EN

Bakı İqlim Fəaliyyəti Həftəsi başlayıb - YENİLƏNİB

Sentyabrın 30-da ilk Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov çıxış edib. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) sədri Cim Skinin və Almaniyanın Bonn şəhərinin meri Katya Dyornerin videomüraciəti dinlənilib.

Tədbir panel sessiyalarla davam edib, müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında “Azərbaycanda yaşıl binaların inkişaf konsepsiyasına dair yol xəritəsinin hazırlanması üçün əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Dövlət Komitəsinin sədri Anar Quliyev və Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova imzalayıblar.

Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.

BMT Baş Assambleyasının 79-cu sessiyasından və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.

Tədbir hazırda aktual olan iqlim probleminə qabaqlayıcı yanaşmanı ehtiva edir.

Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 ərəfəsində Azərbaycanın regional liderliyini nümayiş etdirir və milli “yaşıl” keçid təşəbbüslərində aparıcı rol oynamaq öhdəliyini vurğulayır. Həmin toplantı yerli və regional kontekstlərə əsaslanan “yaşıl” keçidlə bağlı müzakirələrin təşviqi üçün mühüm dönüş nöqtəsi olacaq. Bundan əlavə, Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın keçid dövrünü dəstəkləməyə çalışacaq.

Bakı İqlim Fəaliyyəti Həftəsi əsas diqqəti yerli, milli və beynəlxalq həmkarlarla tərəfdaşlıq çərçivəsində təqdim olunan mühüm mövzulara yönəldəcək. Builki tədbirin əsas mövzuları “Enerji keçidi”, “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi”, “Qida və kənd təsərrüfatı”, “Kiçik və Orta biznes müəssisələri” və “Yaşıl bacarıqlar”dır. Həftənin birinci yarısında (sentyabrın 30-dan oktyabrın 2-dək) dövlət qurumları, elmi dairələr və özəl sektor nümayəndələrinin iştirakı ilə iqlim həlləri nümayiş etdiriləcək və yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək.

Həftənin ikinci yarısında (oktyabrın 3-4-də) Bakının zəngin mədəni irsinə müraciət etməklə ölkənin keçid prosesi ilə yaxından tanış olmaq üçün elm, təhsil, incəsənət və mədəniyyət töhfələrinə diqqət yetiriləcək və gəzinti, müzakirə, eləcə də sərgilər kimi maraqlı tədbirlər keçiriləcək. Bundan əlavə, həftənin ikinci yarısı əsas öhdəliklərin hazırlanması və imzalanması, eləcə də iqlim fəaliyyəti və əməkdaşlıqla bağlı öhdəliklərin daha da gücləndirilməsi üçün platforma rolunu oynayacaq. Bakı İqlim Fəaliyyəti Həftəsi həm də ümummilli iqlim dialoqunun başlanğıcı olacaq və tədricən rəsmi qurumları və vətəndaş cəmiyyətini səfərbər etməyə çalışacaq. Həftə ərzində şəhərin bir sıra məkanlarında həm ictimai, həm də fərdi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rəsmi proqramın əsas məkanlarına Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, ADA Universiteti və digər yerlər daxildir.

Chosen
38
4
sia.az

4Sources