ki, sərbəst toplaşma azadlığı təmin olunmayıb. Yalandır, olunub. Çünki indi müvafiq yerlərdə sərbəst toplaşma haqqını icra edə bilər. Amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə. Ona görə həm seçki prosesi bütün demokratik meyarlara cavab verib və heç kim deyə biməz ki, seçki prosesində hər hansı pozuntular olub. Və seçkilər günü də çox müsbət şəkildə seçkilər keçirildi. Əgər pozuntular olubsa, bu pozuntular, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəm ki, Mərkəzi Seçki Komissiyası fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz də istəmirik ki, bu pozuntular olsun və pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər bir daha onu göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır. Ona görə bütün bu sahələrdə aparılan islahatlar səmərə verir”. 4 dairədə nəticələr ləğv edildi Prezidentin çıxışından 1 gün sonra, fevralın 13-də Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairənin (33 saylı Xətai I, 35 saylı Xətai III, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan) nəticələrini ləğv edir. MSK 33 saylı Xətai I seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Hüseynbala Mirələmovun adını açıqlamışdı. Bu dairədən öz təşəbbüsü ilə seçkiyə qatılan Fuad Abbasovun şikayəti əsasında qərar çıxarıb. 35 saylı III saylı dairənin nəticələri deputatlığa namizəd İqbal Ağazadənin şikayəti ilə ləğv olunub. MSK lider namizəd kimi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun adını açıqlamışdı. Mərkəzi Seçki Komissiyası (MSK). Foto: Azərtac MSK-nin lider namizəd kimi Milli Məclisin Sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəblinin adını açıqladığı 74 saylı Lənkəran kənd seçki dairəsi barədə namizədlər Rəvan Bəşirov və Əzizxan Əzizov şikayət etmişdilər. Onlar bildirirdi ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib və protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Hüquqşünas Çingiz Qənizadənin adını lider namizəd kimi açıqlandığı 80 saylı İmişli-Beyləqan seçki dairəsindən isə MSK Hikmət Şirinov və Razim Əmiraslanovun şikayətləri əsasında qərar çıxarıb. Araşdırma zamanı bəlli olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. İlk dəfə mandat alan qadınlar: prokuror arvadı, keçmiş nazir müavinin, hakimin, professorun qızı… Fevralın 9-da keçirilən seçkilər nəticəsində formalaşan VI çağırış Milli Məclisdə qadınların sayı əvvəlki tərkibdən 1 nəfər çox idi, 22 nəfər. Onların arasında ilk dəfə deputat olanlardan biri də Əminə Ağazadə idi, o, 57 saylı Kürdəmir Seçki Dairəsindən bitərəf namizəd kimi qalib elan olunub. Əminə Ağazadə Pirallahı rayonunun prokuroru İbrahim Ləmbəranskinin həyat yoldaşıdır. İ.Ləmbəranski bu vəzifədən əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi olub. Əminə Ağazadə və İbrahim Ləmbəranski. Foto: arxiv İ.Ləmbəranski bir sıra ictimai-siyasi fəalların həbsilə bağlı cinayət işlərinin istintaqına rəhbərlik edib. Məsələn, NİDA-çıların işi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunusun işi, “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun işi, Qubadakı etirazlar zamanı həbs olunanların işi… Həmçinin, İ.Ləmbəranskinin adı adamların sifarişli həbsi, saxta cinayət işilərilə yanaşı, işgəncədə hallanırdı. Həbs olunanlar onlara verilən işgəncənin İ.Ləmbəranskinin göstərişilə, onlardan yalan ifadə almaq məqsədilə həyata keçirildiyini bildirirdilər. İbrahim Ləmbəranski 2016-cı ilin martında Pirallahıya prokuror təyin edildi. Həyat yoldaşı Ə.Ağazadəyə gəlincə, Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, o da prokurorluq sistemində çalışıb. Ondan başqa ilk dəfə deputat olanlar sırasında 26 yaşlı Səbinə Xasayeva da vardı, o, 12 saylı Qaradağ-Binəqədi seçi dairəsindən mandat almışdı, rəqibi ReAL Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli idi. Azərbaycan Dillər Universitetində norveçşünaslıq ixtisasını bitirən Səbinə Xasayeva 2014-2016-cı illərdə magistr təhsili alıb. İkinci yeni sima 24 saylı Nizami birinci seçki dairəsindən mandat alan Könül Nurullayeva 2005-ci ildə əsası qoyulan “İRƏLİ” İctimai Birliyinin Təşkilat Komitəsinin sədri idi, onun SOCAR prezidenti Rövnəq Abdullayevanın dəstəyi ilə seçkilərə qatıldığı deyilirdi. Çünki Rövnəq Abdullayev Könül Nurullayevanın seçiçilərlə görüşündə də iştirak edirdi. Foto: Abzas Növbəti mandat alan xanım Nigar Arpadarai 2015–2020-ci illərdə Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri olmuşdu. 29 saylı seçki dairəsindən deputatlığa namizəd olan Nigar Arpadarainin rəqibi ictimai fəal Bəxtiyar Hacıyev idi. Bəxtiyar Hacıyev MSK başda olmaqla müvafiq orqanlara təqdim etdiyi möhürlü-imzalı seçki protokolları ilə Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı protokollardakı rəqəmlər arasında kəskin fərqlərin olduğunu deyirdi. Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsində B.Hacıyev protokolları müqayisə etməklə göstərib ki, 1 saylı məntəqənin protokolunda həmin dairədən qalib elan edilən Nigar Arpadaraiyə 114 səs yazılıb: “Dairə Seçki Komissiyasının yekun protokolunda (DSK) və MSK-nın saytında isə bu rəqəm 214 göstərilib. Yaxud 22 saylı məntəqədə N.Arpadaraiyə 46 səs yazıldığı halda, DSK-nın yekun protokolu və MSK-nın saytında ona bu məntəqə üzrə 96 nəfərin səs verdiyi göstərilib. 27 saylı məntəqənin protokolunda yenə də N.Arpadaraiyə 111 səs yazıldığı halda, DSK-nın yekun protokolunda və MSK-nın saytında rəqəm 175 göstərilib”. Foto: Bəxtiyar Hacıyevin şəxsi arxivindən B.Hacıyev 20-dən artıq məntəqə ilə bağlı bənzər halları sadalayıb. B.Hacıyev daha 17 məntəqədə də nəticələrin ləğv olunması üçün ciddi əsasların olduğunu deyirdi. Amma son nəticədə Elmira Nağıyeva, Vidadi Məmmədov və Həmid Həmidovdan ibarət hakimlər kollegiyası o görüntüləri sübut kimi qəbul etməyib. 32 saylı Suraxanı III dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Afət Həsənova da ilk dəfə idi deputat mandatı alırdı. 2006-2020-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olan, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olan Kamran Hüseynovun qızı Hicran Hüseynova Sumqayıt 41 saylı seçki dairəsindən hakim partiyanın namizədi kimi seçkilərə qatılmışdı. Amma bu seçki Hicran Hüseynova üçün ilk deyildi, o, 2005-ci ildə 42 saylı Sumqayıt seçki dairəsindən seçkilərdə iştirak etsə də, nəticələr ləğv edildi. Həmin dairənin nəticələri ilə bağlı Avropa Məhkəməsi müğənni Flora Kərimovanın şikayətini təmin etdi, hökumət buna görə ona 56 min avro təzminat ödədi. “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Sevil Mikayılova ilk dəfə mandat alan xanımlar sırasındaydı, o, 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçkilərə qatılmışdı. Eyni zamanda, Jalə Əhmədova (Ali Məhkəmənin sabiq hakimi, polkovnik Fərhad Əliyevin qızı), 2006–2016-cı illərdə MSK-da Demokratik İslahatlar Partiyasını təmsil edən Tamam Cəfərova, Fatma Yıldırım (professor Vidadi Əliyevin qızı) ilk dəfə mandat alanlardan idi. Seçkidən sonra… Fevralın 11-də 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova Mərkəzi Seçki Komissiyasının (MSK) önündə aksiya keçirib. Oturaq aksiya keçirən Rəbiyyə Məmmədova fevralın 9-da keçirilən parlament seçkilərində yol verilən qanunsuzluqlara etiraz edib: “Bülletenlərin topa şəkildə atılması, qrup səsverməsi və səslərin sayılması zamanı edilən qanunsuzluqlar. Bunların hamısının məndə görüntüləri var. Həmin görüntülər sosial şəbəkələrdə, mediada da işıqlandırılıb. MSK bunları görməyib? Onların susqunluğuna etiraz üçün burada oturaq aksiya keçirəcəyəm. Ta ki, dairənin nəticələri ləğv edilənədək”. Daha sonra aksiyaya 12 saylı Qaradağ Binəqədi Yasamal seçki dairəsindən olan namizəd Elman Quliyev də qatılıb. O da seçki prosesində olan qanunsuzluqlara etiraz edib və oturaq aksiyaya qoşulub. Qısa zamanda gənclərin ətrafına başqa namizədlər, onların vəklilləri, seçki prosesində iştirak edən müşahidəçilər, məşvərətçilər qoşulub. Polis aksiyanı dağıdıb. İştirakçılar və aksiyanı işıqlandıran jurnalistlərlə birgə 22 nəfəri avtobusa yığıb və naməlum istiqamətə aparıb. MSK qarşısında aksiya. Foto: Azadlıq Radiosu Hadisə yerində olan Meydan TV əməkdaşı bildirib ki, polis aksiyaçılara və jurnalistlərə zor tətbiq edib. Jurnalist Aynur Elgünəşin başından vurub yıxıblar. Yıxılandan sonra yerdə vurmağa davam ediblər. Saxlananlar içində jurnalist Aytac Tapdıq da var. Onun vəziyyətinin pis olduğu bildirilir. Saxlanılanlardan Ərzulla Buludlunun isə qabırğasının sındığı deyilir. Saxlanılanlar arasında olan jurnalist Aynur Elgünəş Meydan TV-yə avtobusla naməlum istiqamətə aparıldıqlarını söyləyib: “Hara aparıldığımızı bilmirəm. Avtobusda 22 nəfər var. Polis saxlanılan zaman iştirakçılara və jurnalistlərə zor tətbiq etdi”. Saxlananlar içində namizədlərdən Rəbiyyə Məmmədova, Toğrul İsmayılov, Fərhad Mehtiyev, Elman Quliyev, Turqut Qəmbər, Ərzulla Buludlu, aktivistlərdən Gülnarə Mehtiyeva, Vəfa Nağı, Bayram Məmmədov, Rüstəm İsmayılbəyli, Qiyasəddin İbrahim, jurnalistlərdən Aygül Mehman, Aynur Elgünəş, Aytac Tapdıq, Aytən Məmmədova da vardı. DTX YAP-çı namizədi həbs edir Fevralın 21-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar arasında başçının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri, həmçinin, YAP tərəfindən 61 saylı Neftçala seçki dairəsindən namizədliyi irəli sürülən Gültəkin Sadıqova da var idi. Source: Meydan.TV Gültəkin Sadıqova eyni zamanda YAP Neftçala rayon Təşkilatı Qadınlar Şurasının sədri olub. G.Sadıqova 61 saylı Neftçala seçki dairəsindən lider namizəd olan xalq şairi Sabir Rüstəmxanlının rəqibi olub. 236 namizəd seçkilərin ləğv olunmasını istəyir Martın 4-də seçkilərdə iştirak edən 236 deputatlığa namizəd Konstitusiya Məhkəməsinə və Prezident Administrasiyasına bəyanat ünvanlayır. Bəyanatı imzalayan namizədlər 9 fevral seçkilərinin saxtalaşdırılmasını iddia edərək seçkilərin nəticələri ləğv edilməsini, yeni seçkilərin keçirilməsini tələb edirlər. 9 fevral seçkiləri. Foto: motioncenter/shutterstock Sənədi imzalayanlardan, deputatlığa namizəd Bəxtiyar Hacıyev bildirib ki, bəyanatı müstəqil namizədlərlə yanaşı 11 siyasi partiya (Müsavat, Ümid, ADP, REAL, Ağ Partiya, Gələcək Azərbaycan Partiyası, Vətəndaş İnkişaf Partiyası, Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Quruluş Partiyası) və D18 Hərəkatı, “Hərəkət” seçki blokunun namizədləri imzalayıb. REAL Erkin Qədirliyə uğurlar arzulayır Elə həmin gün ReAL Partiyası yaydığı bəyanatda yerli və beynəlxalq müşahidəçilərin seçkilər haqda yekdil rəyinə razılıq ifadə olunur: Erkin Qədirli, Foto: Real Partiyası “Parlament seçkiləri nə demokratik standartlara, nə də Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında götürdüyü beynəlxalq öhdəliklərinə uyğun idi. Bu mövqe ilə biz də Respublikaçı Alternativ olaraq tamamilə razıyıq. Belə bir şəraitdə, yeni parlamentdə təmsil olunub-olunmamağımız haqda çətin qərar verməli idik. Müzakirələr nəticəsində qərara gəldik ki, REAL-ın Milli Məclisdə təmsilçiliyinin Cümhuriyyətçi məqsədlərimizə faydasını indidən qiymətləndirmək mümkün deyil. Qarşıdakı bir il ərzində var gücümüzlə bu təmsilçiliyimizin səmərəsini təmin etməyə çalışmalıyıq və dövrün yekunlarını yenidən qiymətləndirib təkrar qərar verəcəyik. REAL-ın qurucu üzvü olan Erkin Qədirliyə bu çətin işində uğur arzulayır və ona hər cür dəstək olmağa hazır olduğumuzu bəyan edirik. İnanırıq ki, Erkin Qədirlinin fəaliyyəti Cümhuriyyət hədəflərimizə xidmət edəcək”. Ölü seçicilər Seçkidən sonra səsvermə zamanı seçici siyahılarına həyatlarını itirmiş seçicilərin adlarının salındığı məlum olur. Bu cür faktlar Qazax rayonunda və Sumqayıtda aşkarlanır. 107 saylı Qazax seçki dairəsindən Xanlar Lalayev seçici siyahısında qardaşının ölən həyat yoldaşının adını görüb, təəccüblənib. Seçici ölən adamın adının siyahıda olmasına etiraz edir. Bu zaman seçki komissiyasının üzvlərindən biri Xanlar Lalayevə “o, sizin üçün ölüb, bizim üçün ölməyib”, – deyir. Bu məsələ hətta MSK-da müzakirə edilib və komissiya üzvü Bəxşeyiş Əsgərov məlumatı yalanlayıb. MSK sədri Məzahir Pənahov isə bunu seçkinin ən yaddaqalan hadisəsi kimi dəyərləndirib. Ancaq Xanlar Lalayev Meydan TV-yə “ölüb” – dediyi şəxsin Gülnar Namaz qızı Lalayeva olduğunu söyləyib. O, seçki günü dediklərinin həqiqət olduğunu əlavə edib: Foto: Meydan TV “Qardaşımın 3 il öncə boşandığı keçmiş həyat yoldaşı Gülnar Lalayevanın 1 ildən çoxdur vəfat edib. Gülnar 3 il əvvəl qardaşımla boşanıb. Boşanmadan təxminən bir il sonra o vəfat edib. Seçki günü mən seçici siyahısında öz ad soyadıma baxırdım. Mənim adımın altında qardaşım Kamal Lalayevin adının olduğunu gördüm. Halbuki qardaşım 20 ildən artıqdır ki, Bakının Binəqədi rayonunda yaşayır. Orada qeydiyyatdadır. Məntəqədə sədrə və digərlərinə dedim ki, bu adam ölüb. Onun adını siyahıdan çıxarın. Hətta hər dəfə onun adına bizim ünvana seçkiyə dəvət də göndərilir. Sizə neçə dəfə adamın öldüyünü deməliyəm? – söylədim. Bu zaman yan tərəfdəki qadın mənə “o, sənin üçün ölüb, bizim üçün ölməyib”, – dedi. Bu sözdən sonra mən özümdən çıxdım və eyni sözləri qışqıra-qışqıra təkrarlamağa başladım. Videoda da var, baxa bilərsiniz”. Xanlar Lalayev əlavə edir ki, həmin gün məntəqəyə girməyi ilə çıxmağı bir olub. Bu hadisədən sonra hirslənib və məntəqəni tərk edib. MSK-nın seçici siyahısında “yaşayan” daha bir nəfər isə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 52, mənzil 27-də qeydiyyatda qalan Cavid Fərhadovdur. 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 25 saylı məntəqəsinin seçicisi kimi qeydiyyatda saxlanan Cavid Fərhadov 5 il öncə, 2015-ci il dekabrın 25-də vəfat edib. Bacısı Aytən Ələkbərova Meydan TV-yə deyib ki, hələ bir müddət əvvələ qədər 2 il öncə vəfat edən anasının da adı siyahıda saxlanıbmış. Sonra çıxarıblar, ancaq qardaşı bu gün də qalır. Avropa Məhkəməsi 27 şikayəti təmin edib Avropa İnsan Hüquqları Məhkəməsi 2020-ci il seçkilərindən 27 ərizəni təmin edib. Bir nəfər, Günel Səfərova şikayətini geri götürüb. “Turan”İA: Parlamentin yeni tərkibi əvvəlkindən fərqlənmir Hakim partiyanın seçkiləri növbədənkənar keçirilməsinin “struktur və kadr islahatlarının daha da sürətləndirilməsi” ilə izah etməsini əsaslı saymayan “Turan”İA seçkilərdən 10 gün sonra yazırdı ki, mövcud parlamentin ölkədaxili sosial-siyasi münasibətlərdə rolunun çox aşağı olması heç kəsə sirr deyildi: “Milli Məclis ölkədaxili hüquqi, ictimai, iqtisadi, siyasi, sosial münasibətlər sistemini yaradan və tənzimləyən qurum olmadığı üçün onun hansı müddətdə, necə fəaliyyət göstərməsinin də elə bir fərqi yox idi. Digər tərəfdən isə Milli Məclis Prezident Administrasiyasından gələn bütün qanun layihələrini dərhal və müzakirəsiz qəbul edirdi. Çox kiçik istisnalarla deputatların əksəriyyəti cəmiyyət qarşısında hüquqi və mənəvi məsuliyyətini dərk etmirdi. Əməlləri və danışdıqları ilə cəmiyyətdə narazılığı dərinləşdirir və hakimiyyətə əlavə problemlər yaradırdı. Deputatların qanunsuz sahibkarlıq fəaliyyəti, oliqarx məmurların, regional klanların və xarici təsir qruplarının maraqlarını qoruyan imtiyazlı şəxslərə çevrilməsi daim mətbuatın gündəmində idi”. Milli Məclis. Foto: Azərtac “Növbədənkənar seçkinin nəticələrinin analizi göstərir ki, yeni seçkilərin keçirilməsinin məqsədi nə iqtidarın rəsmi arqumentlərinə, nə də cəmiyyətdəki real sosial-siyasi duruma adekvatdır. Prezidentin islahatları ilə ayaqlaşa bilmədiklərinə görə özlərini buraxan deputatların 78 nəfəri inzibati resursların səfərbər edilməsi ilə təkrar mandata sahib oldular”,-deyə agentlik vurğulayırdı. 9 fevral növbədənkənar seçkilərinin əvvəlki parlament seçkilərindən fərqlənməsinə gəlincə, “Turan” qeyd edirdi ki, bütün parametrləri ilə növbədənkənar ənənəvi seçki keçirildi: “Nə seçki öncəsi mühit, nə təbliğat-təşviqat mərhələsi, nə də seçki günü müsbət dəyişikliklərin şahidi ola bildik. Hətta seçkidən dərhal sonra nəticələrdən narazı qalan və şikayət edən namizədlərə etiraz etmək üçün imkan verilmədi. Bütün instansiya seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətində idi. 2010-cu ildə namizədlərin seçicilərlə görüşməsi üçün açıq və qapalı yerlərin sayı 4930 olduğu halda, 2020-ci ildə bu say 272 olub. Ölkədə 4500 kənd və qəsəbə olduğunu nəzərə alsaq, ölkə üzrə namizədlərin görüş yerinin 272 olması məhdudiyyətlərin miqyasını göstərirdi. 118 saylı Ağdam şəhər seçki dairəsinin seçicilərinin 80 faizi Bakıda yaşadığı halda, seçicilərlə namizədlərin görüşü üçün Bakıdan 330 km uzaqlıqda Bərdə rayonunda görüş yeri müəyyən edilmişdi. Qışın ən soyuq fevral ayında tələsik seçki keçirilməsi də dolayısı ilə seçicilərə və namizədlərə əngəl yaratmaq üçün düşünülmüşdü”. Agentlik bildirirdi ki, yeni tərkibin hansı siyasi-ideoloji parametrlərə görə parlamentə gətirilməsini müəyyən etmək çox çətindir: “Xüsusilə də mandat qazanmış 43 nəfər yeni şəxsin yalnız 9 nəfəri haqqında ictimaiyyətdə ümumi məlumatlar var. İnternet resurslarından aparılan axtarış nəticəsində 32 nəfər yeni deputatın barəsində hər hansı ictimai-siyasi məzmunlu məlumatlar yoxdur. İqtidarın qanunverici orqana gətirdiyi yeni şəxslərin əksəriyyəti cəmiyyətin sosial-siyasi problemlərinin müzakirəsində iştirak etməyib. Sosial şəbəkələrdə səslənən arqumentlərə istinad etsək, yeni seçilən şəxslərin əksəriyyəti birinci vitse-prezidentin komandasının üzvləridir. İqtidarın parlamenti yeniləmək planı ya hansısa səbəbdən baş tutmadı, ya da ümumiyyətlə belə bir məqsəd olmayıb. Hər iki versiyanı ciddi arqumentlərlə təhlil etmək mümkündür. Ancaq birmənalı şəkildə aydın olan məsələ budur ki, iqtidar daxilində şəxsən İlham Əliyevin iradəsinə zərrə qədər təsir edə bilən amillər yoxdur. Onu öz planından çəkindirən, tərəddüd yarada bilən heç bir təhlükə və ya qüvvə mövcud deyil. O, iqtidar komandasını istədiyi kimi yönləndirmək gücündədir. Ölkə müxalifətini də inzibati zor aparatı vasitəsilə istədiyi vaxt əzir, həbs edir, zəiflədir. Bu istiqamətdə də iqtidarı ciddi narahat edən xüsusi məsələlər hələlik yoxdur”. Meydan TV