İlham Əliyev “Qarabağ” Universitetində tələbələr və müəllimlərlə görüşdə yeni faktlar açıqladı; “Gənclər heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar”
Prezident İlham Əliyev 20 Sentyabr - Dövlət Suverenliyi Gününü Xankəndi şəhərində keçirib, sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.
Görüş iştirakçılarını və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etdiyini bildirən Prezident deyib ki, bu günü biz birlikdə Xankəndidə qeyd edirik və 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”.
Prezident qeyd edib ki, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur: “Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz...
Bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Ancaq əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir".
İlham Əliyev 2023-cü ilin 19-20 sentybarında keçirilən antiterror əməliyyatı barədə də danışıb: “Cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq. İndi deyilir ki, 23 saat davam etdi, bəli ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam etmişdir. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”.
Prezident işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşləri və onların yaşayış şəraitini yaxşılaşdırmaq üçün dövlətin bir çox önəmli layihələr icra etdiyi barədə də danışıb.
O habelə qeyd edib ki, minlərlə, on minlərlə keçmiş köçkün bu Qələbə gününü görə bilmədi, həyatdan getdi: “Təbii olaraq dünyada gedən prosesləri təhlil edərək mövcud ədalətsizliyi, beynəlxalq hüququn işləməməsini, böyük dövlətlərin Ermənistanın arxasında dayanmasını, bütün bunları - geosiyasi vəziyyəti təhlil edərək ola bilər kimsə belə fikrə gələ bilərdi ki, bu işğalla biz əbədi yaşamalıyıq. Biz bütün bu tezisləri, bütün bu paradiqmaları darmadağın etdik. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Bax, bütün bu amillər bir yerdə olanda, o xalqın qabağında heç kim dura bilməz. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz...”.
Prezident daha sonra qeyd edib ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur: “Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar...
Deməli, qeyri-hökumət təşkilatlarının xətti ilə müxtəlif seminarlar keçirilirdi. Bizdən olan xarici dairələrə satılmışlar da gedib o treninqlərdə ermənilərlə cici-bacılıq edirdilər, sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Qaniçən, Xocalı soyqırımını törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı təmaslardan söhbət gedə bilərdi? Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik. Ona görə bu günə qədər bizə qarşı təzyiqlər edilir. Hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyanın müxtəlif yerlərində gedən yazılarla tanış oluram. Bu gün səhər tezdən baxıram, bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni, bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir...".
Dövlət başçısı deyib ki, Qarabağ Universitetinin açılışının məhz 20 sentyabrda həyata keçirilməsi şanlı tarixdir: “Bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər”.
Prezident vurğulayıb ki, bura bizim tarixi torpağımızdır və bunu Azərbaycanda bilməyən yoxdur, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir - Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi: “Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - ”Kürəkçay", “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.
XX əsrin əvvəlində isə xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı. Müxtəlif yerlərdən, o cümlədən Ermənistandan sovet hökuməti erməniləri buraya şüurlu olaraq doldururdu ki, burada ermənilərin sayı, yəni ovaxtkı muxtar vilayət çərçivəsində daha çox olsun. Eyni zamanda, burada mövcud olan separatizm meyillərinə də düzgün reaksiya verilmirdi. Ancaq Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı - Sərsəng, Suqovuşan su anbarları. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi. Bəlkə gənclər onu da bilmirlər, Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir.... Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi zəiflik, qorxaqlıq, bəzi hallarda xəyanət göstərmişdir. Həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində, həm kommunist, həm də Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində biz torpaqları itirdik.
Yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi...Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi".
Sonda müəllimlərə, tələbələrə uğurlar arzulayan Prezident İlham Əliyev tövsiyələrini verib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tələbələr çıxış edərək böyük tarixin iştirakçısı olduqlarından qürur duyduqlarını bildiriblər.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”