“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunun “Neftçi” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:0 hesablı qələbəni belə şərh edib:“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayırdıq. “Neftçi”nin son nəticələrinə baxdıqda, bilirdik ki, çox ciddi hazırlaşacaqlar. Bunu meydanda hiss etdik. İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücumda olan tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinlik çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox mədəni formada yaxşı azarkeşlik oldu. “Neftçi”yə və Roman Qriqorçuka uğurlar arzu edirəm”.Qurbanov Ağdamda tikiləcək yeni “İmarət” stadionundan da söz açıb:“Maraqlandım. Şəkillərə də baxdım. Layihədən əvvəlcədən də xəbərim var idi. Deyəsən, əvvəlcə daha böyük tutumlu nəzərdə tutulmuşdu. Sırf futbol stadionudur. Azarkeşlər meydançaya tam yaxındır. Tutum az görünə bilər, amma rayon bölgəsi üçün öz çempionatımızda problem olmayacaq. Avroliqa oyunları üçün böyük olsaydı, yaxşı idi. Amma bununla başlamaq da pis deyil. Sevindim buna. Özü də, 2028-ci ilin axırlarına tamamlamaq istəyirlər. Aktiv iş rejimi olacaq”.“Qarabağ”ın baş məşqçisi “Neftçi”nin durumundan da danışıb:“Neftçi”yə uğurlar arzulayıram. “Neftçi” rəqibimiz olsa da, özüm bu komandanın azarkeşi olmuşam. Orada oynamışam, baş məşqçi olmuşam. Bu nəticələr heç birimiz üçün xoş deyil. Səbirli olmaq lazımdır. Futboldur, hamımızın işində belə nəticələr ola bilər. Heç bir komanda üçün belə uğursuzluq istəmərəm. Hər biri öz komandalarımızdır. Avrokuboklarda hamımız bir oluruq. Məncə, səbirlə gözləmək lazımdır. Belə hallar olanda deyirəm ki, demək xeyir var. “Neftçi” böyük tarixə malik klubdur. Əvvəl-axır, sonda yenə öz əvvəlki nəticələrini geri qaytaracaq”.Nəzrin