Azərbaycandan kənarda yaşayıb xalqına şöhrət gətirən məşhur soydaşlarımız və repressiya qurbanları haqqında dəyərli kitab
“Odlar Yurdu” dediyimiz Azərbaycan mənim gözümdə daim yanan və çevrəsinə işıq, alov, qığılcım saçan bir ocaqdır. Qığılcım deyəndə mən taleyin və tarixin hökmü ilə Vətəndən qopub getmiş, uzaqlarda da yurdunun sönməz zərrəsi kimi yaşayan böyük şəxsiyyətləri nəzərdə tuturam. Bölünsə də, bəlli bölgələri qoparılıb əlindən alınsa da Azərbaycan ocağı heç zaman kül altında qaralıb sönməmiş, odunu, istisini azaltmamışdır.
Şərq tarixi incələndikcə qollarımızın, yollarımızın hansı uzaqlıqlara yetdiyinə, dünya boyu necə çalın- çarpaz izlərimizin qaldığına heyrətimiz daha da artır.
Bütün bunlar ayrıca araşdırma mövzularıdır; öhdəsindən bir adamın gələ bilməyəcəyi bir işdir. Bu iş gec-tez görülməlidir.
Azərbaycandan uzanan elm, təhsil, axtarış, iş, şöhrət yolları ilə yanaşı, köç, sürgün, faciə yollarının yurddaşlarımızı atdığı uzaq ünvanlar öyrənilməli, yüz minlərlə insanın tale kitabı açılmalı, yazılmalı, oxunmalıdır.
Bu həm də Vətənimizin coğrafi hüdudları ilə yanaşı, nüfuz dairəsini doğru, düzgün dərk etməyimizə yardım göstərər. Bir şeirimdə tərcüməçimə üz tutub dediyim kimi.
Sən mənim dünyamın üfüqlərini
Axtarma siyasi xəritələrdə,
Mən orda bölünmüş,
əyalət, azlıq...
Kağızın üstündə parça-tikəyəm,
Siyasi xəritə – siyasətbazlıq!
“Tarixi Azərbaycan və Türk dünyası”, “ Azərbaycan və Şərq” mövzuları dərindən öyrənilsə bizə yeni dəyərli bilgilər verər. Bu baxımdan Azərbaycandan kənarda yaşayan qələm sahiblərimizin, səfirliklərimizin, diaspor təşkilatlarının əlində daha geniş imkanlar var.
Uzun illərdən bəri Özbəkistanda yaşayan qələm dostumuz, jurnalist, yazıçı Qulu Kəngərlinin bu sahədə apardığı araşdırmalar Azərbaycan və Mərkəzi Asiya əlaqələrinin bizə az məlum olan elə səhifələrini açır ki, bu səhifələri bilmədən milli tariximizi bütövlüklə dərk etmək çətindir.
Dəyərli qələm dostumuz Qulu Kəngərlinin bu işlə çoxdan bəri, səbrlə, fədakarlıqla, zəhmətini gözə soxmadan məşğul olduğunu bilirdim, lakin Daşkəndə son səfərimdə mənə verdiyi “Keçmiş unudulmayanda tarixə dönür” adlı iri həcmli kitabını oxuyanda onun bu sahədə nə qədər böyük axtarışlar apardığını, zəhmət çəkdiyini və nəticədə “Azərbaycanşünaslığın” uğurlu bir səhifəsini yaratdığını gördüm.
Tarixən Doğu Türküstandan üzü bəri bötün türk yurdları, Mərkəzi Asiya və İslam aləmi Azərbaycan türkləri üçün əsas cazibə yerləri olmuşdur. Lakin Özbəkistanla Azərbaycanı bağlayan ədəbi, mədəni, iqtisadı tellər daha möhkəm və daha qədimdir. Çünki Azərbaycan və özbək xalqları nə orada, nə burada özlərini qərib, mühacir hiss etməyiblər; öz doğma evlərində yaşayan kimi yaşayıblar. Buna görə də arada Xəzər və geniş çöllər olmasına baxmayaraq bu iki xalq bu qədər yaxındır, bir birilərini bu qədər ürəkdən sevir və dərk edirlər.
Qulu Kəngərlinin kitabı Azərbaycan–Özbəkistan qardaşlığının tarixi və etnik köklərini açmaqla yanaşı, bu yaxınlaşmada rol oynamış şəxsiyyətlərin parlaq xarakterini yaradır, onların keçdiyi mürəkkəb, bəzən də faciəli yolları açıb göstərir. Bu həyat hekayələrinin fonunda türk xalqlarının yaşadıqları soyqırım, repressiya, məcburi köç faciələrini xatırladır. Bu, öz-özlüyündə son dərəcə əhəmiyyətli bir işdir.
Kitabın üstünlüklərindən biri də budur ki, müəllif bütün Mərkəzi Asiyanı–qədim Türküstan torpaqlarını gəzir, Özbəkistanla yanaşı Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, Tatarıstanda, Pakistanda, İndoneziyada yaşayıb yaratmış və yurduna şöhrət qazandırmış Azərbaycan övladlarının ömür dastanlarını, yığcam şəkildə olsa da, oxucuya çatdırır.
Oçerk qəhrəmanları arasında Pakistan prezidenti olmuş azərbaycanlı Qızılbaş Ağa Məhəmməd Yəhya Xanın və ya İndoneziyada İslamı yayan azərbaycanlı, “doqquz müdrikin birincisi” Mövlanə Məlik İbrahimin adlarını görmək və onlar haqqında məlumatları oxumaq heç şübhəsiz oxucularımızı təəccübləndirəcək, onlar üçün yeni bilgi mənbəyi olacaq.
Məncə bu araşdırma coğrafiyasına Hindistan da daxil edilməlidir. Böyük xalq yazıçımız, akademik Mirzə İbrahimovun bir dəfə söhbət zamanı dediyi sözləri tez-tez xatırlayıram: “Ay oğul, bilirsən Hindistanda bizim nə qədər əlyazmamız var? Onlar öyrənildikcə bizim ədəbiyyatın və mədəniyyətin zənginliyini və tarixini daha yaxşı dərk edəcəyik.”
Kitabın dəyərini artıran özəlliklərdən biri də iki dildə – azərbaycanca və özbəkcə nəşr edilməsidir. Oçerk qəhrəmanlarının portretləri və həyat yolları ilə bağlı şəkillər kitabın dəyərini daha da artırır.
Akademik İsa Həbibbəyli kitaba yazdığı yüksək elmi dəyəri olan Ön sözdə Qulu Kəngərlinin zəhmətini yüksək qiymətləndirməklə yanaşı, Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin zəngin tarixinə nəzər salır, bu əlaqələrin öyrənilməsinin türk birliyinin gələcəyi baxımından ciddi əhəmiyyət daşıdığını ayrıca vurğulayır.
Kitab uzaq keçmişdən başlayaraq, Mərkəzi Asiyada yaşayan xalqlarla Azərbaycanı bağlayan əsas tarixi hadisələr, şəxsiyyətlər haqqında ümumi bilgi verən Girişlə başlanır.
Girişin özü də bir neçə bölməyə ayrılmışdır. “Tarixin yaddaşı” adlı bölmə oxucularımız üçün də maraqlı olan belə bir məlumatla başlanır: “Ensiklopedik alim Əbu Reyhan Biruni (973-1048), “ Astranomiya və ulduzlara aid Məsud cədvəlləri” adlı əsərində Azərbaycanın 17 şəhərinin dəqiq yerini göstərir, “Ağ neft mərkəzi Bakı” haqqında söhbət açır, “Zərdüşt Azərbaycandandır” fikrini irəli sürür. Biruni “Ötmüş nəsillərin abidələri” kitabında Azərbaycan haqqında ətraflı məlumat verir. Digər ensiklopediyaçı alim Əbu Əli İbn Sinanın (980-1037) tanınan şagirdi Azərbaycan alimi Əbulhəsən Bəhmənyar (993-1066) olub. Orta əsr tarixçisi Zəhirəddin Beyxaki yazır ki, İbn Sinanın əksər polemik əsərləri Bəhmənyarın sualları əsasında tərtib edilib.”
Bundan əlavə, Girişdə mərkəzi Asiyaya səpələnmiş əfşarlardan, 20-ci yüzildə genişlənən ədəbi-mədəni ilişkilərdən, Özbəkistanda Azərbaycan diasporunun formalaşmasından maraqlı məlumatlar yer almışdır..
Kitab “Taleyi Mərkəzi Asiya ilə bağlı olan tanınmış Azərbaycan türkləri”, “Günahsız günahkarlar” və “Orta Asiyada teatrın yaranması” adlı üç fəsilə ayrılıb.
Birinci fəsildə gedən yazılardan bəzilərinin adlarını sadalamaq yetərlidir ki, söhbətin hansı böyük şəxsiyyətlərdən getdiyini təsəvvür edəsən:
“Böyük axund”, “alimlərin sultanı”, “fazillərin sübutu”, “bilik səmasında 14 gecəlik ay”, Mövlana Yusif Qarabaği...”;
“Yusif Qarabağinin müəllimi, böyük filosof, ilahiyyatçı Mirzəcan Şirazi; ”
“Səmərqənddə ilk dünyəvi məktəb açan maarifçi şeyx, Əbülqasım Əl-Gənci;”
“Tacik dilində çap olunan ilk milli qəzet-“Buxarayi-Şərif”-in naşiri və redaktoru, azərbaycanlı Mirzə Cəlal Yusifzadə”;
“Mən qürurla və sevinclə bildirirəm ki Azərbaycanın oğluyam”, Rober Osseyin Bakıda olarkən belə demişdi”;
“İki xalqın oğlu, professional futbolçu, musiqiçi... və ya tanınmış opera rejissoru Firudin Səfərovun həyat yolu”;
“Tarix həmişə kinayə etmir; çünki bəzən zaman özü hər şeyi yerinə qoyur” (Özbəkistanın Əməkdar Elm xadimi, böyek tarixçi alim Yusif Ələsgərov haqqında):
“Özbəkistanda 137 sənədli, 27 bədii film çəkən azərbaycanlı rejissor Eldar Məmmədov” və sair...
Bu fəsildə haqqında söhbət gedən şəxsiyyətlərin bəziləri ilə mən də vaxti ilə görüşmüş, haqlarında yazılar da yazmışam. Lakin Qulu Kəngərlinin oçerklərinin hər biri bir tale kitabıdır; böyük romanlara sığmayan ömür yollarının yığcam şəkildə ifadəsidir. Bu yazıların hər biri tariximizin müəyyən səhifələrinə işıq salmaqla yanaşı, həm də Azərbaycandan kənarda yaşayıb şöhrətlənmiş soydaşlarımızın istedadı və yüksək insani keyfiyyətlərinə görə ürəyimizdə böyük qürur hissi oyadır.
“Günahsız günahkarlar” fəslini əvvəldən axıra həyəcansız, təəssüfsüz, qəzəbsiz oxumaq olmur. Bu bölmədə Azərbaycan tarixində özəl yeri olan Rəfibəylilərin, Pepinovun, Qarabəy Qarabəylinin, Almaz İldırımın, Mirzə Davud Hüseynovun, Maqsud Şeyxzadənin Azərbaycandan kənarda keçən illəri haqqında maraqlı bilgilər verilir; represiya qurbanlarının faciəli taleyindən söz açılır.
Qulu Kəngərli ayrı-ayrı ailələrin, nəsillərin taleyi fonunda bütün repressiya tarixinin faciələrini açıb göstərir: “Qırğızıstana sürgün Qazaxıstan, Sibir və Uraldan keçib və ya Rəfibəylilərin Qırğızıstan qanadı...” məqaləsində oxuyuruq: “Repres-siya illərində, yəni 1924-cü ildən 1953-cü ilə qədər Azərbaycandan Sibirə, Urala və Orta Asiyaya 250 mindən çox soydaşımız sürgün olunmuşdur, bəzi mənbələrdə bu rəqəm daha çox göstərilir. Qazaxıstana sürgün edilənlərin sayı isə 150 mindən çox olub və biz bu haqda artıq məlumat vermişik. Beləliklə, 1929-cu ildə Azərbaycandan ilk kütləvi sürgün həyata keçirilir və müxtəlif rayonlardan 600 ailə Aral dənizinin sahilinə yaxın baxımsız qalan Avan və Vozrojdeniye adalarına göndərilir.
...Hər vaqonda 90-100 adam, qadın, kişi, uşaq, qoca, xəstə, hamısı bir yerdə yayın istisində, qışın 40 dərəcə şaxtasında ac-susuz, cəhənnəm əzabı ilə yol gediblər.
...Yaşayış üçün tam yararsız olan bu adalar əslində ölüm düşərgəsi idi və səhrada yayda aclıqdan, qışda isə soyuqdan ölənlərin sayı günbəgün artırdı. ...Bir ildən sonra 600 ailədən cəmi 200 ailə sağ qalmışdı, onlar da yarımcan.”
Müəllif bu dözülməz şəraitdən çıxan insanların qəhrəmanlığını, böyük əzablara qatlaşsalar da yenə öz köklərini, milli kimliklərini unutmadığlarını vurğulayır və ölümdən keçib öz yeni həyatlarını quran insanların bəzilərinin adlarını çəkir, onların həyat hekayəsini yazır: “Qırğızıstanın əməkdar həkimi, professor Cahangir Rəfibəyli, fizika-riyaziyyat elmləri doktoru professor Ramiz Rafatov, professor Arif Qəmərli, onun qardaşı, əməkdar elm xadimi professor Zakir Qəmərli, onlarca elmlər namizədi adını alan həmvətənlərimiz...”
Bu girişdən sonra müəllif “Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sayılmaqla qurtarmaz” deyə Gəncədə görkəmli Azərbaycan maarifçisi Ələkbər bəy Rəfibəylidən başlayaraq müxtəlif ölkələrə səpələnmiş bir nəslin görkəmli simaları haqqında yığcam, amma son dərəcə maraqlı məlumat verir.
Repressiya qurbanlarının faciəli həyat yolu haqqında oçerklərin hər biri bitkin bir əsər təsiri bağışlayır. Onların heç biri ötən əsrin Stalin rejiminə oxunan bir ittihama, bir ölüm hökmünə bənzəyir. Belə bir təsəvvür yaranır ki, repressiya qurbanlarının üzləşdikləri faciələri Azərbaycanla yanaşı, Qazaxıstan və Mərkəzi Asiya respublikaları birgə yaşayıblar. Türkün ağrısı Azərbaycandan başlanıb bütün türk dünyasına yayılıb.
Bu qədər böyük tarixi şəxsiyyətin həyat hekayəsini yaradan Qulu Kəngərlinin əməyi yüksək dəyərə layiqdir.
Müəllifin ALJİR-də məhkumluq həyatı yaşayan azərbaycanlı qadınlara həsr edilmiş yazısı ayrıca bir faciə dastanıdır. Müəllif 2011-ci ildə Qazaxıstanın Akmola vilayətinin Akmola kəndindəki muzeydə vaxtilə burada məhkum həyatı sürmüş azərbaycanlı qadınlara xatirə lövhəsinin açılmasından bəhs etdikdən sonra Qazaxıstanda sürgün əzabı yaşamış azərbaycanlı qadınların tam olmayan bir siyahısını və onlar haqqında yığcam məlumatı da oxucuların diqqətinə çatdırır. Təəssüf ki, repressiya qurbanı olmuş qadınlarımızın taleyi hələ də geniş şəkildə araşdırılıb yazılmamışdır.
Qulu Kəngərlinin kitabı repressiya qurbanları və Sibirə, Urala, Qazaxıstan və Mərkəzi Asiyaya sürgün edilmiş insanların taleyinin diqqətlə öyrənilməsi və yazılması zərurətini bizə bir daha xatırladır.
Haqqında söhbət gedən kitabın üçüncü fəslində isə Özbəkistan, Türkmənistan, Tacikistan teatrının inkişafında və o teatrlar üçün mütəxəssislərin yetişdirilməsində Azərbaycan Teatr məktəbinin və görkəmli sənətkarlarımızın oynadığı rol haqqında bilmədiyimiz məlumatlar yer almışdır.
Qulu Kəngərli bu kitabı ilə böyük bir vətəndaşlıq işi görmüş, eyni zamanda, sübut etmişdir ki, o, yalnız jurnalaist deyildir, həm də yetkin bir yazıçıdır, kamil qələm sahibidir, yorulmaz bir araşdırıcı və tarixçidir. Çünki kitabın qəhrəmanlarının hər biri haqqında yazmaq ciddi axtarış, tarix səhifələrini gözdən keçirmək, arxivləri öyrənmək kimi, çətin, mürəkkəb və məsuliyyətli bir iş tələb edir...
Kitabın iki dildə çıxması rəmzi xarakter daşıyır. Çünki Qulu Kəngərlinin yaradıcılığı da çoxdan bəri hər iki dövlətin informasiya sisteminin və ədəbi həyatının tərkib hissəsidir.
Sabir RÜSTƏMXANLI,
Xalq şairi