Hazırda Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu hidrogen daşınmasına hazırlıq üçün boru kəmərinin materiallarını sınaqdan keçirir. Bu barədə TAP AG konsorsiumundan məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə hidrogen tədarükünə hazırlıq üzrə ilkin tədqiqatlar TAP-ın gələcəkdə hidrogen qarışıqların nəqlinə imkan verəcəyini təsdiqləyib. Lazımi sınaq obyektlərinin inkişafına sərmayə qoyaraq hazırda boru kəməri materiallarını sınaqdan keçiriilməsi işlərinin plan üzrə davam etdirildiyini qeyd edən mənbə 2024-cü ilin 3-cü rübündə boru kəmərinin dəniz hissəsi üçün ilk nəticələrinin gözlədiklərini açıqlayıb. Əldə olunan nəticələr konsorsiumda ciddi şəkildə təhlil ediləcək. Daha sonra isə cari ilin 4-cü rübündə sınaq işləri yenidən davam etdiriləcək.
Xatırladaq ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP kəməri ilə Avropaya tədarükünə 2020-ci il dekabrın 31-də başlanıb. Boru kəməri ilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstana və Bolqarıstana isə 1 milyard kubmetr qaz nəql olunur. Eyni zamanda, Avropa bazarına birbaşa çıxış əldə edən Azərbaycan təbii qaz ixracını şaxələndirmək imkanı qazanıb.