EN

“Bu gün hamı sentyabr”

Yenə aylardan yaralı aydayıq; Antiterror əməliyyatı adı ilə tarixə düşən, hüzün və ayrılıq qoxulu sentyabr. Xəzan yarpaqlarından ayrılıq qoxan payızın ilk ayı bir il öncə xalqımızın yaddaşına şəhid yaraları ilə də həkk olundu.   Tarixə isə növbəti qalibiyyət və tamamlanan zəfər ayı… Bütöv Azərbaycan uğrunda savaş verən,zəfər ədalı, şəhid qoxulu sentyabr. Olanları xatırlayaqmı?
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Əsrlərdir eyni xislətdə olan erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Aslan kimi oğullarımızı aldı bizdən mənfur yağı qüvvəsi.
Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Xain planla qurulmuş növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilən düşmən əməli layiqincə cavabını aldı. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalıdır. Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular.
Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
2023-cü il sentyabr ayından bəri bütünük, bütöv Azərbaycanıq; Qarabağı qoynuna almış, yurdunun bir parçasına qovuşmuş, zəfər salnaməsi ilə adını dünyaya duyurmuş Azərbaycan. Yaralıyıq, amma başımız dik, alnımız açıqdır neçə-neçə qəhrəman oğullarımız sayəsində. Qanla qazanılan torpağımızın hər qarışına səcdə edərik, öpüb,qoxlayıb yaramıza məlhəm edərik. Yaşa, Ana Vətən. Sən yaşa ki, yolumuz bir daha dumanda azmasın, bir daha yurd acısı , şəhid yarası yaşamayaq. Sənin hər qarışında , daşında, torpağında övladının qan bahası var, Allah o torpağı qorumağı dünya durduqca bizə—bizdən sonrakı gələcək nəsillərə nəsib etsin.
Bütün şəhidlərin yatdığı torpaqdan, övladlarının gözlərindən, analarının əllərindən öpürük.
Zəfərini qeyd edən bir gözü yaşlı xalqıq; sevincini büruzə verməyən, şəhid anasından xəcalətli millətik, Allah vətənimizi, ordumuzu, dövlətimizi qorusun.
Ağrıların da, qalibiyyətin də bizimdir, Vətən! Başın sağ, zəfərin qutlu olsun… Gülər Mübariz

 

Chosen
11
5
manset.az

6Sources