EN

44 günlük savaş: Düşmən nə qədər texnika itirib?

Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən və Azərbaycan xalqının zəfər salnaməsinə çevrilən Vətən müharibəsinin başlanmasının bu gün 4-cü ili tamam olur. 

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq "Dəmir Yumruq" əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə cəmi 44 günə 30 ilə yaxın davam edən işğala son qoydu.

Məhz İkinci Qarabağ müharibəsi nəinki Azərbaycanın, eləcə də, dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Nəticədə bütün dünya Azərbaycanın hərbi gücünə bələd oldu.

Xatırladaq ki, Ermənistan Respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu düşmənin təkcə canlı deyil, hərbi texnikasını da məhv edib. Məhz İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ermənistanın məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.

"Cebheinfo.az" xəbər verir ki, 44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd “S-300” və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 “Su-25” hücum təyyarəsi, 50 “Tor-M2KM”, “Osa”, “Kub” və “Kruq” zenit-raket kompleksindən məhrum olub.

Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd “Qrad”, 4 ədəd “Smerç”, 2 “Uraqan”, 1 “Tos” odsaçan, 1 ədəd “Yars” və “Toçka-U”, ballistik raketlər, eləcə də “Elbrus” raket kompleksləri də məhv edilib.

Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah-sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub.

Sıradan çıxarılan hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur.

Belə silahlara örnək olaraq, dəyəri yüz milyon dollarla ölçülən “S-300” sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, “Elbrus” raket kompleksləri xüsusi qeyd olunmalıdır.

2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları kimi təsdiq olunub. 

Chosen
30
cebheinfo.az

1Sources