“Qarabağ”ın sabiq kapitanı Aslan Kərimovun matc.az saytına müsahibəsi - "Qarabağ" Avropa Liqasının Liqa mərhələsindəki ilk oyununu bu gün səfərdə "Tottenhem"ə qarşı keçirəcək. Bu görüşdən hansı nəticəni gözləyirsiniz? - Oyundan gözləntilərim pozitivdi. “Tottenhem”in aşkar üstünlüyü şəraitində keçəcək görüşə oxşamır. Təbii ki, “Qarabağ” İngiltərə Premyer Liqasında çıxış edən, çox güclü rəqibə qarşı oynayacaq. Bu oyunda yüksək intensivlik olacaq. “Tottenhem” öndə güclü pressinq tətbiq edən komandadı. Bu isə istər-istəməz “Qarabağ”ın yuxarı tempdə oyun keçirməsinə səbəb olacaq. Maraqlı görüş izləyəcəyik. - "Qarabağ" illər öncə "Tottenhem"lə qarşılaşıb və hər iki görüşdə uduzub. Həmin vaxtla müqayisədə hansı komanda güclənib, hansı zəifləyib? - Dövrlər bir-birindən fərqlənir. Hansı komandanın nə vaxt daha güclü olduğunu müəyyən etmək çox çətindi. Həmin “Tottenhem” fərqli üslubda oynayırdı. Tək fərq kimi hazırkı “Tottenhem”in öndə pressinq etməsini deyərdim. Pressinq zamanı mərkəz müdafiəçilərini də mərkəz xəttinin həndəvərinədək çıxardırlar. Bunun üstün və zəif tərəfləri var. Əvvəlki “Qarabağ”la hazırkı “Qarabağ”ı da müqayisə etmək çətindi. Onu deyə bilərəm ki, yaxın keçmişdə “Qarabağ”ın yarımmüdafiə xəttinin mərkəzi çox güclü idi və sivri ucda oynayan futbolçuların hesabına güclü rəqiblərlə matçlarda sürətli əks-hücum qura bilirdilər. İndi bir az başqa üslubda oynayırlar. Hazırkı “Qarabağ”ın cinah oyunçuları daha təhlükəlidi. Bundan əlavə, komandanın hücumçusu Juninyo kifayət qədər sürətlidi. Əminəm ki, “Qarabağ” bu cür oyun göstərən rəqibə qarşı hazırlaşarkən əks-hücumların üzərində işləyib. Bu, “Qarabağ”a uğur gətirə bilər. Dediyim kimi, “Tottenhem” irəlidə riskli şəkildə pressinq edir. “Qarabağ”ın futbolçuları rəqibin pressinqi zamanı arxa xətdə topu itirməməlidilər. Əks halda, qapımız qarşısında real təhlükələr yarana bilər. Bugünkü oyundan böyük hesab gözləmirəm. “Qarabağ”ın Londonda qol şanslarının olacağına əminəm. - Bu mövsümdən həm Çempionlar Liqası, həm də Avropa Liqasında yeni format tətbiq olunur. Qrup mərhələsinin Liqa mərhələsi ilə əvəzlənməsini necə qarşıladınız? - Bəzi komandalar üçün hazırkı format əlverişli şərait yaradır. Bəziləri üçün isə daxili çempionatda oyun sayının həddən artıq olmasına gətirib çıxarır. Yeni formatda komandalar üçün vacib olan açar nöqtələr ondan ibarətdi ki, artıq vurulan və buraxılan hər bir top önəm kəsb edəcək. 36 komandalı turnir cədvəlində bir çox komanda ilə eyni xal toplamaq ehtimalın yüksəkdi. Bu halda isə vurulan və buraxılan qollara baxılacaq. Vurulan və buraxılan qolların sayı da eyni olduqda isə sarı və qırmızı vərəqələr rol oynaya bilər. Bu isə o deməkdi ki, məğlub olduğun oyunda belə, vurduğun bir qol işinə yaraya, səni digər komandalardan önə çıxara bilər. Buna görə də bütün komandalar 90 dəqiqə ərzində yüz faiz konsentrasiya ilə çıxış etməyə məcburdular. - "Qarabağ" "Tottenhem"dən əlavə daha 7 rəqiblə üz-üzə gələcək. Ağdam klubunun liqa mərhələsindəki şanslarını necə dəyərləndirirsiniz? - Avropa Liqasının Liqa mərhələsində zəif komanda yoxdu. Amma “Qarabağ”ın “Tottenhem” və “Ayaks”la müqayisədə digər komandalardan xal almaq ehtimalı daha yüksəkdi. Qrupda TOP komandalar və ortabablar var. Ortabab deyəndə “Qarabağ” səviyyəsində, “Qarabağ”a uyğun komandaları nəzərdə tuturam. Ən azından 4 komanda var ki, onlara istənilən meydançada qalib gələ bilərik. “Malmö”, “Bodo/Qlimt”, “Styaua” və “Elfsborq”la görüşlərdə “Qarabağ”ın domimant futbol oynamaq şansı daha yüksəkdi. Bunları nəzərə alsaq, ən azından pley-off mərhələsinə düşmək şansımız çoxdu. Bu o demək deyil ki, biz “Ayaks” və ya “Lion”la oyunda mütləq uduzacağıq. “Ayaks”a da qalib gələ bilərik. Birincisi, onlarla evdə oynayacağıq, yəni “Ayaks” uzun yol qət edib Azərbaycana gələcək. Bundan əlavə, “Ayaks”ın Niderland birinciliyində işi o qədər də yaxşı getmir, bəzi oyunçuları zədəlidi və komanda hazırda keçid dövrünü yaşayır. “Tottenhem”i əks-hücumda yaxalayıb xal, qələbə qazanmaq olar. “Lion” isə mənim üçün “bağlı qutu”du. “Qarabağ” özünə bab rəqiblərlə oyunlarda 8-9 xal toplaya bilsə, məsələni həll edəcək. Komandamızın pley-offa vəsiqə qazanacağına əminəm.