EN

Adamları dərdli şəhərdə - Malik Atilayın şeirləri

Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.

Dostların ölümünə

Ölümün mübarək olsun, dostum
Ad gününə yığışmaqdan yorulmuşduq
Dəyişiklik oldu bizim üçün də,
Nə qədər şən-şaqraq havalara qol açıb oynayasan,
Amma belə ölüm yaraşmırdı sənə
Daha gözəl ölə bilərdin
Ya da daha gözəl ola bilərdi həyat sənin üçün
Amma
Bir az ağı da gözəldi,
Bir az göz yaşı da...
Baş daşın da yoxdu hələ,
Sevdiklərin kədərinlə baş-başa verib ağlaya
Qaralar bağlaya
Anan, sevgilin, bacın.
Bu dəfə olmadı
Gələn səfərə
Gələn həyata
Adam olmaq bizim nəyimizə lazımdı
Bir böcək olarsan tut yarpağında,
Kimsəsiz pişik ya da Bayılda,
Yol qırağında...


Bura Bakıdır, gözəlim

(Həyat yoldaşıma)

İstanbul olsaydı bura
Sənə boğaz mənzərəsində şeirlər yazardım,
Qağayılara yem atardıq gəmidən,
Filmvari romantikayla sonladırıb görüşü
Səni şəhərin o biri ucunadək gəzərək ötürərdim.

Peterburq olsaydı bura,
Mayakovskinin keçdiyi küçələrdən keçərkən
Onun şeirlərindən oğurladığım
Bir-iki misranı da qatıb gözünə
Vərəqə deyil də ovcuna şeir yazardım,
Bəyaz gecələrin qaranlığında.

Paris olsaydı bura,
Sənə yazıb oxumadığım şeirlərdən
Qayıq düzəldib,
Üzdürərdim Sena çayında,
Və Eyfeldən hayqırardım səni sevdiyimi.

Bura Bakıdır, gözəlim,
Küləyi sərt,
Adamları dərdli şəhərdə
Yas evində toy xəbəri vermək kimidi
Boz küçələrin bağrında əlvan gülüşmələrimiz
Axı biz necə öyrənmişdik analarımızdan?
Küçədə nəsə yemək olmaz
Kiminsə nəfsi qalar
Bu küçələrdə xoşbəxt olmaq da olmaz
Axı olanı var,
Olmayanı var...


Bakı və qış günləri

1
Gödəkçəsinin döşündə
Soyuqdan gizlətdiyi pişiyə
Yem verən adamın
Ciyərlərinə dolurdu Xəzri
Hər dəfə ağzını açıb
"Göyərti" qışqıranda

2
İki ovuc qar düşər yerə
İki dəstə uşaq
Qarışqa misalı tutuşar qar topuna
Bakıda xoşbəxtlik
İki ovuc qarla da tapıla bilir.

Chosen
12
2
kulis.az

3Sources