Xuraman xanımı tanımaq mənim üçün xüsusi bir hadisə oldu...
"Mən fəxr edirəm ki, Azərbaycanımızın Xuraman xanım Muradova kimi qeyrətli xanımları var. Mən Xuraman xanımın ədəbi yaradıcılığı ilə yanaşı onun fəaliyyətini də çox yüksək qiymətləndirirəm. Neçə-neçə qazilərə, şəhid ailələrinə Xuraman xanımın göstərdiyi misilsiz köməkliklər həm Azərbaycan Yazıçılar Birliyində, həm bizim yaradıcı adamların birləşdirdiyi PEN Klubda müzakirə olunduqca hər birimiz tərəfindən çox rəğbətlə, alqışla qarşılanıb. "
Bu sözləri xalq yazıçısı Çingiz Abdullayev xanım şairə, eynizamanda “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman xanım Muradovanın yaradıcılığı haqqında danışarkən deyib.
"Azərbaycan Yazıçılar Birliyindən ildə bir dəfə bir qələm adamına Humay Mükafatı verilir. Bu il Humay Milli Mükafatına Xuraman xanım layiq görüldü. Mən çox fəxr elədim ki, “Humay Milli Mükafatı”nı Xuraman xanıma şəxsən özüm təqdim etdim.
İstedadlı adamlar bizim ədəbi mühitimizdə çoxdur. Amma istedadlı olmaqla bərabər həm də əsl insani keyfiyyətlərə sahib olmağı bacarmaq hər adama nəsib olmur. Xuraman xanım ən yüksək keyfiyyətləri özündə birləşdirir. Mənim üçün Xuraman xanımı tanımaq, sözün həqiqi mənasında bir hadisə oldu. Çünki şərt təkcə imkanın olmağı deyil, biz çox imkanları olan amma kimsəyə əl tutmayan adamları da tanıyırıq. Amma Xuraman xanıma həqiqətən hər şey halal olsun, o bütün imkanları daxilində insanlara köməkliklər edir. Bu qədər xeyir əməllər sahibi olmağı onun istedadına güc qatır, əzəmət qatır.
Çox səmimiyyətlə bir məqamı qeyd etməliyəm ki, bu cür gözəl və gənc xanımın 7 nəvəsi var. Maşallah, o ictimai-mədəni mühitdə xeyli məhsuldar işlər görməklə yanaşı həm də böyük ailəsini idarə edir, 7 nəvənin də qayğısına qala bilir.
Onun şairə kimi, yazıçı kimi, publisist kimi, xeyriyyəçi bir insan kimi fəaliyyəti çox böyük və parlaqdır. Mən Xuraman xanıma möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram! İnşallah 7 nəvəsinin xoş günlərini görsün, bizlər də o nəvələrin toyunda iştirak edək. Amin! İnşallah! "- deyə xalq yazıçısı bildirib.
Azərbaycan Xalq Yazıçısı Natiq Rəsulzadə isə Xuraman xanımının "Mənim Şuşam" poemasını onun yaradıcılığının zirvəsi kimi qiymətləndirib:
"Xuraman Muradovanın fəaliyyəti çoxşaxəlidir. O, xeyriyyə işlərində geniş iştirak edir, əla təşkilatçıdır və öz əlləri, enerjisi və istedadı ilə yaratdığı məşhur Milan Hospital klinikasının rəhbəridir. Xuraman xanım öz klinikasında təmənnasız olaraq Vətənimizi, doğma Azərbaycanımızı müdafiə edən, döyüşlərdə yaralanan əsgərlərimizin, qazilərimizin sağlamlığının qayğısına qalır. Xuraman Muradova doğma xalqına, doğma yurduna, sözün tam mənasında Azərbaycana xidmət edir. Xuraman xanımın incə şair ruhu olduğunu bilirdim, şeirlərini oxuduqdan sonra isə onun əsl peşəkar şair olduğunu anladım. Bu, mənim üçün sevindirici bir kəşf oldu və müəllifdən əsərlərini mənə göndərməsini xahiş etdim. Xuraman xanımın nə qədər böyük və incə qəlbə sahib olduğuna bir daha əmin oldum. Onun şeirlərinin əsas mövzusu vətənpərvərlik, Vətənə xidmət, gənc nəslin vətənpərvərlik ruhunda, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. Xuraman xanımın "Mənim Şuşam" poeması onun yaradıcılığının zirvəsidir , desəm səhv etmərəm. Düşməndən azad edilmiş Şuşamıza, onun yaradıcılığında böyük rol ayrılıb. Belə ki, mədəniyyətimizin ürəyi, Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşaya məhəbbətindən sevə-sevə yazır. Xuraman xanımın misralarında çox incəliklər var. Bu misralar uzun müddət yaddaşlarda qalır, insan onları təkrar-təkrar oxumaq istəyir. Çünki bu misralarda hər bir söz ürəklə, damarlarda axan qanla yazılıb.
Müəllifin şeirlərində əsasən insana, Yaradana, təbiətə, həyata sevgi və məhəbbət mövzusu üstünlük təşkil edir. Əminəm ki, Xuraman xanım həyatı çox sevir, bunu onun hər bir əsərində görmək olur və o, hər sözü, hər əməli ilə ətrafındakılara, köməyə ehtiyacı olan hər kəsə xeyir verməyə çalışır. Çünki onun böyük ürəyi var və hamıya yaxşılıq etməyə çalışır. Şairə və gözəl insan Xuraman Muradovaya Vətənimiz naminə, Azərbaycan naminə şərəfli fəaliyyətində uğurlar arzulayır, ona poeziya aləmində uzun və uğurlu yol arzulayıram."