EN

Neokolonialist ölkənin demokratiyaya, insan haqlarına təhdid olan siyasəti...

Fransa bu ləkənin xəcalətindən necə çıxacaq?

Neokolonialist, irqçi, islamofob siyasət həyata keçirən Fransa hakimiyyətinə qarşı müstəmləkə ölkələri ciddi etirazlarla çıxış edirlər. Ayrı-ayrı ölkələrdə Yelisey Sarayının siyasətindən narazılıq ifadə olunan şüarlar səsləndirilir. Fransanın siyasətinə etirazların genişləndiyi və gərginliyin pik həddədək artdığı ölkələrdən biri də Yeni Kaledoniyadır.  Bu günlərdə burada növbəti faciə yaşanıb. Yeni Kaledoniyada polisin gecə keçirdiyi əməliyyat zamanı daha iki nəfər güllələnib. Yeni Kaledoniyada may ayında yerli kanak xalqı və Fransa tərəfdarları arasında toqquşmalar başlayıb. Bildirilir ki, beləliklə, iyunda dayandırılan mübahisəli seçki islahatının səbəb olduğu böhranın başlanğıcından bəri ölənlərin sayı 13 nəfərə çatıb.

Kanak xalqının budəfəki etirazlarına səbəb isə Emmanuel Makron hakimiyyətinin Yeni Kaledoniya ilə bağlı mürtəce planı həyata keçirməyə başlamasıdır. Nəzərdə tutulan “konstitusiya islahatlarının”  yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur. Bu isə yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün ayağa qalxıblar. Makron təzyiqlər qarşısında “islahatlar” prosedurunu müvəqqəti olaraq dondursa da, kanak xalqı bunun hiyləgər bir gediş olduğunu yaxşı başa düşür və etirazları davam etdirir. Paytaxtada baş verən son faciə də etirazların birində  yaşanıb.

Bu gün Yeni Kaledoniyada olduğu kimi, digər dənizaşırı ərazilərdə də müqavimət hərəkatı genişlənib.  Fransız Qvianasında daha geniş muxtariyyət tələbləri artır. Fransız Qvianası Konqresi 2020-ci ildə xüsusi statusla daha çox muxtariyyət tələb etmək üçün səs verib. Sakinlərin tələbinə baxmayaraq, 4 ilə yaxındır ki, konstitusiya tənzimlənməsi ilə bağlı Paris administrasiyası ilə danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.

Fransadan təxminən 7 min kilometr uzaqlıqda yerləşən və 400 min nəfər əhalisi olan Karib dənizindəki Qvadelupa adasında yoxsulluq, cinayətkarlıq ən yüksək həddə çatıb. Adada muxtariyyət müzakirələri yenidən diqqət mərkəzində olarkən Fransa rəsmiləri Parisin muxtariyyət üzrə danışıqlara hazır olduğunu desə də, Yelisey Sarayı hələlik bu istiqamətdə konkret addımlar atmağa tələsmir.

Digər bir ada ölkəsində - Martinik departamentində vəziyyət getdikcə ağrlaşır. Son günlərdə burada qiymət artımına qarşı etirazlar polislə toqquşmaya çevrilib. Ticarətçilər yalnız Martinikdə tətbiq edilən xüsusi dəniz vergisinin ləğvini tələb edirlər.

Martinik departamentində isə qiymət artımına qarşı etirazlar polislə toqquşmaya çevrilib. Yerli polis rəisinin komendant saatı tətbiq etmək qərarı gərginliyin daha da artması ilə nəticələnib.

Fransa Milli Statistika İnstitutunun məlumatına görə, Martinikdə ərzaq məhsullarının qiyməti Parisdəkindən 40 faiz bahadır. Fort-de-Frans şəhərinin ticarət şəbəkəsi rəhbərlərinin polis rəisi ilə danışıqları nəticəsiz başa çatıb. Ticarətçilər yalnız Martinikdə tətbiq edilən xüsusi dəniz vergisinin ləğvini tələb edirlər.

Fransa özünə “Azadlıq, bərabərlik və qardaşlıq” şüarını seçib. Hadisələrin gedişatı isə bunun əksinə olaraq göstərir  ki, bu gün Yelisey Sarayının  siyasətində bu tezislər öz təsdiqini tapmır.Bu acı gerçək, ikili standart, yarıtmaz fəaliyyət, antihumanist siyasət  və ədalətsiz mövqe Fransanın təkcə daxili siyasətinə  deyil, həm də xarici  siyasətinə də aiddir.

Fransanın Cənubi Qafqaz ölkələrinə, konkret desək, Azərbaycana və Ermənistana münasibəti tipik ikili standartlar nümunəsidir.

Fransanın Azərbaycan əleyhinə qəti, dəyişməz və qəbuledilməz mövqe tutması, 30 il ərzində vasitəçilik pərdəsi ilə maskalanaraq regionda işğal və təcavüzün davamlılığına şərait yaratması, Azərbaycanın öz ərazilərini işğaldan və təcavüzdən qurtarmasından sonra anti-Azərbaycan mövqe tutaraq açıq şəkildə işğalı və separatizmi dəstəkləyən bəyanatlar verərək ölkəmizi hədəfə alması bu ölkənin ümumbəşəri niyyətlərə sadiq olmadığını və beynəlxalq hüququ heçə saydığını göstərir. Fransa bütün siyasi etiket qaydalarını pozmaqla, heç nəyi gizlətmədən açıq-aşkar anti-Azərbaycan siyasəti həyata keçirir. 

İndiyədək Yelisey Sarayının Azərbaycana qarşı bütün qərəzli həmlələri iflasa uğrayıb. Bu fiaskolar Makronun real və praqmatik siyasətdən uzaq, təsadüfi və populist biri olduğu qənaətini daha da möhkəmləndirir. Makron anlamalıdır ki, Azərbaycan öz siyasətində sırf suverenlik, müstəqillik prinsiplərindən çıxış edir və beynəlxalq hüquqa əsaslanır. Reallıq budur ki, Fransanın Azərbaycana qarşı ittihamlarına baxmayaraq, Azərbaycan Fransaya qarşı atdığı addımlar və rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub.

Fransa postmüharibə mərhələsində də Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik etmək istəyini ortaya qoyur. Ancaq açıq-aşkar Ermənistanın tərəfini saxlayan, bu ölkəyə öldürücü silahlar tədarük edən, burada revanşizmi alovlandıran, Azərbaycana münasibətdə qərəz nümayiş etdirən bir ölkə hansı haqla vasitəçi ola bilər?..

Bax, bu sualın cavabını  hər  kəsdən  çox rəsmi  Paris düşünməlidir, vəziyyəti gərginləşdirmək  prinsipindən əl çəkməlidir. Bütün mövcud potensialını və enerjisini daxilindəki  gərginliyi həll etməyə sərf etməlidir. Əks halda, Fransanın getdikcə Ermənistandan daha rəzil duruma düşəcəyi şübhə doğurmur.

Yaqut Ağaşahqızı, "İki sahil"

Chosen
97
ikisahil.az

1Sources