İspaniyanın şimal-şərqində yerləşən Kataloniya muxtar bölgəsinin Tarraqona əyalətində ən azı səkkiz denqe qızdırması yoluxma halı aşkar edilib.
E-saglam.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, xəstələnənlər arasında "Port Aventura" əyləncə parkının beş işçisi və iki fransız turist var. Yoluxmalar avqustun ikinci yarısında Vila-seca yaşayış məntəqəsi ətrafında baş verib.
Kataloniya hakimiyyəti yaxın günlərdə yeni yoluxma hallarının aşkar edilə biləcəyini istisna etmir.
Denqe virusu flaviviruslardan biridir ki, bunlara Zika qızdırması, gənə ensefaliti, hemorragik qızdırma və bir sıra digər təhlükəli xəstəliklərin törədicisi də aiddir. Bu patogen Avrasiya, Afrika və Amerikanın tropik və ekvatorial bölgələrində geniş yayılıb və Aedes aegypti növünə aid ağcaqanadlar tərəfindən yayılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 400 milyona qədər insan denqe qızdırmasına yoluxur. (oxu.az)
E-saglam.az